Dilçi alimdən sərt irad: "Efirdə ağızlarına nə gəlir danışırlar, dəhşətə gəlirsən"
Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin "Sherg.az”a müsahibəsini təqdim edirik.
-Son zamanlar dil məsələsinin önə çəkildiyini, bu məsələyə ciddi nəzarət olunduğunu müşahidə edirik. Bu sahədə hansı işlər görülür?
Dövlət Dili haqqında qanun qəbul edilib və komissiya yaradılıb. Bu qanunu həyata keçirmək üçün komisiyanın adlı-sanlı üzvləri var. Üzvlər bu işlərdə iştirak edir, müəyyən dəyirmi masalar keçirilir, tədbirlər, konfranslar təşkil olunur. Ötən günlərdə bununla bağlı ciddi konfranslar keçirildi. Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşovun və AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimlinin iştirakı ilə dil məsələləri geniş müzakirə olundu. Mətbuatla bağlı da uğurlar, nəticələr təhlil olundu, tövsiyələr səsləndirildi. Müəyyən vaxtlarda komissiya yığışıb, öz işini həyata keçirəcək.
Ümummilli Lider Heydər Əliyevin vaxtında da akademiya daxilində, ali məktəblərdə yığışıb, müəyyən problem haqqında danışılırdı. Bizim də dəvət olunduğumuz müxtəlif müzakirələrdə pis və yaxşı cəhətlər deyilir, təkliflər verilirdi. Məsələn, mən televiziya ilə bağlı xeyli təklif vermişdim. Bir-iki ay Milli Televiziya və Radio Şurasında monitorinqlər apardıq, təkliflər verdik. Mövzular müxtəlif olur. Məsələn, publisistik yazılara, yeni yaranan sözlərə münasibət və s. istiqamətdə müzakirələr, işlər aparılır.
-Sizin də yer aldığınız yeni yaranan Dil Komissiyasının əhəmiyyəti, faydası nədən ibarət olacaq?
Azərbaycan dili dövlət dili statusu qazanıb, dövlət bu dili nəzarətə alır. Ölkə başçısı ötən il akademiyanın 70 illik yubileyində iştirak etdi və məruzə ilə çıxış etdi. Alınma sözlərə münasibət bildirdi. Dilimizin çox zəngin olması, alınma sözlərin dilimizə daxil edilməsinə ehtiyac olmaması və s. müzakirə olundu. Bu fonda müəyyən lazımlı tədbirlər keçirilir.
Komissiyanın əhəmiyyəti odur ki, dilə nəzarət var. Komissiyanın üzvləri mətbuata, mediaya, elmi məqalə və kitablara nəzarət edir. Məsələn, qəzetdə yazı yazılır, elmi işçilər kitab yazır.
Sovet dövründə dövlət dili məsələsi yox idi. Onda rus dili bütün SSRİ-də əsas dil idi, Azərbaycan dilinə nəzarət edən yox idi. Yeni elm sahələri yarandıqca, müəyyən təkmilləşmələr aparılır, əlavələr olunur. Dil Komissiyası da bu məsələlərə nəzarət edəcək.
Konstitusiyanın Dövlət Dili Haqqında qanunu var və maddələri var. Burada dövlət dilinin bir çox sahələrdə işlənməsi məsələsi qeyd olunub. Təhsil sahəsində, televiziya reklamlarında və bütün sahələrdə Azərbaycan dilinin qaydalarına əməl olunması önə çəkilir. Məsələn, səhiyyə sahəsində əvvəllər dərmanlar alman, rus dilində yazılırdısa, indi onlar hamısı tərcümə edilib. Yarılıq formasında əlavə olunan istifadə qaydalarında qeyd edilib ki, bu dərmanı nəyə görə istifadə etmək olar. Bu, sistemli prosesdir, hər şey nəzarətdədir.
- Elmi və bədii ədəbiyyatların tərcüməsində çoxsaylı problemlərin olduğu iddia olunur. Bu, doğrudurmu?
-Bu sahə ilə xüsusi məşğul olan şəxslər var. Məsələn, Azərbaycan Dillər Universitetində "Tərcümə” kafedrası fəaliyyət göstərir. Onlar daha çox bu işlərlə məşğul olur, dərsliklər, kitablar hazırlayır. Yenə də yeri gələndə münasibət bildirilir, doğru və yanlış cəhətlər göstərilir. Bu sahədə xüsusi tədqiqatlar aparılmalıdır və aparılır da. Məsələn, mövzular verilir, dissertasiya işləri hazırlanır.
-Sözün sonunda qoşa samitlərin birinin düşməsi, "ilə” qoşmasının bəzi sözlərə bitişik yazılması və s. təkliflər vermisiniz. Bu dəyişikliklərin önəmi nədir?
-Əvvəl də belə məsələlər var idi. Məsələn "aparat” sözü Avropa dillərində iki "p" ilə yazılırdı. Azərbaycan dilinə uyğunlaşdırdıqda isə bu bir "p" ilə əvəz edildi. Bu cür alınma sözləri Azərbaycan dilinin qaydalarına uyğunlaşdırırıq. "Ssenari”, "stress”, "boss” və s. sözləri niyə iki "s" ilə yazılsın ki... Təklifləri vermişik, görək, bu məsələlərə necə baxacaqlar. Yeni orfoqrafiya qaydalarını çap etmək fikrimiz var.
Təklifin gerçəkləşməsi real görünürmü?
AMEA tərəfindən komissiya yaradılıb, akademiyanın prezidenti sədrdir və İsa Həbibbəyli və digər müavinlər seçilib. Bu komissiyada müzakirə olunacaq, qərara gəlinəcək. Ümumi rəy olmalıdır.
MŞ-nın mətbuatda dil normalarının qorunması ilə bağlı tədbirində siz də iştirak etmişdiniz...
Mətbuatda bəzi ifadələr səsləndirilir. Məsələn, "daşınmaz əmlak” sözünü bəzi mətbu orqanlar "tərpənməz əmlak” şəklində ifadə edirlər. İnsan oxuduqca, izlədikcə dəhşətə gəlir. "Vəziyyət kritikləşib” və s. kimi ifadələrin işlədilməsi hansı dil qaydalarına uyğundur? Belə sözləri və ifadələri Azərbaycan dilinə uyğunlaşdırmaq təklif olunur.
-Belə tədbirlər mətbuatda dil normalarının pozulmasının qarısını alacaqmı?
-Mətbuatda işləyənlərin heç də hamısı mahir işçi deyillər. Çoxu müxtəlif sahələrin adamlarıdır. Onlar jurnalistikanı öyrənməlidirlər. Gərək onlar, Mirzə Cəlili oxuyalar, Üzeyir Hacıbəyovun yaradıcılığına baxalar, klassik jurnalistlərin yazılarına diqqət edib, yazı dillərini, təcrübələrini öyrənələr. Efirdə ağızlarına nə gəlir danışırlar. Belə olmaz axı. Adıçəkilən klassiklər haqqında dissertasiyalar da yazılıb. Bunlar hamısı yığılıb, ciddi baxılmalı, öyrənilməlidir.
Küçələrdə, yol kənarlarına quraşdırılan reklam plakatlarında da dil normaları kobud şəkildə pozulur...
Reklamlar bərbatdır. Əksəriyyəti ingilis dilində yazılıb, verilir. Azərbaycan dilinə reklamlar azdır, bunu həmişə tənqid edirik. Xüsusi monitorinq şöbəsi var, bütün bunları yoxlayırlar. Faktların hamısı götürülüb, təhlillər aparılır.
Ayyət Əhməd