Cəmi 12 kilometrlik sərhəd delimitasiya olundu və hələlik elə də dayanıb - ŞƏRH

  • "Bu, uzun çəkən prosesdir. Ancaq hesab edirəm ki, hər şey danışıqlarla, sülh şəraitində həll olunacaq"

Azərbaycan və Ermənistan delimitasiya işlərini şimaldan cənuba aparacaq.

XİN rəhbəri Ceyhun Bayramov bildirib ki, tərəflər sərhədin delimitasiyasına Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlamaq barədə razılığa gəlib.

Nazir qeyd edib ki, delimitasiya komissiyalarının çoxsaylı görüşləri keçirilib və proseslə bağlı bir sıra sənədlər hər iki ölkədə təsdiqlənib.

Ayrı-ayrı yaşayış məntəqələri ilə bağlı məsələlər isə delimitasiya komissiyasının işi çərçivəsində müzakirə olunacaq.

Politoloq Elşad Həsənov Sherg.az-a Azərbaycan-Ermənistan arasında delmitasiya və demarkasiya proseslərini dəyərləndirib: 

"Azərbaycanla Ermənistan arasında müharibə bitəndən sonra, yəni 44 günlük Zəfərdən sonra torpaqların delimitasiyası məsələsi ortaya çıxdı.

Bu məsələnin həll olunmasına hər iki tərəf razılıq verdi. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Azərbaycandan, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə Ermənistandan komissiyalar yaradıldı. Bu komissiyanın üzvləri də vaxtaşırı görüşürlər.

İlk olaraq Azərbaycanın Qazax ərazisində, yəni Ermənistanla Azərbaycanın sərhədinin başladığı və Gürcüstanla sərhədin başladığı yerdən delimitasiya məsələlərinə baxıldı.

Qazağın indiyə qədər 7 kəndi- Yuxarı Əskipara, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Sofulu və Bərxudarlı kəndləri işğal altında idi. Məhz aparılan danışıqlardan sonra, 2024-cü ilin may ayında Qazağın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı".

Analitik xatırladıb ki, Azərbaycana qaytarılan ərazilərdə sərhəd dirəkləri basdırıldı, orada delimitasiya işləri aparıldı:

"Artıq həmin ərazilər Azərbaycan sərhədçilərinin nəzarəti altındadır və tam sabitlik, sakitlik hökm sürür.

Ancaq Qazax rayonunun 3 kəndi- anklav kəndləri Ermənistanın içərisindədir. Bunlar Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləridir. Onların hələ məsələsi qalıb. Bu haqda da, həmin delimitasiya komissiyaları iş aparırlar.

Bizim bir də Naxçıvanda Kərki kəndimiz hələlik işğal altındadır, yəni qaytarılmayıb. Bununla bağlı da danışıqlar gedir.

Eyni zamanda, Ermənistanın da Gədəbəy rayonunun ərazisində olan kəndi var. O kəndi də, biz 1992-ci ildə götürmüşük. O da anklavdır, Gədəbəyin sərhədində deyil, məhz içərisində yerləşir. Onun sərhədindən xeyli aralı ərazidə yerləşir. Bu kəndlərin məsələləri qalıb. Bu məsələləri də məhz delimitasiya komissiyaları öz görüşləri və müzakirələrinin nəticəsində həll edəcəklər. Məsələn, Barxudarlı kəndinə Ermənistan ərazisində sərhəddən 3-4 kilometr gedirsən ora çatırsan, daha sonra Sofulu kəndi gəlir. Yəni bu kəndlər Ermənistanın içindədir, anklav kəndlərdir. Bu gün orada yaşamaq da çətindir. Hesab edirəm ki, gələcəkdə yəqin ki, hər iki tərəfin, dövlət rəhbərlərinin razılığı ilə o kəndlərin ərazisi boyda bir-birindən güzəştə gedə bilərlər. Müəyyən kəndləri, torpaq ərazisini mübadilə etmək olar və məsələni də yerinə qoymaq olar".

Politoloq artıq delimitasiyanın başladığını, lakin bir neçə vaxtdır ki, bu işdə pauza yarandığını vurğulayıb: 

"Cəmi 12 kilometrlik sərhəd həmin Qazax ərazisində delimitasiya olundu və hələlik elə də dayanıb.

Çünki Ermənistanda seçkilər oldu. Zəngəzur dəhlizi-TRİPP marşurutu ilə bağlı Amerikanın nümayəndələri ilə isə danışıqlar gedir. Lakin bu məsələlər bir qədər uzanır.

Ümumiyyətlə, sərhədlərin delimitasiyası məsələsi çox uzun çəkən prosesdir. Təsəvvür edin ki, qonşumuz Gürcüstanla hələ bizim sərhədlərimiz tam delimitasiya və demarkasiya olunub qurtarmayıb. Yəni bu, uzun çəkən prosesdir. Ancaq hesab edirəm ki, hər şey danışıqlarla, sülh şəraitində həll olunacaq".