“Bəzən aparıcılar, jurnalistlər elə cümlə qururlar ki, onları başa düşmək mümkün olmur. Qəzet, jurnal, xəbər portalları və televiziyalar tək bir regiona, bölgəyə aid deyil”
Dil məsələsində daha çox maarifləndirməyə diqqət yetirilməlidir
“Xüsusən də televiziya və radio aparıcılarının üzərində ciddi işləmək lazımdır”
“Bəzən aparıcılar, jurnalistlər elə cümlə qururlar ki, onları başa düşmək mümkün olmur. Qəzet, jurnal, xəbər portalları və televiziyalar tək bir regiona, bölgəyə aid deyil”
“Bəzən aparıcılar, jurnalistlər elə cümlə qururlar ki, onları başa düşmək mümkün olmur. Qəzet, jurnal, xəbər portalları və televiziyalar tək bir regiona, bölgəyə aid deyil”
(... əvvəli ötən sayımızda)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açır. Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında aparıcı rola malik olan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərir.
Fəaliyyət istiqamətlərindən biri də ölkənin kütləvi informasiya vasitələri, həm mətbuat, həm televiziya, eləcə də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin işlənməsi qaydaları ilə bağlı mütəmadi monitorinqlərin aparılmasıdır. Məqsəd bəllidir; Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısını almaq, ana dilimizin qorunması və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi. Ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi də məqsədlər sırasındadır.
Xatırladaq ki, Dilçilik İnstitutu ölkədə fəaliyyətdə olan elektron saytlarla bağlı 2016-cı ildən başlayaraq artıq 2 monitorinq həyata keçirib. Sonuncu monitorinqin nəticələri bu yaxınlarda açıqlanıb və o qədər qənaətbəxş hesab etmək də olmaz.
Ötən saylarımızda monitorinqin nəticələri ilə bağlı məlumat verən Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov qeyd etmişdi ki, monitorinqlərə 20-dən artıq sayt cəlb olunub. Monitorinqlər zamanı saytların yazı dilində leksik, üslubi, qrammatik pozuntular aşkarlanıb. "Biz hər zaman bildiririk ki, monitorinqlərin aparılmasında məqsəd hansısa KİV-i qınamaq deyil. Dil qüsurlarını aşkarlamaqda məqsədimiz yalnız Azərbaycan ədəbi dil normalarının qorunmasıdır” deyən Ş.Məmmədov yol verilən dil nöqsanları barədə sayt rəhbərlərinə bildirildiyini və onların da nəticələri real qəbul etdiklərini söyləmişdi. Bunu da əlavə etmişdi ki, sayt rəhbərlərinin nöqsanları qəbul etməsi çox sevindiricidir, çünki bu, nöqsanların aradan qaldırılacağına inam yaradır.
Bəs elektron mediada Azərbaycan ədəbi dil normaları necə qorunur və pozuntuların qarşısının alınması üçün hansı addımlar atıla bilər?
Əvvəla onu deyək ki, son illər Azərbaycan dili az qala, məhəllə dili, jarqon səviyyəsinə salınıb. Xüsusilə efirlərdə ədəbi dil normaları unudulub. Saytlarda isə loru dil, kənar dillərin şaxəli müdaxiləsi hökm sürür. Dilçilik İnstitutunda problemin həlli istiqamətində müəyyən addımlar atılsa da, nəticə gözləntiləri doğrultmur. Bir sıra ekspertlər media sahəsindəki bu çatışmazlığı peşəkarların sıxışdırılması ilə əlaqələndirirlər ki, onların yerini bu sahələrə aid olmayan təsadüfi adamlar tutur. Təbii ki, bu da özünün acı nəticələrini dilimizin vəziyyətində göstərir.
Mediada çalışan əksər jurnalistlərin dil normalarına əməl etməməsi məsələsi sosial şəbəkə istifadəçilərinin də ciddi müzakirə mövzusuna çevrilib. "Kim daha düzgün yazır?” polemikasına qoşulan hər kəs özünü doğru sayır. İnternet mediada çalışanlar işlərinin operativliyini, çevikliyini əsas tutaraq ədəbi dil normalarının pozulmasını "təbii” adlandırır və bu kimi hallara çox da fikir verməyin əleyhinə olduqlarını yazırlar. Çeviklik, operativlik, sürətli xəbər yayımı ədəbi dil normalarına biganə qalmaq üçün əsas ola bilərmi?”
Dilçi-alim, filologiya elmləri doktoru, professor Bilal İsmayılovun fikrincə, KİV vasitələrində ləhcədən, dialekt sözlərdən istifadə etmək yığışdırılmalıdır. Müxtəlif vaxtlarda problemin qarşısını almaq üçün bir çox dəyərli təkliflər və məlumatlar toplusunun hazırlandığını qeyd edən professor güman edir ki, jurnalistlərin ədəbi dil normalarına riayət etməsi, səlis məntiqli danışıq dilinə yiyələnməsi maarifləndirmə ilə mənimsədilməlidir: "Xüsusən də televiziya və radio aparıcılarının üzərində ciddi işləmək lazımdır. Bəzən aparıcılar, jurnalistlər elə cümlə qururlar ki, onları başa düşmək mümkün olmur. Qəzet, jurnal, xəbər portalları və televiziyalar tək bir regiona, bölgəyə aid deyil. Hər kəs mətbuatla maraqlanır, oxuyur. Televiziya verilişlərinə hamı baxır. Ona görə, televiziyada ləhcə ilə danışmaq, dialekt sözlər işlətmək yığışdırılmalıdır. Efirdə məişət dilində, Azərbaycan dilinin qanunlarından kənar formada danışmaq olmaz. Məqsədimiz cəmiyyəti Azərbaycan dilinin qanunlarına uyğun, düzgün şəkildə danışmağa çağırmaqdır. Bu təbliğatı isə zor gücü ilə apara bilmərik.
Maarifləndirməklə aparıcıları, yazarları düzgün dil normalarına yiyələndirə biləriksə, niyə cəza tətbiq edək?
Rus dilinin təsiri altına düşən media nümayəndələri sözləri harada və necə gəldi istifadə edir. Bəzən, mübtədanı cümlənin sonunda işlədir, söz sırasını pozurlar. Bu cür söz sırasının pozulması bədii ədəbiyyatda istifadə edilə bilər, lakin belə hallar jurnalist yazısında, televiziya danışığında yolverilməzdir. İşindən, peşəsindən asılı olmayaraq hər kəs dil qaydalarına riayət etməlidir.
Bəzən görürük ki, qəzet, jurnal, sayt, televiziya rəhbərlərinə bu barədə irad tutulur, lakin onlar eyni səhvləri yenə təkrar edirlər. Bir növ "bu qulaqdan alıb, o birindən ötürürlər”. Bu zaman sözsüz ki, cəzalandırmaya ehtiyac yaranır. Dəfələrlə bir media qurumuna xəbərdarlıq edilib, vəziyyət dəyişməyibsə, qarşısını almaq üçün mütləq tədbir görülməlidir. Ancaq dil məsələsində ən çox maarifləndirməni əsas götürmək lazımdır. Cəmiyyətdə elə insanlar var ki, qəzet və televiziya dilini təqlid edir, bu şəkildə danışmaq istəyir. Medianın dili düzgün olmasa, insanlar haradan nümunə götürəcək? Necə öyrənəcək? Televiziyalarda aparıcıların düzgün nitqi olmasa, bu, cəmiyyətə də mənfi təsir edəcək”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bu məsələdə peşə təəssübkeşliyi göstərməyə ehtiyac duymadı. Mərkəz sədri həm yazılı, həm də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin qaydalarının kobud şəkildə pozulduğunu qeyd edib:
"Amma faktiki olaraq problem elektron kütləvi informasiya vasitələrində özünü daha qabarıq şəkildə göstərir. Təbii ki, burda söhbət nöqtə, vergül səhvindən getmir. Təəssüf ki, jurnalistika ilə məşğul olan adamların bir çoxu yaxşı təhsil almayıblar. Təsadüfi adamların jurnalistikaya axını bu sahədə dözülməz vəziyyət yaradıb. Aydın məsələdir ki, yaxşı təhsil ala bilməyən adam ədəbi dilin qaydalarına riayət etməyə çətinlik çəkəcək. Odur ki, gənc, savadlı kadrların mətbuata gəlməsini təmin etmək lazımdır. Bilirsiniz, biz informasiya əsrində yaşayırıq. Hazırda mətbuatın təyinatı dəyişib. Təəssüf ki, indi maarifçilik missiyası arxa plana keçib. Qəzetlər də, saytlar da özlüyündə bir kommersiya qurumudur. İnformasiya əsrində, xüsusilə, mövcud rəqabət şəraitində heç kim uduzmaq istəmir. Hazırda operativlik peşəkarlığı üstələyir.
Redaktorlar xəbəri hamıdan əvvəl təqdim etmək üçün yarışa giriblər. Bu zaman ədəbi dilin normalarını qorumağa vaxt qalmır. Təəssüf ki, bu rəqabət bəzən mənasız enerji sərfiyyatına səbəb olur. Hər bir KİV ilk növbədə oxucuya hörmət etməyə borcludur. Bəzən görürsən ki, beş-altı cümləlik xəbərdə 7-8 səhv olur. Bu cür hallar KİV-lərin nüfuzuna ciddi zərbə vurur. Vəziyyətdən çıxış yolu savadlı şəxslərin mətbuata axınını təmin etməkdir. Xüsusilə, redaktor korpusunda Azərbaycan ədəbi dilinin normalarına yaxından bələd olan şəxslərin təmsil olunmasına daha çox ehtiyac var. Hesab edirəm ki, Dilçilik İnstitutu da yaxasını kənara çəkməməlidir. Gənc jurnalistlərin peşəkarlığını artırmaq üçün Azərbaycan Mətbuat Şurası ilə birgə təlimlərin keçirilməsi ümumi işin xeyrinə olardı. İstənilən halda isə yaradıcı adam daim öz üzərində işləməlidir”.
Tanınmış jurnalist Hikmət Sabiroğlu Azərbaycan mətbuatının dillə bağlı problemlərini ciddi məsələ hesab edir: "Bu bizim dərdli yerimizdi. Bugünkü media dilinin Azərbaycan dilinə çox az dəxli var. Bu da təhsildən irəli gəlir. Mediada savadsız adamların artması da buna səbəb olur. Vəziyyətin düzəlməsi üçün bir atalar sözündə deyildiyi kimi edilməlidir: çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yəni dediyim budur ki, hər kəs bildiyi işin dalınca getsin, eləcə də jurnalistlər. Və media məktəbləri açılmalıdır. Qəzetlərin, TV-lərin media məktəbləri olmalıdır. Mən universitet kimi mərkəzləri nəzərdə tutmuram. Xüsusi məktəblər nəzərdə tuturam”.
"Axar.az” saytının baş redaktoru Anar Niftəliyevin fikrincə, Azərbaycan dilinin hazırkı təsdiqlənmiş qaydaları bir sistem olaraq mükəmməl səviyyədə deyil. Dilimizə həddindən artıq təzyiqlər mövcuddur: "Apple” şirkətinin adı mövcud qaydalarımıza görə "Əpl” kimi yazılmalıdır. Media bu və bu kimi hər gün yüzlərlə sözün yazılışına əməl edirmi? Bir çox dillərdə olan sözlər var ki, onları hazırda ingilis dili vasitəsilə qəbul edirik. Amma dil normalarında başqa dillərdə olan sözlərin ingilis dili vasitəsilə qəbulu qaydası yoxdur. Diqqət edirsinizsə, son dövrlər xüsusən ərəb dilində bir çox yer, şəxs və s. adlar işlətməyə məcbur oluruq. Vahid qayda olmadığından, burada da böyük bir xaos yaranıb”. Baş redaktorun sözlərinə görə, ümumiyyətlə, hazırda yazı dilimiz ciddi sınaq qarşısındadır: "Etiraf edək ki, böyük yanlışlıqlar baş alıb gedir. Bunu isə AMEA-nın Dilçilik İnstitutu tənzimləməli, yazı normalarını təkmilləşdirməli, onların təbliğatı ilə məşğul olmalıdır. Yalnız bunun nəticəsində ədəbi dili qorumaq və korrektorların işini asanlaşdırmaq olar. Dilçilərimiz nə edirlər? Faciəvi vəziyyətdir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb