"Dünya, Avropa və MDB ölkələrində ictimai nəqliyyatın qiyməti bizdəkindən dəfələrlə yüksəkdir"





"Ölkə başçısının bütün sahələrdə yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının, dövlətin və xalqın marağı dayanır”.

Bunu "Sherg.az”a ictimai nəqliyyatdakı qiymət artımını şərtləndirən amillərdən danışarkən "Səs" Media Qrupunun təsiscisi və rəhbəri Bəhruz Quliyev deyib. 

O diqqətə çatdırıb ki, Azərbaycanda nəqliyyat sahəsinin inkişafı, yol infrastrukturunun yenilənməsi fundamental yanaşma ilə həyata keçirilir:

"Artımın əleyhinə kimsə əks fikir irəli sürürsə, bu, absurddur. Cüzi qiymət artımından siyasi manipulyasiya edib, marağına uyğun addım atmaq istəyənlər bunu nəzərə almalıdır. Hər bir dövlətin apardığı vətəndaş siyasəti mövcuddur. Bu cür qiymət artımları zərurətdən irəli gələn tədbirlərdirsə, anlayışla qəbul etmək lazımdır. Dünyada və Avropada, o cümlədən bizə daha yaxın olan MDB ölkələrində ictimai nəqliyyatın qiymətləri bizdəkindən dəfələrlə yüksəkdir. Azərbaycan dünyanın bir parçasıdır, ona görə dünyada gedən proseslər ölkəmizə hansısa formada təsir göstərməlidir. Buna başqa don geyindirib, kimsə istifadə etməyə cəhd göstərməsin.

Nəqliyyatda özünü göstərən qiymət artımı gələcəkdə yol infrastrukturunun yenilənməsi, müasir avtobusların, metro qatarlarının gətirilməsi, vahid ödəniş kartına keçid və s. məsələlərin inkişafında özünü göstərəcək. Bu məsələdə qeyd etdiyim kimi, kimsə qızışdırıcı mövqe tutub, başqa dövlətlərin və qüvvələrin maraqlarından çıxış etməməlidir. Hər kəs dövlətçilik prinsiplərindən çıxış etməli, artımın zərurətdən yarandığını dərk etməlidir. Bunun siyasi mübarizə predmetinə çevrilməsi yolverilməzdir”.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən ictimai nəqliyyatda gediş haqqı artırıldı. Belə ki, 20 qəpik olan gediş haqqı 50 faiz bahalaşaraq, 30 qəpik müəyyən olunub.

Aysel Aslan