Deputatlar özlərini müdafiəyə qalxdı
"Elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur"
Ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Parlamentin vitse-spikeri, komitə sədri Bahar Muradova İnsan hüquqları komitəsinin fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, yaz sessiyasında Milli Məclisin İnsan hüquqları komitəsindən 506 məktub aidiyyəti qurumlara göndərilib: "Biz sənədlərin bir çoxunu aidiyyəti üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq”.
O, Milli Məclisin göndərdiyi sənədlərə baxılmaması ilə bağlı iddialara da münasibət bildirib: "Deyirlər, guya, Milli Məclisdən göndərilən sənədlər cavablandırılmır. Qətiyyən belə deyil. Biz hansı sənədə cavab istəyiriksə, ona uyğun da cavablar alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb”.
B.Muradova ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də ilk dəfə prezident seçildiyini xatırladaraq deyib ki, ulu öndər hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin edib: "Oktyabrın 3-də ümummilli lider Heydər Əliyev birbaşa seçki vasitəsilə Azərbaycan seçicilərinin 98 faizinin səsini, etimadını qazandı, rəsmən Azərbaycan prezidenti oldu”.
B.Muradova bildirib ki, ulu öndər Heydər Əliyev prezident seçilməklə Azərbaycan dövlətini inkişaf etdirmək və hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etmək üçün çox böyük bir vəzifəyə rəsmən başladı: "Həmin vaxtdan da Azərbaycanda böyük inkişaf, dirçəliş mərhələsi başladı. Bu, Azərbaycanın siyasi tarixində çox əlamətdar günlərdən biridir".
"Paşinyanın siyasi səriştəsi aşağı səviyyədədir”
"Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi. Paşinyanın baş nazir seçilməsi prosesini yada salsaq, söyləmək lazımdır ki, nə bugünkü parlamentin, nə hökumət orqanlarının, nə də Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında idi" – deyən B.Muradova qeyd edib ki, N.Paşinyanın baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə, daha da dərinləşdirib: "Bu da özünü ölkə daxilində gedən proseslərdə qabarıq şəkildə göstərir. Siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir. Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, revanş almaq istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək”.
Vitse-spiker əlavə edib ki, Azərbaycan Ermənistan tərəfdə Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindədir: "Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.
"İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil”
İclasda komitə sədri valideynləri Suriya və İraqda terrorçulara qoşulub, orada ölən uşaqlar məsələsinə də toxunub: "İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil. Bununla bağlı müxtəlif məlumatlar gəlir. Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanları qəbul edərkən konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir”. Vitse-spiker qeyd edib ki, bu məsələ o qədər asan və rahat iş deyil: "Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz öz imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.
Dilqəm və Şahbazın azad edilməsi məsələsində yenilik yoxdur
B.Muradova onu da bildirib ki, Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə hələ ki dəyişiklik yoxdur: "Beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir. Təəssüflər olsun ki, bununla bağlı hələ ki irəliləyiş yoxdur. Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüb. Onlar sessiyanın gündəliyində olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər". Vitse-spikerin sözlərinə görə, təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə, hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq və təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların da öz doğma yurdlarına qayıdışının təmin edilməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.
"Elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur”
Komitə üzvü, deputat H.Babaoğlu deyib ki, komitənin hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətinə ehtiyac var: "Statistika da göstərir ki, belə əməkdaşlığa ehtiyac var. Çünki daxil olan şikayətlər bunu bizə diktə edir".
H.Babaoğlu bildirib ki, komitə bu sahədə fəaliyyətini gücləndirə bilər: "Ona görə də təklif edirəm ki, fəaliyyət gündəliyimizə belə bir bənd əlavə olunsun: "Hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Penitensiar Xidmət və məhkəmə orqanları ilə insan hüquqları məsələlərində birgə fəaliyyətin həyata keçirilməsi”.
"Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər. Amma bu belə deyil. Məsələn, parlamentin bu gün İnsan hüquqları komitəsi hesabatını təqdim etdi. Özünüz də gördünüz ki, nə qədər iş görülüb".
Bunu isə deputat Yevda Abramov söyləyib. O qeyd edib ki, təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər: "Bəzən bunu jurnalistlər görmürlər. Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur. İşimiz bundan ibarət deyil. Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür”.
Y.Abramov vurğulayıb ki, jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar.
"Mən hələ bu vaxta qədər rastlaşmamışam ki, hansısa deputatın sözünü kimsə kəssin”
Komitə üzvü, millət vəkili Əflatun Amaşov Milli Məclisin fəaliyyətinin tam olaraq ölkə ictimaiyyətinə təqdim olunmamasından şikayətlənib. Həm də Mətbuat Şurasının sədri olan deputat bildirib ki, Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları kifayət qədər açıq və şəffaf keçirilir: "Mən hələ bu vaxta qədər rastlaşmamışam ki, hansısa deputatın sözünü kimsə kəssin. Milli Məclisdə istənilən millət vəkili istədiyi problemi qaldıra bilir və hamı dinləyir, rəhbərlikdən heç bir etirazla qarşılanmır və deputatın sözü kəsilmir. Bütün bunlarla bağlı Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır”. Ə.Amaşov vurğulayıb ki, istər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatdırılmır: "Mən istərdim ki, Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıqdan istifadə edərək Azərbaycan mediası parlamentlə əlaqələri daha da möhkəmləndirməli və Milli Məclisin doğrudan da nəyə qadir olduğunu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.
Anar Bayramoğlu