"Dorenko Paşinyanın siyasi manevrlərini “ortalıqda rəqs etmək” kimi qiymətləndirib" -Təlatüm aktivləşir

"Antirussiya dalğası üzərində hakimiyyətə gələn Paşinyan və onun tərəfdarları Rusiyaya qarşı ciddi əks təbliğat kampaniyasını uğurla davam etdirirlər”.
Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının rəhbəri, politoloq Vasif Əfəndiyev deyib.
Düşmən ölkədəki acınacaqlı durumu və Rusiya-Ermənistan münasibətlərini şərh edən analitik bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi ölkədə siyasi təlatümlər daha da aktivləşir: 
"Ölkənin siyasi mənzərəsinə baxdıqda artıq rusiyapərəst qüvvələrin tam məğlub durumda olduğunu və onların heç bir müqavimət qüvvəsinin qalmadığının şahidi oluruq. Rusiya tərəfindən maliyyələşdirilən bir-iki ictimai təşkilat saxta sosial sorğu keçirərək, guya Ermənistan-Rusiya münasibətlərinin keçmişdəki səviyyəsində olmasını istəyənlərin sayının əhalinin 70 faiz təşkil etməsi barədə bəyanatları çox zəif və təsirsiz görünür. 
Hazırda Ermənistan əhalisinin böyük qismi Paşinyan komandasının liderliyi təsiri altında Avropaya inteqrasiya eyforiyasını yaşamaqdadır. Paşinyan hakimiyyətə yeni gəldikdə Rusiya və Avropa arasında balanslaşdırılmış siyasət barədə düşünsə də, hər iki tərəf ondan konkret mövqe tələb etdi. 
Həm Rusiya, həm də Avropa Ermənistanın birmənalı olaraq onların tərəfində dayanmasını tələb etdi. Ötən gün "Danışır Moskva” radiosunun aparıcısı Sergey Dorenkonun Paşinyanı və Ermənistanın siyasi elitasını təhqiramiz şəkildə aşağılaması və onların ünvanına söyüş tərzində ifadələr işlətməsi Ermənistanda böyük etirazlara səbəb olub. Dorenko Paşinyanı və onun siyasətini cinsi azlıqlarla müqayisə edərək siyasi manevrlərini "ortalıqda rəqs etmək” kimi qiymətləndirib. Avropanı cinsi azlıqlara bənzədən Dorenko Paşinyana sinəsini və ayaqlarını qırxaraq onların yanına getməsini deyib”.
Politoloqun sözlərinə görə, hadisələrin bu dərəcədə kəskin xarakter alması erməni siyasətinin böhran dönəmi yaşadığını göstərir:
 "Ermənistan krizisdən çıxış yolunda Rusiyasız hərəkət etmək istəyir. Rusiya Cənubi Qafqazda nüfuzunu saxlamaq və regionda maraqlarını təmin etmək istəyirsə, ilk növbədə Azərbaycanın maraqlarını nəzərə almalıdır. Bunun üçün tarixi şərait yetişib. 
Azərbaycan elə bir məkanda yerləşir ki, regionda baş verən bütün proseslərdə iştirakı mütləqdir. İşğal siyasəti səbəbindən regionla nəhəng proyektlərdən mərhum olan ölkənin gələcəyi yoxdur. Hesab edirəm ki, Həm Ermənistan, həm də Rusiya yaxşı düşünməlidir. Yetişmiş tarixi fürsəti qaçırmaq olmaz. Təcili olaraq Dağlıq Qarabağla bağlı danışıqları bərpa etmək, işğal olunmuş əraziləri sahibinə təhvil vermək lazımdır”.
İsmayıl