Dünya artıq Ankara ilə hesablaşır

İqtisadi müharibədə də demək olar ki, Türkiyə qalib gəldi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin kifayət qədər güclü olduğunu və ABŞ-ın şantajlarına, təhdidlərinə boyun əyməyəcəyini bildirib. Ərdoğan deyib ki, heç bir ölkənin Amerika ilə münasibətlərinin gələcəyinə etibarlı baxması artıq mümkün deyil: "Bizi narahat edən odur ki, ABŞ-ın hazırkı rəhbərliyi heç bir məntiq olmadan və strateji balans nəzərə alınmadan bizim ölkəni hədəf seçib. ABŞ bizim Suriya ilə bağlı həssaslığımızla hesablaşmır və terrorçularla əməkdaşlığı davam etdirir”. Ərdoğan vurğulayıb ki, ABŞ mənfi yanaşmasını iqtisadi müstəviyə keçirir: 

"Vaşinqton mövcud siyasi problemlərin danışıqlar vasitəsilə deyil, təhdid dili ilə həllinə hesablanan səhv yol tutub. Amma bizim iqtisadiyyatımız hücumlara boyun əyməyəcək dərəcədə güclüdür”. Türkiyə Prezidenti onu da vurğulayıb ki, Vaşinqton terrorçularla əlaqəsinə görə həbs edilən amerikalı keşiş Endryu Branson məsələsindən Türkiyəyə qarşı sanksiyaların tətbiqində bəhanə kimi istifadə edir: "Təzyiqlərə rəğmən, Ankara diplomatiya və qanun çərçivəsində fəaliyyət göstərməyə davam edəcək. İnanıram ki, ABŞ rəhbərliyi gec, ya tez bizim ölkəmizə qarşı düzgün olmayan münasibətini dəyişəcək”.

Əslində Amerikanın və digər Qərb ölkələrinin getdikcə güclənən Türkiyə əleyhinə çalışması başadüşüləndir. Ekspertlərə görə, Vaşinqton bütün müsəlman və türk dünyasının səsi olan güclü bir dövlətin mövcudluğundan narahatlıq duyur. Ona görə də güclənən Türkiyənin uğurlarına qısqanclıqla yanaşır və Ankara hökumətinin önünü kəsməyə cəhd göstərir.

Məsələni "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədlinin fikrincə, Türkiyə dövləti öz gücünü Qərbə qəbul etdirib. Ekspertin sözlərinə görə, uğurlu Afrin əməliyyatı türk ordusunun gücünü dünyaya göstərdi: 

"PKK və FETÖ-nün zərərsizləşdirilməsi, İŞİD-in sıradan çıxarılması Türkiyənin uğurudur. İqtisadi müharibədə də demək olar ki, Türkiyə qalib gəldi. Bütün təhdid və təzyiqlərə rəğmən, rahib Branson Vaşinqtona verilmədi. Artıq Ankara hökuməti Menbiç əməliyyatının anonsunu verib. Ərdoğan partiyadaşlarının qarşısında çıxışı zamanı PKK-nın tamamilə məhv ediləcəyi anonsunu verdi. Suriyada müxalifət demək olar ki, tamamilə Ankaranın nəzarətindədir. Üstəlik Türkiyə Rusiyanın İdlibə hücumunun da qarşısını ala bildi”.

Ə.Məmmədli bildirib ki, Türkiyə lazım olanda diplomatik yolla, zəruri məqamda isə hərbi güc tətbiq etməklə istədiyinə nail olur: 

"Başda Vaşinqton olmaqla, bütün dünya gücləri Ankara ilə hesablaşır. Türkiyə Yaxın Şərqə, müsəlman çoğrafiyasına yönəlir. Bu da o deməkdir ki, yaxın günlərdə Osmanlının varisi Türkiyənin rəhbərliyi altında müsəlmanlar dünyada yenidən söz sahibinə çevriləcəklər”.

İsmayıl