Deputatdan ağac və yaşıllıqların məhv edilməsinə ETİRAZ: "Ekoloji polis yaradılsın !

Elmira Axundova: " Lazımi nəzarət və xüsusi qurum olmasa, bu dəyişiklik kağız üzərində qala bilər"




" "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanununa təklif olunan əlavə və dəyişikliyi yüksək qiymətləndirirəm. Yaşıllıqların və meşələrin mühafizəsi sahəsində ölkəmizdə mütəmadi olaraq layihələr hazırlanır, ciddi işlər görülür. Meşə örtüyünün qorunması üçün ölkəmizdə meşələrin bərpa edilməsinə və artırılmasına dair «Milli Proqram» qəbul edilib.Bu problemlə bağlı görülən digər mühüm tədbirlərdən biri Prezident İlham Əliyevin 2010-cu ili «Ekologiya» ili elan etməsi olub. Bakı və ətraf ərazilərdə 3 milyon ağacın əkilməsi ekologiya ilində həyata keçirilən ən böyük layihələrdəndir. Bu ənənə hər il davam etdirilərək il ərzində Respublikamızda minlərlə ağac əkilir, böyük yaşıllıq zolaqları salınır".

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili, xalq yazıçısı Elmira Axundova bildirib.

Onun sözlərinə görə, bütün bu görülən işlərə baxmayaraq, biz hansısa yaşıllıqların məhv edilməsi və ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı demək olar ki, hər gün xəbərlər eşidirik: 

"Düzdü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və müvafiq orqanlar həmin faktlarla bağlı operativ olaraq hərəkətə keçir, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edərək, cəzalandırırlar.Lakin bu çox vaxt gecikmiş addım olur, çünki çoxillik ağaclar artıq məhv edilib.

Qanun layihəsindən də görünür ki, ölkəmizdə torpaqlardakı yaşıllıqların uçot və monitorinqi bu günə kimi zəif aparılırdı və bu da profilaktik işin olmaması ucbatından belə fəsadlara gətirib çıxarırdı. Təklif olunan dəyişiklikdə isə bunu nəzərə alaraq düzəliş edilməsini istəyirlər. Ona görə də, mən 20 və 21-ci məsələyə aid bu iki dəyişikliyi yüksək qiymətləndirirəm.Və bir daha da irəli sürdüyüm təklifi yada salmaq istərdim, bu da Respublikada Ekoloji polisin yaradılması məsələsidir. Həmin qurum ya Daxili İşlər nazirliyi, ya da Ekoloigiya Nazirliyi nəzdində fəaliyyət göstərə bilər. 

Əsas odur ki, bu qurum müntəzəm olaraq ekologiya və ətraf mühitin mühafizəsini təşkil edərək, yaşıllıqların məhv edilməsi, ətraf mühitin zibillənməsi və digər bu yöndə olan xoşagəlməz faktları vaxtında aşkar edib lazımı profilaktik və administrativ tədbirlər görəcəkdir. Lazımi nəzarət və xüsusi qurum olmasa, bu dəyişiklik kağız üzərində qala bilər".

Ayyət Əhməd