Deputat etiraz etdi: "İşdən çıxarılan məmurların hüquqlarını qorumalıyıq"



Millət vəkili Fazil Mustafa "Məmurların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinin hazırlanmasını istəyir. Sherg.az-ın xəbərinə görə, bu barədə deputat parlamentin payız sessiyasının ilk iclasında deyib. O bildirib ki, ölkədə tez-tez kadr dəyişiklikləri olur: 

"Son zamanlar ölkə prezidenti tərəfindən gənc kadrların vəzifəyə təyin olunması ənənəsi qoyulub. Tez-tez mətbuatda nazirliklərin mətbuat xidmətinin məlumatı ilə tanış olan zaman görülür ki, 5 nəfər işdən çıxarıldı, filankəs filan vəzifəyə təyin olundu və s. Biz bu kimi hallara görə, məmurların hüquqlarını müdafiə edən qanun hazırlamalıyıq. Məmurların əksəriyyəti qanunlarla işləmək istəyən dürüst insanlardır. Ancaq rəhbər şəxs vəzifəsinə təyin olunan bir şəxs həmin yerdə dəyişiklik edir. Həmin məmurları işdən çıxarır. Bu isə yolverilməzdir axı". 

Millət vəkili vurğulayıb ki, bir peşəkar məmurun hazırlanmasına 10-15 il vaxt sərf olunur: 

"Bəlkə cənab prezident rəhbər təyin etdiyi şəxslər qarşısında belə bir tapşırıq qoysun ki, 6 ay ərzində heç kimə toxunmasınlar. Hesab edirəm ki, məmurun qorunması müxanizmi vacibdir”.

Anar