Deputat lombardların fəaliyyətindən gileylənir: "...şikayətlər olunur"

"Lombardlarda nəzarət mexanizminin olmaması bəzi arzuolunmaz hallara yol açır”
Bu sözləri "Sherg.az”a lombardlarda baş verən aldatma hallarından danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirib.
Onun qənaətincə, lonbardların sayı gündən günə artmaqdadır:
"Onların sayı çoxaldıqca bu sitemlə bağlı baş verən neqativ hallar da artır. Bununla bağlı bizə də şikayətlər olunur. Lombardda insanları aldatma halları tez-tez yaşanır. İstər qiymət qoymada olsun, istərsə də digər şərtlərin yerinə yetrilməsində. Camaat maddi ehtiyaca görə, lombardlara qiymətli əşyalar qoyur, lombardlar isə işə qeyri-ciddi yanaşırlar. 
Əşyaları düzgün qiymətləndirmirlər. Normalda olan qiymətdən çox aşağı təklif edirlər. Bu hal da insanların haqlı etirazına səbəb olur. Lombardlar qeyri-qanuni fəaliyyət göstərmirlər. Amma onların üzərində heç bir nəzarət mexanizimi yoxdur. Hesab edirəm ki, lombardlar üçün müəyyən nəzarət mexanizmi düşünülməlidir.
 Həmin mexanizm müfəssəl şəkildə işlənib hazırlanmalıdır. Bu mexanizm yaradılsa, lombardlarda insanları aldatma halları olmayacaq. Ora qoyulan əşyaların qiymətləndirilməsi düzgün şəkildə aparılacaq. Lombardların sayı artdığı üçün nəzarət mexanizminin tətbiqi zərurətə çevrilib".
Qeyd edək ki, Banklarla problemləri yoluna düşməmiş vətəndaşlarımızın lombardlarla da çətinlikləri dərinləşməkdədir. Vətəndaşları "borc bataqlığına” sürükləyən lombardların fəaliyyətinə dövlət qurumları sözün həqiqi mənasında "yaşıl işıq” yandırıblar və onların fəaliyyətinə ciddi nəzarət olunmur. Nəzarətdən kənarda qalan əksər lombard sahibi isə ciddi pozuntu və özbaşınalıqlara yol verir. Bu arzuolunmaz hal isə insanlarda etiraz doğurur.
Kənan Eynuroğlu