Düşənbə söhbəti təsadüfi olmadı

Paşinyanın mövqeyini dəyişməsində Kremlin rolu böyükdür
İndiki şəraitdə Moskva rəsmi Bakının mövqeyinə özünü daha yaxın görür

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin nə dərəcədə aktuallıq kəsb etdiyini sübut etməyə ehtiyac yoxdur. Ancaq təəssüflər olsun ki, Ermənistan rəhbərliyi problemin dinc yolla nizama salınmasının əhəmiyyətini anlamaqda çətinlik çəkir. Xüsusilə baş nazir Nikol Paşinyan hökuməti münaqişə haqqında ziddiyyətli fikirlərini müəyyən fasilələrlə davam etdirir. Lakin indiki məqamda ən çox diqqət çəkən məqam baş nazir Nikol Paşinyanın anidən mövqeyini dəyişməsi və sərt ritorikasını kənara qoymasıdır. Bunun fonunda mətbuatda Vladimir Putinin Bakıya səfəri və dərhal sonrasında Düşənbədə Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında baş tutan görüşün müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Ekspertlər Rusiya prezidentinin Azərbaycan paytaxtında əhəmiyyətli bəyanatlar verməsi ilə Paşinyanın Düşənbədə dövlət başçısı İlham Əliyevlə danışığa can atması arasında əlaqənin olub-olmadığını şərh etməyə çalışırlar. Məlumdur ki, Düşənbə görüşündə əldə olunmuş razılaşmalar Azərbaycanın hərbi gücündən qorxan erməniləri sevindirib. Analitiklər bu hadisəni təsadüfi saymırlar və arxasında Vladimir Putinin diplomatik gedişinin dayandığını deyirlər. Hesab edirlər ki, Rusiyanın dövlət başçısı bu davranışı ilə Cənubi Qafqazda Kremlin geosiyasi prioritetlərində düzəliş ola biləcəyi mesajını verib. Bu baxımdan konkret olaraq Rusiya üçün Azərbaycanla əməkdaşlıq daha böyük geosiyasi qiymət alıb. Hətta iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Doğrudan da, Rusiya prezidentinin Azərbaycana gəlişi və Prezident İlham Əliyevlə müzakirələr aparması Moskva ilə Bakının münasibətlərini yeni səviyyəyə qaldırıb. Artıq Nikol Paşinyan da anlamağa başlayır ki, Azərbaycan rəhbərliyi ilə güc dilində danışmağın mənası yoxdur. Çünki Rusiya kimi böyük dövlətin başçısı deyir ki, Azərbaycanla münasibətlər bərabərhüquqluluq və milli maraqlara qarşılıqlı hörmət əsasında qurulur. Üstəlik, Moskva bütün sahələrdə Bakı ilə əməkdaşlığı genişləndirir və dərinləşdirir. O halda aydındır ki, Rusiya nəinki Azərbaycanın zəifləməsini istəyir, əksinə, onun mövqeyinin daha da güclənməsində maraqlıdır. Çünki hər bir dövlət tərəfdaşını etibarlı və sözünə əməl edən görməlidir. Bu sadə müqayisələr göstərir ki, N.Paşinyanın Azərbaycan Prezidenti ilə ünsiyyət qurmağa çalışması tamamilə gözlənilən idi. Ermənistan qəti əmindir ki, işğal etdiyi torpaqlardan gec və ya tez çıxarılacaq. Rusiyanın özü də bunu tələb etməkdədir. Deməli, ermənilərin öz simalarını saxlamaqla Azərbaycan torpaqlarından işğalçı qüvvələrini çıxarmalarının yeganə ağıllı yolu danışıqlardır. Düşənbədəki qısa söhbətdən Paşinyanın sevincək olması bu səbəbə əsaslanır. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Düşənbə görüşünü şərh edərkən deyib ki, tərəflər arasındakı müsbət meyillərə mümkün qədər hər cür dəstək veriləcək: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bütün pozitiv tendensiyaları alqışlayır. Biz baş verən bütün pozitiv tendensiyaları alqışlayırıq. İndi onları inkişaf etdirmək və ehtiyatsız ritorika ilə zədələmək lazım deyil”.

Düşənbə görüşündən sonra Rusiyanın sərgilədiyi mövqeni "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Paşinyan tərəfindən atılan addım Rusiyanın müəyyən dərəcədə təzyiqi nəticəsində reallaşıb: 

"Görüşdən əvvəl Ermənistanın baş nazirinin ritorikası olduqca sərt və məntiqsiz idi. Lakin o, birdən-birə fikrini dəyişdi və öz təşəbbüsü ilə dövlət başçısı İlham Əliyevə yaxınlaşdı. Nikol Paşinyanın mövqeyinin kəskin dəyişməsində Kremlin böyük rolu var. Son vaxtlar Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan rəhbəri İlham Əliyevlə görüşlərinin dinamikası artıb. Bu da göstərir ki, indiki şəraitdə Moskva rəsmi Bakının mövqeyinə özünü daha yaxın görür. Paşinyan qondarma Dağlıq Qarabağı danışıqlar prosesində "tərəf” kimi görürdü. İnanmıram ki, bu cür yanaşma Moskvanın xoşuna gəlsin. Çünki erməni baş nazirin təklifi danışıqlar prosesinin konstruktivliyini pozurdu. Bununla kifayətlənməyən Paşinyan iddia edirdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar qondarma qurumun tərkbindədir və nə vaxtsa bütün torpaqlar Ermənistana birləşdiriləcək. Paşinyanın bu bəyanatları məhz Moskvada səsləndirməsi Rusiyanın ciddi narahatlığına səbəb olub. Təkcə Rusiya yox, digər həmsədr ölkələr də baş nazirin təhlükəli açıqlamalarını normal qarşılamayıblar”.

Analitikə görə, Ermənistana münasibətin sürətlə dəyişdiyini görən Paşinyan Moskvanın təsiri ilə əvvəlki yanaşmasını korrektə edib: 

"Hesab edirəm ki, Rusiya gələcəkdə də çalışacaq ki, danışıqlar prosesi məcrasından çıxmasın. Məncə, Rusiya münaqişənin dinc yolla həlli ilə bağlı prosesin yavaş-yavaş da olsa inkişaf etməsində maraqlıdır. Yəni Moskva indiki status-kvonu tam olaraq saxlamaq istəmir”.

İsmayıl