"Dağlıq Qarabağda müharibə təhlükəsi həmişə aktualdır" - Elçin Şıxlı





"Dağlıq Qarabağda müharibə təhlükəsi Tramp və Putin arasındakı münasibətlərdən asılıdır”.

Bunu Sherg.az-a ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatın yaratdığı müharibə ehtimalından danışarkən "Ayna-zerkalo" qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı söyləyib. 

O bildirib ki, problem həll olunmayınca, müharibənin yenidən alovlanması həmişə gündəmdə qalacaq:

"Düşünmürəm ki, uzunmüddətli müharibə etmək fayda verər. Dəqiq fikir söyləmək çətindir ki, münaqişənin həllində ABŞ Rusiya münasibətlərinin yaxşılığa doğru inkişaf etməsi necə təsir edər, pisləşsə nə nəticə verə bilər. Hər halda Qafqaz uğrunda Qərblə rəsmi Moskva arasında mübarizə həmişə gedəcək. Çünki konflikt Suriya məsələsindən Qafqaza gəlib çıxacaq. Yəni burada iki qüvvə nüfuzlarını qorumaq üçün bir-biri ilə mübarizə aparır. Ermənistan Rusiyanın dediyi ilə çox oturub durduğuna görə, aranı qızışdırmaq lazım gəldikdə ruslar ermənilərə komandasını verib, onların əli ilə Azərbaycanı əsəbləşdirəcək”.

E. Şıxlının sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahonun Azərbaycana səfərindən sonra Rusiya nümayəndəsinin də ölkəmizə gəlməsi yeni məsələlərin ortaya qoyulduğundan xəbər verir:

"Yəqin ki, Rusiya yenə köhnə silahlarını sırımaq istəyib, rəsmi Bakı razı olmayıb. İndi ona görə, cəbhədə gərginlik yaradıb, bizi sıxışdırmaq istəyirlər. Ümumiyyətlə, bu barədə bir çox versiyalar irəli sürülür. Ermənistanda daxili gərginlik olan kimi kənarda düşmən axtarırlar, milli heysiyyata toxunmaq üçün aranı qızışdırırlar ki, daxili problemlərdən insanların fikrini yayındırsınlar. Son zamanlar alınan informasiyalar Ermənistan təzədən müharibə etməyəcəyinə işarə edir. Məsələn, ermənilər Kəlbəcərdə su elektrik stansiyası tikirlər. Hər halda işğalçı dövlət ora bu qədər investisiya, kapital yatırırsa, öz pullarını müharibə təhlükəsi qarşısında qoymaz”.

Qeyd edək ki, son zamanlar erməni silahlı bölmələri mövqelərimizi davamlı olaraq iri çaplı silahlardan atəşə tutur. Separatçı ölkənin bu təxribatı isə cəmiyyətdə müharibə ehtimalı yaradıb.

Aysel Aslan