Dövlət qurumlarının mediatur təşkil etməsi yaxşı təşəbbüsdür

Amma jurnalistlər gördüklərini qərəzsiz işıqlandırmalıdırlar
Daha çox təlim, seminar, ümumilikdə medianın maarifləndirilməsi ilə bağlı səfərlər təşkil olunmalıdır


... əvvəli ötən sayımızda

Media nümayəndələrinin işi xəbər yazmaq, məlumat verməkdir. Ancaq bəzi nazirliklər KİV nümayəndələri ilə əməkdaşlıq etməyə o qədər də maraqlı deyil. Məlum məsələdir ki, dövlət orqanları hər hansı bir informasiyanı əldə etməkdə jurnalistlərin köməyinə çatır. Çox təəssüf ki, heç də bütün nazirliklər və digər dövlət orqanları haqqında bu sözü demək olmur. Əksər qurumların mətbuat sözçüləri jurnalistlərə kömək olmaq əvəzinə onların işini daha da ağırlaşdırır. Bununla belə KİV əməkdaşlarını unutmayan, hər zaman onlarla sıx ünsiyyətdə olmağa maraq göstərən nazirlərimiz də var. Bu cür örnək məmurlardan biri də yeni kənd təsərrüfatı naziri İnam Kərimovdur.

Qeyd edək ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi (KTN) Şəki, Qax, Gəncə və Ucara mediatur təşkil edib. 20 nəfər yaxın media nümayəndəsinin qatıldığı mediaturun əsas məqsədi qeyd edilən bölgələrdə görülən kənd təsərrüfat işləri ilə ictimaiyyəti məlumatlandırmaq olub. Ümumilikdə 3 günü əhatə edən mediaturun 2-ci günündə jurnalistlər Azərbaycan Dövlət Aqrar Universitetində olub. Universitetdə jurnalistlərə bələdçilik edən ali təhsil müəssisəsinin rektoru, professor İbrahim Cəfərov bir sıra faktları açıqlayıb. Rektor bildirib ki, son illər dövlətin qayğısı nəticəsində xeyli işlər görüblər.
Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlərlə olan bu əməkdaşlığı digər qurumlara da örnək olacaq. Mediaturda iştirak edən jurnalistlər 3 günlük səfərin olduqca səmərəli və maraqlı olduğunu deyiblər.

Bəzən isə müxtəlif qurumların və özəl təşkilatların təşkil etdiyi mediaturlar birmənalı qarşılanmır. Bunujurnalistlərin obyektiv dəyərləndirməsinin qarşısını alan bir fakt kimi dəyərləndirirlər.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı mediaturların təşkilini müsbət hadisə kimi dəyərləndirsə də, bu cür təklifləri qəbul etmədiyini deyib:

"Bir tərəfdən bu yaxşıdır. Çünki jurnalistlər ən zəif təminatlı sosial təbəqələrdən biridir və onların istirahətə, səyahətə getmək imkanları demək olar ki, yoxdur. Yalnız bu yolla mümkün olur. Digər tərəfdən iri şirkətlər, həmçinin bəzi dövlət orqanları bu səfərləri xüsusi məqsədlə təşkil edirlər və sonra həmin media orqanları onların fəaliyyətində olan nöqsanları tənqid edə bilmir. Bu səbəbdən şəxsən mən belə təklifləri qəbul etmirəm. Bunu peşə prinsiplərimə zidd hesab edirəm”.

Sputnik.az saytının əməkdaşı İradə Cəlil isə qəzetdə işlədiyi dövrlərdə mediaturlarda iştirak etdiyini deyib: "İki ilə yaxındır ki, daha turlarda iştirak etmirəm.

Bəlkə də heç bir qurumun mətbuat xidməti bundan sonra mənimlə işləmək istəməyəcək. Amma olsun... Bilirsiniz ki, bu mediaturlar qurumların reklamı deməkdir. Və təəssüflər olsun ki, bəzən qüsurları da ört-basdır etmək üçün işə yarayır. Bəli, gedirsən, bir gecə hansısa oteldə qalırsan, qurum sənin üçün pul ödəyir və 2-3 dəfə hardasa yemək yeyirsən. Keçirilən tədbiri işıqlandırırsan- qüsurlara toxunmadan. Və bu da bəs etmir, ondan sonra mütəmadi olaraq mətbuat xidməti ilə əlaqən qalır və telefonlarına cavab verir. Qüsur varsa, özün bilirsən ki, belə bir sualı verməməlisən və yaxud da mətbuat xidmətinə minnət qoymaq üçün qüsuru deyib, yazmadığını deyirsən.

Mən də 4-5 dəfə turlarda iştirak etmişəm.

Ancaq dediklərimi bütün qurumlara aid etmək olmaz. Elə idarə və təşkilatlar var ki, həqiqətən gördüyü işi nümayiş etdirmək üçün tur təşkil edir. Bu turlarda jurnalistlərə həqiqətən jurnalist kimi dəyər verilir. Və söhbət maddiyyatdan getmir. Verdiyin suallara düzgün şəkildə cavab verilir. Əgər mətbuat xidməti sən sual verəndə sənə işarə edirsə, sus, deməli, dəyərin yoxdur, səni özündən asılı hesab edir.
Verdiyiniz sualda qeyd edirsiniz ki, jurnalist mediatura gedirsə, həmin qurumdan asılı qalır və reallığı yaza bilmir. Gəlin, real danışaq. Tutaq ki, mən hansısa qurumda mətbuat xidmətiyəm və mediatur təşkil etmişəm. Yığıb yaxın bildiyim jurnalistləri aparmışam. Təbii ki, qüsurlar var, jurnalistlər də bunu görür. Gəlib biri bu qüsurları yazsa, mən ikinci dəfə həmin jurnalisti dəvət edərəmmi? 
Əlbəttə ki yox”.
İ.Cəlilin sözlərinə görə, jurnalisti asılı salan hansısa qurum deyil, aldığı əmək haqqının azlığıdır. Nə qədər acınacaqlı olsa da, bu gün ölkə mətbuatında müxbirin əmək haqqı 350 manatdan başlayır, ən çox alan müxbir 700 manat maaş alır ki, bu pulla jurnalist heç evinə normal baxa bilmir, o ki qala harasa istirahətə gedə bilsin: "Dövlət qurumlarının təşkil etdiyi turlar isə hər bir jurnalistə imkan yaradır ki, heç olmasa, bir gün beyninə istirahət versin. Mən jurnalistləri qınamıram, özüm də turlarda iştirak etmişəm. Özümün də ehtiyacım olub ki, bir gün də olsa dincəlim. Gördüyüm qüsuru yazmadığım da olub, çünki başqa cür yaşamaq mümkün deyil. Heç kim də jurnalisti qınaya bilməz ki, niyə bu tura gedib, gördüyünü -qüsuru yazmırsan. Jurnalistlər də belə turlara getdiyi üçün çəkinməməli, utanmamalıdır. Və heç kimin də haqqı yoxdur ki, onları qınasın”.

Turların əhəmiyyətinə gəldikdə isə İ.Cəlil deyib ki, təşkil edən təşkilat və qurum üçün əvvəlcə reklam kimi görünsə də, əgər həmin sahədə eybəcərlik, əyrilik varsa, istər-istəməz hansısa bir formada üzə çıxır: "Bunu zamanla müşahidə edə bilirik. Baş verənləri onsuz da gizlətmək mümkün olmur. Bu gün vətəndaş jurnalistikası deyilən bir amil var. Hamı gördüyü qüsuru telefonla çəkib sosial şəbəkədə paylaşır. Sonradan aidiyyəti idarə və təşkilatlar açıqlama versə də, eybəcərlik yadda qalır. Buna "n” sayda misal göstərmək olar”.

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev istər özəl, istərsə də dövlət qurumlarının həm ölkə daxilinə, həm də ölkə xaricinə təşkil etdikləri media turları mümkün hal kimi qiymətləndirir: "Bu məsələdə hər hansı qəbahət və yaxud da jurnalistin ələ alınmasından söhbət gedə bilməz. Əgər o jurnalist əla alınmağa meyillidirsə, bu, bütün hallarda baş verəcək. Bəzən baş redaktor kimi bizi də bu kimi turlara dəvət edirlər. Daha çox təlim, seminar, ümumilikdə medianın maarifləndirilməsi ilə bağlı təşkil olunan səfərlərdə əməkdaşlarımız iştirak edir. Bu məsələdə qəbahətli heç nə görmürəm.

Media turlarının təşkili piarın formalarından biridir. Hər hansı bir nazirlik bunu həm gedəcəkləri yerdə keçirəcəkləri tədbirlər üçün, həm də sırf səyahət xarakterli edə bilər. Daha çox jurnalist turlarının tədbirlər çərçivəsində baş verdiyini müşahidə edirik. Tədbirlərdə iştirak edib informasiya əldə edir, reportajlar hazırlayırlar. 

Məsələn, Təhsil Nazirliyi regionlarda inşa olunan pilot məktəblərlə bağlı tez-tez mediatur təşkil edir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi regionlarda qoruq ərazilərinin, meşələrin vəziyyəti ilə tanış olmaq üçün jurnalistlərlə səfərə çıxırlar. Hər iki halda bu hərəkət həmin qurumun piarına işləyir. Və yaxud da media günü ərəfəsində bəzi qurumlar onlarla davamlı işləyən jurnalistlərlə hansısa rayona 1-2 günlük səyahət təşkil edir, səfər çərçivəsində təlimlər, seminarlar keçirirlər. Bütün bu görüşlər jurnalistlərin az da olsa, maarifləndirilməsinə xidmət edir”.

Media eksperti Azər Həsrətin müvafiq dövlət qurumlarının və biznes təşkilatlarının media əməkdaşları ilə ünsiyyətə can atması və özlərinin fəaliyyət sahələrini jurnalistlərə göstərməsinin təqdirəlayiq hal olduğunu deyib: 

"Şəxsən öz adıma jurnalistlər üçün mediaturların təşkilini alqışlayıram.
Amma təşkil edilən mediaturlarda jurnalistlərin ələ alınması cəhdlərini doğru hesab etmirəm. Əslində mediaturun nə mahiyyətində, nə də formatında belə bir prinsip yoxdur. Bu prosesdə pərdəarxası məqamlar rol oynayır. Belə ki, tur zamanı jurnalistlər dövlət qurumu və ya özəl şirkətin əməkdaşları mehribanlaşırlar. Sonradan həmin qurum haqqında hansısa tənqidi yazı yazmaq lazım gələndə həmin şəxsi münasibətlər göz önünə gəlir. "Üz-üzdən utanar” deyimi ilə yanaşsaq, bu hal jurnalistlərin obyektivliyinə təsir edir”.

Qərb ölkələrində də mediaturların təşkil olunduğunu vurğulayan A.Həsrət onlarda formatın fərqli olduğunu deyib. Hansı bir qurum öz səhifəsində elan verir ki, jurnalistlər üçün tanışlıq səfəri təşkil olunacaq. Bu elan isə hər kəs üçün açıq olur: 

"Xaricdə ayrı-ayrı jurnalistlərə zəng edib dəvət etmirlər. O turlar hətta blogerlər üçün də açıq olur. 

Həmin turda isə yeni istifadəyə verilən hansısa bir obyekt haqqında jurnalistlərə ətraflı məlumat verilib, görəcəkləri işləri, fəaliyyət planlarını izah edirlər. Yəni xaricdəki mediaturlar bizdəki kimi "yeyib-içmək məclisləri” olmur. Təşkilat rəhbərliyi belə bir təklif irəli sürsə belə, jurnalistlər özləri bundan imtina edir və işinin başına qayıdır. Buna səbəb isə onlar arasındakı insani münasibətlərin yazılarının obyektivliyinə təsir etməsinin qarşısını almaqla bağlıdır. Bizdə isə təşkil olunan mediaturlarda ancaq müvafiq quruma yaxın olan jurnalistlər dəvət olunur. Onlar da qayıtdıqdan sonra reportajlarında ancaq "bəy tərifi” yazırlar. Bu cür tədbirlərin isə nə cəmiyyətə, nə də jurnalistikaya bir faydası var. Mediaturların xarakterini dəyişmək lazımdır ki, gerçəklikləri daha obyektiv şəkildə işıqlandırmaq mümkün olsun”.

(Davamı var...)
Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb