"Davos Forumu Azərbaycana öz potensialını sərgiləmək üçün şərait yaradır" - Ekspert




"Davos Forumu Azərbaycana investorların cəlb edilməsi baxımından əhəmiyyətlidir”.

Bunu Sherg.az-a Davos Forumunun Azərbaycan üçün əhəmiyyətindən danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, forumda prezident İlham Əliyevin rəhbərliyi ilə rəsmi nümayəndə heyətinin iştirakı Azərbaycanın bu tədbirə yüksək önəm verməsinin göstəricisidir:

"Davos Forumu əhəmiyyətinə və iştirakçılarının sayının çoxluğuna görə dünyanın ən nəhəng iqtisadi forum kimi qiymətləndirilir. Nəzərə alsaq ki, yeganə qlobal, iqtisadi tədbir olaraq dünyanın xeyli sayda dövlət və hökumət başçılarını bir araya gətirə bilir. Eyni zamanda bu forum rəsmi şəxslərlə bərabər iş adamlarının, aparıcı media nümayəndələrinin də bir araya gəlməsinə şərait yaradır. Davos Forumu birmənalı şəkildə qlobal arenada ciddi tribunadır. Onun ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, aparıcı şirkətlərin rəhbərləri, iş adamlarının iştirakı Azərbaycanın öz potensialını sərgiləməyinə, xarici investorların ölkəmizə investisiya qoyuluşu üçün dəvət etməsinə zəmin yaradır. 

Forumda birbaşa ölkə prezidenti iştirak etdiyi üçün xarici şirkətlərin cəlb edilməsi daha yüksək şəkildə təmin edilir. Həmçinin Azərbaycanın bir neçə regional layihələrin reallaşmasında iştirak etməsi xüsusi müzakirələri artırır. Xarici ölkələr və aparıcı qurumlarla layihələr haqqında danışıqlar aparılması imkan verir ki, bunlarla bağlı mövcud çətinliklərin aradan qaldırılması asanlaşsın. Forum çərçivəsində prezidentimiz çoxtərəfli görüşlərdə iştirak edir, aparıcı media qurumlarının nümayəndələri ilə görüşür. Onların məlumatlandırılmasının xüsusilə ölkənin birinci şəxsi tərəfindən aparılması etibarlılığı və dəqiqliyi ilə seçilir”.

Qeyd edək ki, ötən gün İsveçrənin Davos qəsəbəsində ənənəvi Ümumdünya İqtisadi Forumu başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi forum sayca 49-cudur.

Aysel Aslan