Deputat Azərbaycan kinosunun inkişafına ayrılan vəsaitin artırılmasını istədi




"Azərbaycan kinosunun inkişafı ilə bağlı 2019-cu ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,5 milyon manat vəsait ayrılıb". 

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisdə 5 komitənin büdcə ilə bağlı birgə keçirdiyi iclasda millət vəkili, xalq yazıçısı Elmira Axundova bildirib. Onun sözlərinə görə, "kinomuzun inkişafı" sözü acı təəssüf doğurur. Çünki bu vəsaitlə Azərbaycanda cəmi bir dənə ortabab səviyyəli bədii film çəkmək olar: 

"Kino mütəxəssisləri mənə bildiriblər ki, hazırda Gürcüstanda kino industriyasının inkişafına qat-qat artıq vəsait ayrılır. Bunun nəticəsidir ki, 27 il Müstəqillik dövründə bizdə tarixi, hərbi və digər ümummilli mövzulara aid sadəcə bir-iki dəyərli filmlər ərsəyə gəlib. Bunun əvəzində teleməkan və kino ekranları şit, mənasız və xəcalət verən kino və seriallar zəbt edib. Nəzərə alsaq ki, növbəti ilin büdcə gəlirləri 1 milyard 600 milyon manat artırılır, bu halda Azərbaycan kinosunun inkişafına daha 1 milyon manat ayırmaq elə də çətin olmamalıdır. Mən mədəniyyət komitəsinin üzvü kimi Sizdən artıq dərəcədə xahiş edirəm ki, bunu nəzərə alasınız".

Ayyət Əhməd