Düşənbə:"Ərazi bütövlüyümüzün bərpasına dair müsbət tendensiya yarandı"





"Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda əvvəlki formata yenidən qayıdılması mühüm addım kimi dəyərləndirilməlidir".

Bunu "Sherg.az"a analitik Arzu Nağıyev Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurası çərçivəsində Düşənbədə keçirilən görüşdən danışarkən bildirib. 

Ekspert qeyd edib ki, bu, müsbət nəticədir:

"Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün prioritetdir. Burada Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası əsas məqamlardan biri kimi götürülür. Danışıqlarda da bu istiqamətdə müsbət bir tendensiya yarandı. Görüşdən belə bir nəticə çıxarmaq olar ki, N.Paşinyanın bundan əvvəl verdiyi bəyanatlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi artıq aradan götürülüb. 

Eyni zamanda, Düşənbə görüşünu Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üzrə danışıqların yenidən başlanmasına bir istiqamət kimi dəyərləndirmək mümkündür. Hər iki dövlətin güc strukturlarına, ümumiyyətlə, bu məsələ ilə məşğul olan qurumlara verilən tapşırıqlar bundan ibarətdir ki, onlar daim təmasda olacaqlar".

Analitikin sözlərinə görə, N.Paşinyanın sosial şəbəkə vasitəsilə yaydığı bəyanatdan aydın olur ki, o, hətta qondarma rejimin rəhbərliyinə təmas xəttində tam şəkildə atəşkəsə nail olmaq üçün əlindən gələni etməsi tapşırığını verib: 

"Bu da mühüm amildir. Yəni artıq Ermənistan-Azərbaycan danışıqlarında Azərbaycan diplomatiyasının da istədiyi kimi, müvafiq addımlar atılmaqdadır. Prezident İlham Əliyevlə N.Paşinyanın Düşənbə görüşünün nəticəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Azərbaycan və Ermənistan arasında davam etdirilməsinə nail olunub".


Ayyət Əhməd