"Donuz qripi" varsa, məsələyə ciddi yanaşılmalıdır

Xəstəliyin epidemiya halını almaması üçün konkret addımlar atılmalıdır



Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda H1N1, yəni "donuz qripi" virusunun aşkar edilməsi ilə bağlı açıqlaması əhali arasında ciddi narahatlığa səbəb olub. Səhiyyə Nazirliyi məlumatı təkzib etsə də, nazirliyin məlumatı elə də effekt vermədi. ÜST və SN əhalinin narahatlığını və məsələnin əhəmiyyətini nəzərə alaraq dünən keçirdiyi mətbuat konfransında Azərbaycanda da "donuz qripi"nin aşkarlandığını təsdiqləyiblər.

Bu virusa yoluxanların adları açıqlanmasa da, ÜST nümayəndəsi 16 nəfərdə belə halın aşkarlandığını, ancaq ağırlaşma ilə müşahidə olunmadığını bildirib.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayevin sözlərinə görə, Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər.

O deyib ki, 16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də ÜST tərəfindən təsdiqlənib. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, həkimə müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. 

Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, ölkədə yayılan A/H1N1 virusunun mövsümi qrip kimi təqdim edilməsi doğru deyil: 

"Mövsümi qrip anlayışı yoxdur. Qrip qarantin infeksiyasıdır. 2009-cu ildən bu ştampın adı "Donuz qripi” adlanır. Soyuq havalarda yuxarı tənəffüs yollarındakı bakteriyaların aktivləşməsi qrip virusu sayılmır. Adi soyuqdəymə zamanı olan qripin donuz qripi virusuna çevrilməsi anlayışı yoxdur. 

Əgər söhbət Azərbaycanda "donuz qripi” virusunun aktivləşməsindən gedirsə, epidemiya halını almaması üçün konkret addımlar atılmalıdır. Bu məsələyə ciddi yanaşılmalıdır. Statistikanı gizlətmək, təkzib vermək çıxış yolu deyil. Əgər doğrudan da ölkəmizdə bu virusa yoluxan şəxslər olubsa, onu ört-basdır etmək cəhdləri infeksiyanın arealının yayılması ilə sonlana bilər”.

Həkim vurğulayıb ki, qrip zamanı ölüm və ağırlaşmaların səbəbi bir sıra hallarda ikincili infeksiyanın qoşulması və onun yaratdığı ağır intoksikasiyadır: 

"Məsələn, 2009-cu ildə yayılan "donuz qripi"ndən ölənlərin tədqiqi zamanı məlum olub ki, onların əksəriyyəti qrip virusunun yaratdığı kəskin infeksion proses fonunda fəallaşan tənəffüs yolları (Streptococcus pneumoniae) bakteriyasının yaratdığı ağır pnevmoniyadan, yəni ikincili infeksiyadan ölüb.

Bunun üçün də mütləq maskalarla gəzmək, yeyilən qidalara diqqət etmək, xəstə əməkdaşları dərhal kollektivdən uzaqlaşdırmaq və yataq rejiminə keçirtmək vacibdir. Bundan əlavə də infeksiyanın lokallaşdırılması istiqamətində həm primitiv, həm də müalicəvi tədbirlər görülməlidir. Mümkün qədər təmaslardan qorunmaq lazımdır”.

Şəymən