Dağlıq Qarabağın “Artsax Respublikası” adlandırılması cəhdinə deputatdan reaksiya...

Elman Məmmədov: “Son sözü Azərbaycan əsgəri deyəcək və ərazilərimiz işğaldan azad ediləcək”



Ermənilər ərazilərimizdə nə qələt istəsələr edəcəklər. Çünki həmin torpaqlarda Azərbaycan qanunları işləmir. 

Bu sözləri Sherg.az-a işğalçıların "Dağlıq Qarabağ Respublikası” nı "Artsax Respublikası” adlandırma istəklərinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov söyləyib. 

Deputatın sözlərinə görə, onların ərazilərimizdə hara nə ad vermələrinə və görəcəkləri işlərə müdaxilə edə bilmirik: 

"Öz ərazilərimizdə öz qanunlarımız işləmir. Hələ ki onlar nə istəyirlər edəcəklər. O vaxta qədər ki, son sözü Azərbaycan əsgəri deyəcək və ərazilərimiz işğaldan azad ediləcək. Sərhədlərimiz və ərazi bütövlüyümüz təmin olunacaq. Onda Qulyan və Sərkisyan etdikləri əməllərə görə cavab verməli olacaqlar. Bəyanat verməklə heç nəyə nail ola bilmirik. Konkret məslə belədir ki, ərazi bizimdir, heç kim də o torpağı düşməndən alıb bizə verəsi deyil. Ərazilərimizi özümüz azad etməliyik. Düşməni də axırıncı nəfərinə kimi ərazilərimizdən çıxarmalıyıq. Sonra da hara nə ad veriləcək bunu Azərbaycan qanunları ilə müəyyənləşdirəcəyik. Amma hələ ki bu işlərdə acizik".

Qeyd edək ki, separatçılar Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma "Dağlıq Qarabağ Respublikası” yeni referendum keçirməyi planlaşdırır.  Yeni dəyişikliklərdən sonra qondarma rejimin adı "Dağlıq Qarabağ Respublikası” deyil, "Artsax Respublikası” adlandırılacaq. Bu barədə yerli "spiker” Aşot Qulyan məlumat verib.

Ayyət Əhməd