Deputat xanımdan təklif: "Güzəştli ipoteka çoxuşaqlı ailələrə də şamil edilsin"

Milli Məclisin iclasında büdcə müzakirələri zamanı deputatlar təkliflər səsləndiriblər. 
Sherg.az-ın xəbərinə görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır. Xanım millət vəkili gələn ilin büdcəsində 3 yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını istəyib: 
"Bununla yanaşı hesab edirəm ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir". 
Deputat təmsil etdiyi rayona da diqqət tələb edib: "Azərbaycanda turizm inkişaf edir. Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir. Bu il rayona gələn turistlərin sayında artm oldu. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın. Turizmi daha da inkişaf etdirmək üçün bunları həll etmək vacibdir”.
Anar