"Artım ezamiyyət xərcləri üçün dövlət büdcəsindən Milli Məclisə ayrılan büdcə hesabına baş tutub"
Bir neçə gündür yeni ildən millət vəkillərinin maaşlarının artırıldığına dair yayılan xəbərlər medianın və sosial şəbəkələrin gündəminə çevrilib. Məlumata görə, deputatların maaşı 2 dəfə qaldırılıb.
Milli Məclis yazılanları təkzib edib. Məsələyə aydınlıq gətirən deputatlar isə deyib ki, deputatların ezamiyyət xərcləri artırılıb, maaşların 5000 manata yüksəldilməsi barədə yazılanlar əsassız xəbərdir. Üstəlik, millət vəkilləri ezamiyyət xərclərinin aldıqları əmək haqlarının 100 faizinə qədər artırılmasını da təkzib edib.
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev yeni ildən deputatlara ezamiyyət xərclərinin verildiyini təsdiqləyib.
Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub: "Misal üçün, deputatlar rayonlara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözügedən məsələlərə görə vəsait ayrılır”.
Məsələ ilə bağlı deputat Fazil Mustafa bildirib ki, sıravi deputatın maaşının 5196 manat olması ilə bağlı xəbər düzgün deyil:
"Sadəcə müavinətlər artırıla bilər. Ancaq bu da 5000 manat səviyyəsində deyil”.
Millət vəkili Tahir Kərimlinin "Şərq”ə açıqlamasına görə, deputatların maaşlarının artırılmasından söhbət getmir. Söhbət deputatların xarici və daxili səfərləri zamanı onlara ödəniləcək xərclərin artımından gedir. Millət vəkili bunun üçün 2019-cu il büdcəsindən vəsaitin ayrıldığını vurğulayıb:
"Dəfələrlə demişəm ki, deputatların maaşını artırmağa ehtiyac yoxdur. Bu artımın əleyhinəyəm. İnanın ki, mən maaşımı alanda onun müəyyən hissəsini daha çox ehtiyacı olan adamlara verirəm ki, bu qədər pul mənə çoxdur.
Mən ancaq millət vəkillərinin deputatlıq fəaliyyətlərini həyata keçirmələri üçün onlara verilən müavinətlərin artırılmasını məqbul hesab edirəm. Fikrimcə də artım barədə yayılan söz-söhbətlər bununla bağlıdır. Vallah maaş artımı ilə bağlı bizə heç nə deyilməyib.
Mövcud artım ezamiyyət xərcləri üçün dövlət büdcəsindən Milli Məclisə ayrılan büdcə hesabına baş tutub. Konkret məbləğ barədə məlumatlı deyiləm, amma onu bilirəm ki, bu artım sosial şəbəkələrdə yazılan həddə yüksək deyil. Üstəlik də bu, əməkhaqqı və ya gələcəkdə pensiyaların üzərinə hesablanacaq bir məbləğ deyil”.
Şəymən