"Daha abituriyentin bu əmələ əl atması mümkün deyil”






"Vaxtilə kütləvi şəkildə abituriyentlərin əvəzinə başqaları qəbul imtahanlarına girir, imtahan verirdilər”.

Bunu "Sherg.az”a qəbul imtahanlarında 8 nəfərin başqa abituriyentlərin əvəzinə imtahan verməyə cəhd etməsindən danışarkən tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O diqqətə çatdırıb ki, artıq bu situasiya aradan qalxıb:

"Əvvəllər hətta saxta pasportlar hazırlayır, üzərinə öz şəklini vuraraq, başqasının əvəzinə imtahana girirdilər. Bu kütləvi hal almış durum idi. Artıq 1997-1998-ci illərdə bu cür addım atanları aşkarlayıb, məsuliyyətə cəlb etdilər. Ondan sonra həmin "ənənə” sıradan çıxarıldı.

 Ola bilər, bir neçə şagird pərakəndə formada belə əməllərə cəhd etsin. Amma bütün bunların qarşısı Dövlət İmtahan Mərkəzinin yoxlama həyata keçirən şəxsləri tərəfindən alınır. Ona görə, heç bir abituriyentin bu əmələ yol verməsi mümkün deyil”.

Qeyd edək ki, iyulun 18-də ali məktəblərin I və IV ixtisas qruplarına keçirilən qəbul imtahanında 8 nəfər başqasının əvəzinə imtahana girməyə cəhd edib. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, öz yerinə başqasını göndərən şəxslər yaz imtahanında iştirak ediblərsə, o nəticələri də ləğv olunacaq. Qaydalara görə, hər hansı bir qəbul imtahanında qaydaları pozan abituriyentlər müsabiqəyə buraxılmır.

Aysel Aslan