Cümşüd Nuriyev: “Erməni liderinin humanist addım atacağına inanmıram”
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçirəcəklər. Bununla bağlı bütün ermənilərin katolikosu II Qaregin açıqlama verib.
O bildirib ki, görüş Moskva və bütün rusların patriarxı Kirilin vasitəçiliyi ilə baş tutacaq: "Görüşün vaxtı hələlik məlum deyil. Görüşün gündəliyi və vaxtı barədə iş aparılır”.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Cümşüd Nuriyev baş tutacaq görüşün Azərbaycan təmsilçiliyi üçün müsbət olacağını deyib. Politoloqun fikrincə, hələ ki, Dağlıq Qarabağ məsələsinin həlli gözlənilmir:
"Bir dövlət kimi, Ermənistanı, onun xalqını dini lider idarə edir. Azərbaycanda din dövlətdən ayrı olduğuna görə Gürcüstanda da bu məsələlər bir qədər ikinci cərgəyə keçir. Bu görüşün yeganə bir əhəmiyyəti var ki, hazırda ermənilər İranın bir şirkəti ilə Şuşanın "Yuxarı Gövhərağa” məscidini təmir eləməklə məşğuldur. Əvvəla bu Azərbaycan qanunlarına ziddir, Azərbaycanın xəbəri olmadan ölkənin tarixi abidəsinin başqa bir dövlətin şirkəti ilə yenidən qurulmasına yol verilir. İkincisi, bizim hansı zəmanətimiz var ki, ermənilər orda məhz İran şirkətinin əli ilə ermənilərə aid olan hər hansı bir şey yerləşdirməyəcəklər? "Yuxarı Gövhərağa” məscidi bir növ Şuşanın emblemidir. Düzdür, Hacı Allahşükür Paşazadə bunların danışıq masasında müzakirə ediləcəyini deyib, amma erməni liderinin humanist addım atacağına inanmıram. Çünki, Sarkisyan və II Qaregin eyni adamdı. Ona görə də bu danışıqların Danışıq Qarabağ münaqişəsinin həll olunması barədə fikir söyləməyin özü bir qədər yerində deyilən ifadə deyil. Çünki bizim şeyxin buna səlahiyyəti yoxdur. Din dövlətdən ayrıdır və Prezident din xadiminə hər hansı bir səlahiyyət verməyib”.
C.Nuriyev Dağlıq Qarabağ məsələsinin daha çox xalq diplomatiyası müstəvisində müzakirə olunan məsələ olduğunu bildirib: "Baxmayaraq ki, Ermənistanda bu məsələləri dini lider həll edir. Amma dini lider də həddindən artıq millətçi, separatçı olduğuna görə məsələnin həll olunacağına inanmıram.
Lakin görüşlərdən qaçmaq da Azərbaycana bir şey vermir. Bu, Azərbaycan dini liderinin səviyyəsinin yüksək olduğuna bir daha dəlalət edəcək. Bütün hallarda H.A.Paşazadə hər iki ölkənin dini lideri ilə müqayisədə daha çox humanist, əsl Allahı sevən bir adamdır”.
Yeganə Bayramova