Buraxılış imtahanlarında esse yazılarının yığışdırılması doğru addım deyil
"Esse inşadır, yəni şagirdin özü üçün qurduğu bir yazı nümunəsidir. Hər hansı obyektə, hadisəyə qarşı şagirdin öz aləmində qurduğu bir təxəyyül məhsuludur"
"2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığı yoxlanılmayacaq".
Bu sözləri Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması nəzərdə tutulub:
"Məsələn, 9-cu sinifdə ana dili fənnində 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır. Bu ildən 9-cu siniflər üçün 3-cü - xarici dil də imtahan fənlərinin siyahısına daxil edilib. Xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacaq. Hesab edirik ki, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmayıb. Ona görə də yeni modeldə essenin yazılması nəzərdə tutulmayıb".
N.Əliyev qeyd edib ki, 11-ci sinifdə də ana dili fənnindən 2 mətn üzrə olan 20 sualın 10-u sırf şagirdlərin yazı bacarığının yoxlanılmasını nəzərdə tutan tapşırıqlardır:
"Ona görə də yeni modeldə essenin yazılması artıq öz aktuallığını itirir. Bu səbəbdən yeni buraxılış imtahanı modelində essenin yazılması nəzərdə tutulmayıb".
Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazırlar. 2019-cu ildən isə 11-ci sinif şagirdləri ilk dəfə olaraq, buraxılış imtahanını yeni qaydalarla verəcəklər.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu mövzu ilə bağlı "Şərq"ə açıqlamasında bildirib ki, şagirdlərin özünü ifadə qabiliyyətinin yoxlanması hər bir ümumtəhsil məktəbinin bilavasitə işidir:
"Bu il keçirilən qəbul imtahanları da keçən il keçirilən 9-cu sinif imtahanlarının tipində reallaşdırılacaq. Qəbul imtahanlarında biz müşahidəçi kimi iştirak etmişik. Apardığımız müşahidələrdən belə bir nəticəyə gəlmək olur ki, bu kimi imtahanlarda problemlər daha çox özünü göstərir. Problemlərin böyük hissəsi esselərin yoxlanması ilə bağlı olur.
Dövlət İmtahan Mərkəzi işin ağırlığını gördüyündən bundan sonrakı imtahan proseslərində esselərin yazılmasını məqsədəuyğun hesab etmir. Onların fikrincə, esselərin yazılmasını əvəz edəcək hallar var. Ona görə də esseyə ehtiyac yoxdur. Yəni kiçik mətn, hər mətnin üzərindən də 10 tapşırıq verilir. Təbii ki, mətn üzərində iş heç vaxt esseni əvəz edə bilməz.
Şagird mətn üzərində işləyirsə, məntiqi olaraq mətnin məzmunu ilə tanış olmuş olur və müəllifin nə demək istədiyini əslində başa düşür. Esse inşadır, yəni şagirdin özü üçün qurduğu bir yazı nümunəsidir. Hər hansı obyektə, hadisəyə qarşı şagirdin öz aləmində qurduğu bir təxəyyül məhsuludur. Deməli, burada məntiqin, təfəkkürün inkişafı məsələsi diqqətdən qaça bilməz. Əgər bunlar yoxdursa, o şagird gələcəkdə vətəndaş ola bilməz. Təbii ki, bu mənim subyektiv fikrimdir. Hesab edirəm ki, bu, yanlış qərardı. Hər halda qərarı verən Dövlət İmtahan Mərkəzidir. Bizim onu dəyişməyə səlahiyyətimiz çatmır".
İlahə