Deputat yalan danışır

Nə oldu, elə ancaq Ukraynada təhsil alan tələbələr ipə-sapa yatmazlıq etdilər?
Avakovun azərbaycanlılara qarşı qərəzli münasibətini görməmək mümkün deyil



Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev bir müddət əvvəl Azərbaycan mətbuatında Ukraynada azərbaycanlıların girov götürülməsi və ya itkin düşməsi barədə yer alan məlumatları şərh edib. Ukraynada yaşayan azərbaycanlılarla bağlı hər dəqiqə doğru oldu-olmadı xəbərlər yayıldığını vurğulayan millət vəkili oktyabrın əvvəllərində məlum məsələlərlə əlaqədar, Ukraynada olduğunu deyib.

Ukrayna parlamentlərarası qrupun rəhbəri ilə görüşən R.Quliyev ukraynalı deputatlar və Ukraynadakı səfirimizin iştirakı ilə keçirilən görüşdə məlum məsələni müzakirəyə çıxardıqlarını deyib. Ukrayna Ali Radasında azərbaycanlıların məsələsi 2 dəfə tribunadan səslənib. Ukraynalı deputatların çıxışında, "Ukraynada azərbaycanlılara qarşı heç bir şey olmayıb” deyilib:

"Daha sonra Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşı ilə danışdıq. Bəlli oldu ki, artıq kriminogen vəziyyət dəyişib. Düzdür, azərbaycanlıların arasında iqtisadi problemlər olur. Sonra da bunu kriminal yolla həll etməyə başlayırlar. İki azərbaycanlının arasında yaranan çəkişmə Ukrayna hüquq-mühafizə orqanlarının işə qarışması ilə davam edir. Bu zaman uduzan tərəf bizimkilər olur. Diaspor nümayəndələri ilə də görüşdə bu məsələni bir daha qaldırdıq. Bəzi faktlar var ki, onu rəsmi şəkildə də bildirmişəm. Ukraynaya göndərilən səfirimiz bütün məsələləri artıq yoluna qoyub. Səfirlə 3 dəfə görüşdük və hər görüşdə 2 saat söhbət etdik. Kim deyir ki, başqa millətlərə qarşı münasibət yaxşıdır, azərbaycanlılara qarşı pisdir - bu, yalandır”.

R.Quliyev Ukraynada ali təhsil alan tələbələrlə bağlı çox sərt mövqe nümayiş etdirib. Ukraynada çoxlu sayda tələbələrimizin təhsil aldığını vurğulayan millət vəkili deyib ki, bir qisim azərbaycanlı tələbə var ki, biabırçı formada asudə vaxtlarını keçirirlər: "Dərslərə getmirlər. Ona görə də Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla birgə müraciət hazırlayırıq. Hikmət Cavadov ali məktəblərlə əlaqə saxlayacaq.

Demək istəyirəm ki, övladları Ukraynada təhsil alan azərbaycanlı valideynlər Azərbaycanda rahat oturmasınlar. Daimi olaraq, Ukraynadakı ali məktəblərlə əlaqə saxlasınlar”.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev isə millət vəkilinin açıqlaması ilə razılaşmadığını deyib. Hətta analitik, ümumiyyətlə, bu cür məlumatların Azərbaycan mediasında yer almasının da doğru olmadığını deyib: 

"Dünyanın dörd bir yanında azərbaycanlı tələbələr təhsil alır. Nə oldu, elə ancaq Ukraynada təhsil alan tələbələr ipə- sapa yatmazlıq etdilər? Bizim xaricdə oxuyan tələbələrimizin 99 faizi ağıllı və istedadlı uşaqlardır. Avropa ölkələrində adətən imkanlı uşaqları oxuduqları üçün müəyyən mənada onların hərəkətlərində sərbəstlik ola bilər. Amma Ukrayna kimi ölkələrdə nisbətən kasıb təbəqədən olan ailələrin uşaqları təhsil alır. Onların isə oxumaqdan başlarını qaldırmağa vaxtları olmur, kriminogen aləmə necə qoşulsunlar?
Ukraynanın daxili işlər naziri, Bakı ermənisi Arsen Avakovun azərbaycanlılara qarşı qərəzli münasibətini görməmək mümkün deyil. Onun işi-gücü həmyerlilərimizi sıxışdırmaq və imiclərini korlamaqdan ibarətdir. Avakov Azərbaycanı vəhşi ölkə kimi təqdim etmək üçün heç bir fürsəti əldən vermir, bizim millət vəkili də ona haqq qazandırır. Şəxsən mənə görə, Ukraynada təhsil alan gənclərimizin asudə vaxtlarını biabırçı formada keçirmələri inandırıcı deyil. Ukraynada olduğum vaxtlarda oradakı gənclərimizlə, tələbələrimizlə söhbət eləmişəm, hamısı da Avakovun bizimkilərə qarşı münasibətindən gileylənib. Orada yaşayan qohumlarım da daxili işlər nazirinin azərbaycanlıları, xüsusən də Qarabağ bölgəsindən olan həmyerlilərimizi şantaj etdiyini deyirlər”.

Ukraynanın son illər ərzində yersiz-yiyəsiz bir ölkəyə çevrildiyini vurğulayan C.Nuriyevin sözlərinə görə, Prezident Petro Poroşenko ölkəni idarə edə bilmir. Hakimiyyətin millətçilərin əlində cəmləşməsindən yararlanan Avakov da azərbaycanlıları sıxışdırır: 

"Mən başa düşə bilmirəm ki, Rüfət Quliyev niyə bu cür yanaşma sərgiləyib. Ukraynada təhsil alan gənclərimizin içərisində yüksək potensiala sahib olanları çoxdur. Əksəriyyəti də bilavasitə təhsillə məşğuldurlar. Digər tərəfdən də onsuz da onların hər biri Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən daimi nəzarətdədir. Daxili İşlər Nazirliyindəki xüsusi idarə ancaq azərbaycanlı gəncləri izləməklə məşğuldur. Hesab edirəm ki, adıkeçən millət vəkili bütün günahı uşaqların üstünə atmaqdansa, Ukrayna parlamentində bu məsələni qaldırsın və azərbaycanlılara qarşı qərəzli münasibətin dərhal aradan qaldırılmasını tələb etsin”.

Şəymən