Deputat Dorenkoya haqq qazandırdı: "Paşinyan Ermənistanı dalana dirəyib" - Sonu başlayır

Ermənistanın siyasətçiləri anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün destruktiv mövqedən geri çəkilərək Azərbaycanla konstruktiv danışıqlara başlamalıdırlar"



Məşhur rusiyalı jurnalist, "Qovorit Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında gərgin mükalimə davam edir. Ermənistanın səfirliyi jurnalisti ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan haqqında "heç bir əxlaq çərçivəsinə sığmayan” ifadələr işlətməkdə ittiham edib və S.Dorenkonun "Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib” sözlərini bütün erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Səfirlik, həmçinin jurnalistin Paşinyanı cinsi azlıqların Yerevanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsini də "erməni liderin imicinə vurulan ciddi zərbə” kimi qiymətləndirib. S.Dorenko səfirliyin bəyanatına cavabında bildirib ki, onun erməni xalqını təhqir etmək niyyəti olmayıb və söz azadlığı çərçivəsində N.Paşinyan haqqında düşüncələrini dilə gətirib.

Tanınmış rusiyalı jurnalistin Paşinyanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Rüfət Quliyev "Sherg.az"a söyləyib ki, Nikol Paşinyan haqında söylənən bu neqativ fikirlər nə ilkdir, nə də son:

"Ümumiyyətlə, son 4-5 ay ərzində rusiyalı siyasətçilər N.Paşinyanın addımları ilə bağlı neqativ fikirlər səsləndirir, pessimist proqnozlar verirlər. N.Paşinyan hər kəsə Ermənistanı müstəqil, demokratik şəkildə idarə etdiyini və həz zaman Rusiyanın yanında olduğunu göstərməyə çalışır. Lakin atılan addımlardan, verilən bəyanatlardan görünür ki, Ermənistan Rusiyanın yox, Qərbin yanında olmaq istəyir. N.Paşinyan öz məqsədləri üçün Qərb ölkələrindən kömək gözləyir. Hesab edirəm ki, hazırda Ermənistan iki yolun arasındadır və onlardan heç birini seçə bilmir. 

Onların iqtisadi tərəfdən Rusiyadan asılılığı var. Və bir çox sahəllərdə separatçı ölkə şimal qonşumuzdan dəstək alıb. Lakin indiki şəraitdə N.Paşinyanın siyasəti Qərb ölkələrində yaşayan erməni lobbiçilərindən yardım gözləməkdən ibarətdir. Amma iki stulda oturmaq mümkün deyil. Yəni işğalçı ölkənin iki tərəfli siyasəti heç vaxt yaxşı nəticə verməyəcək. 

Hazırda Rusiyanın yüksək səviyyəli siyasi nümayəndələri arasında belə bir fikir formalaşıb ki, N.Paşinyan bir çox məsələlərin həyata keçməsində qərb siyasətçilərinə daha çox şərait yaradaraq onların köməyindən istifadə etməyə çalışır. Son 20 ildə Ermənistan Rusiya və Qərb ölkələrinin maddi imkanlarından yararlanmaq istəyib. Lakin bu, baş tutmur və tutmayacaq da. Çünki artıq Qərb ölkələri Ermənistanın siyasətindən bezib. 25 ildir ki, Ermənistana iqtisadi və siyasi məsələlərdə kömək edirlər. Lakin görürlər ki, onların problemləri həll olunmur. Onların düşdükləri vəziyyətin yanız bir çıxış yolu var. Gərək onunla da Ermənistan xalqı razılaşsın".

Parlamentarinin qənaətincə, Ermənistanın siyasətçiləri anlayırlar ki, öz ölkələrinin işğalçı siyasəti onları inkişafdan saxlayır. Buna görə də Dağlıq Qarabağın müqəddəratının həll olunması üçün destruktiv mövqedən geri çəkilərək Azərbaycanla konstruktiv danışıqlara başlamalıdırlar:

"Lakin ermənilərdə bu addımı atmağa siyasi iradə yoxdur. Amma xalq iqtisadi çətinlik, korrupsiya faktları və siyasi hərc-mərclikdən bezib. Və onlar bütün bunların Azərbaycanla əlaqələrinin pis olmasından qaynaqlandığını bilirlər. Həmçinin beynəlxalq aləmdə separatçı ölkənin mövqeyi onu göstərir ki, artıq cOnlar görürlər ki, Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən inkişaf edib, gündən-günə güclənir. Öləkimizin beynəlxalq aləmdə nüfüzunun artdığını, müttəfiqlərinin çoxaldığını aydın şəkildə görürlər. Son vaxtlar Belarus, Türkmənistan, Qazaxıstanla Azərbaycanın əlaqələri, münasibətləri onu göstərir ki, heç bir ölkənin Ermənistana inamı qalmayıb. Rusiyanın siyasi nümayəndələri müşahidə edir ki, Azərbaycan öz yolu ilə gedərək inkişaf edir. Və regionda söz sahibinə çevrilir. Ermənistan isə irəliləyə bilmir. Onlar hesab edirlər ki, Ermənistan heç bir şərtsiz Azərbaycanla danışıqlar masanına oturmalıdır. Başqa da çıxış yolları qalmayıb. Bu mənada hesab edirəm ki, rusiyalı jurnalist iddialarında tamamilə haqlıdır" .

Kənan Eynuroğlu