Zeynal Məmmədli: “Qoy rəqabət olsun, cəmiyyət bilgilənsin, eyni zamanda həmkarlarım üçün iş yeri olsun”
Əcnəbi dillərdə yayımlanacaq xəbər televiziyasına ehtiyac var
Qulu Məhərrəmli: “Açılacaq kanalı yüksək səviyyəyə qaldırmaq üçün peşəkar xəbər adamları lazımdır”
Zeynal Məmmədli: “Qoy rəqabət olsun, cəmiyyət bilgilənsin, eyni zamanda həmkarlarım üçün iş yeri olsun”
Zeynal Məmmədli: “Qoy rəqabət olsun, cəmiyyət bilgilənsin, eyni zamanda həmkarlarım üçün iş yeri olsun”
Ələsgər Məmmədli: "Yeni xəbər kanalından daha çox, mövcud kanalların obyektiv xəbər verməsi daha önəmlidir”
(əvvəli ötən sayımızda)
Azərbaycanda beynəlxalq münasibətlər mövzusunun işıqlandırılmasında medianın durumu o qədər də ürəkaçan deyil. Azərbaycan jurnalistlərinin ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində uğurları çox məhdud saydadır. Söz yox ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var.
Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Belə olan halda isə Azərbaycan jurnalistlərinin beynəlxalq münasibətləri zəif işıqlandırması ölkə ictimaiyyətini narahat etməyə bilməz. İnformasiya müharibəsində qalib gəlmək yönündə dünyanın nüfuzlu media qurumlarına azərbaycanlı jurnalistlərin inteqrasiya olunması müasir dövrümüzdə savadlı diplomatların, iqtisadiyyatçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.
Azərbaycan Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox media layihələri həyata keçirilir, internet portallar yaradılır. Bu mənada, yerli KİV-in dünya mediası ilə əlaqələrinin genişləndirilməsi məqsədi ilə də ətraflı müzakirələrin aparılmasına ehtiyac var. Ən azından bu gün Azərbaycanımızı, dünyada yaşayan azərbaycanlıların məsələlərinin Avropa ölkələri mediasında işıqlandırılmasının bir növ zəmanətinə çevrilməlidirlər. Avropanın hər hansı bir şəhərində yaşayan adi bir həyat tərzi sürən azərbaycanlı mediada Azərbaycan həqiqətinin ən güclü, ən obyektiv, ən yaxşı nümayişçisinə çevrilə bilər. Heç şübhəsiz, ölkədə fəaliyyət göstərən bütün redaksiyalar beynəlxalq media qurumlarının təcrübəsini öyrənməkdə maraqlıdır və onlarla əməkdaşlıq əlaqələrinin qurulmasını vacib hesab edirlər. Elə bu məqsədlə də bir çox qəzetlər müəyyən qədər xarici media orqanları ilə əlaqələr yaratmağa çalışırlar.
Azərbaycan mediasının dünya kütləvi informasiya məkanına çıxış vəziyyəti ilə bağlı media ekspertlərinin fikirləri birmənalı deyil. Buna baxmayaraq bir çox ekspertlər ölkə mediasında beynəlxalq mövzunun peşəkarlıqla işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya mediasına daha geniş çıxarılması üçün zəruri olan məsələlərə aydınlıq gətirilməsi məsələsində həmrəydilər.
Qeyd edək ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalının yaradılmasını təklif edib. Azərbaycanda orduya xüsusi diqqət yetirildiyini qeyd edən millət vəkili bunun təqdirəlayiq olduğunu deyib: "Ordumuz istənilən an torpaqları işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə də orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır.
Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq "Euronews” tipli televiziya kanalı yaradıla bilər”.
Milli Televiziya və Radio Şurasında (MTRŞ) isə artıq xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.
Məlumatlara görə, yeni TV qeyd etdiyimiz kimi sırf xəbər üzərində köklənmiş, beynəlxalq əhəmiyyətə malik məlumatları bir neçə dildə, əsasən də ingilis və rus dillərində yaymaqla məşğul olacaq. TV -nin gələn il yayıma buraxılacağı, ən son texniki avadanlıqlarla təmin olunacağı, peşəkar kadrların xidmətindən istifadə olunacağı gözlənilir.
Bu, Azərbaycan jurnalistlərinin və tamaşaçılarının öyrəşdiyi TV kanalı formatında deyil, beynəlxalq standartlarla işləyəcək ki, burada da xarici mütəxəssislərin xidmətindən istifadə qaçılmazdır. Məhz belə halda sözügedən TV-nin dünya arenasına çıxışı təmin oluna bilər. Maraq üçün bildirək ki, müsəlman ölkələrində mətbuat kütləvi şəkildə inkişaf etməsə də, "Əl Cəzirə” kimi nümunələr yaradılıb və dünyanın istinad mənbəsinə çevrilə bilib. Yəni demokratiya və texnikanın inkişaf səviyyəsindən asılı olmayaraq, bu konsepsiya reallaşdırıldığı məkanda özünü doğruldub.
Bu xəbər Azərbaycan tamaşaçısı üçün müsbət kateqoriyaya daxildir. Alternativin olması, xüsusən də onun yeni, dünya standartlarına uyğun xəbər kanalı kimi fəaliyyət göstərəcəyi sevindirici haldır. Ölkəmizdə doğru və obyektiv xəbərə ehtiyac hər zamankından daha artıqdır. Amma bununla belə, ölkədə bunun üçün münbit şərait olmadığı səslənən fikirlər sırasındadır. Bundan başqa, TV sahəsində çalışacaq kadrların azlığı da yeni bir telekanalın açılması, oradakı işçi potensialını təmin etmə baxımından problem kimi görünür.
Maraqlıdır, Azərbaycanda yeni xəbər kanalının yaradılmasına ehtiyac varmı?
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmli ölkədə ixtisaslaşmış xəbər kanalının yaradılmasını vacib hesab edir. Onun sözlərinə görə, Azərbaycanda gerçəkdən də obyektiv, dürüst, qərəzsiz xəbərlər yayan televiziya kanalına ehtiyacımız var: "Bilirsiniz, ANS TV peşəkar xəbər kanalı idi. Bu kanaldan sonra Azərbaycan teleməkanında xəbər boşluğu açıq-aşkar hiss olundu. Bu səbəbdən hesab edirəm ki, xəbər kanalının açılmağı vacibdir. Amma bu, həqiqətən xəbər kanalı olacaqsa...”
Onun sözlərinə görə, hazırda xəbər proqramları ilə bağlı ortada ciddi boşluqlar var: "Adi bir misal: Bakı-Tbilisi-Qars layihəsinin işıqlandırılması Türkiyə kanalları necə xəbərçilik nümunəsi göstərdi, bizimkilər necə? Bizimkilər bəsit bir nümunə ortaya qoydular. Təbii ki, kadr potensialı məsələsi də var. İndi ən yaxşı TV hesab olunan kanalların yarım saatlıq xəbərlər verilişində nələr gedir? Hansı hadisələr izlənilir, hansı təbliğat məqsədilə düşünülüb? Xəbər kanalı o deməkdir ki, hər saatbaşı xəbər verilişi verilsin. CNN, "Əl Cəzirə”, BBC bu qəbildəndir. Amma o miqyasda bir kanal üçün peşəkarlıq, sərbəstlik və azadlıq olmalıdır. Bunlar olmasa da kanal açıla bilər, doğrudur. Amma Azərbaycan tamaşaçısı yenə xəbərləri Türkiyə, Rusiya, BCC-dən alacaqsa, bu, qəbulolunmazdır. Dediyim şərtlər olmadığı təqdirdə böyük perspektiv görmürəm”.
Q.Məhərrəmli hesab edir ki, Azərbaycanda yeni telekanal üçün kadr potensialı var. Onun sözlərinə görə, yaxşı telejurnalistlər, redaktor və montajçılar yetişib və püxtələşiblər. Onların bilik və bacarığı yetərlidir: "Amma televiziya menecmenti günün səviyyəsində deyil. Necə ki, komanda rəhbərləri yaxşı futbolçuları qoruyurlar, telekanallar da yaxşı kadrları qorumalıdılar. Amma televiziyada yaxşı kadrlar lazım olan qayğını görmürlər. Kiminsə kimdənsə xoşu gəlmirsə, qovulur. Amma ölkə teleməkanında xəbər sahəsinin yaxşılaşdırılmasına ehtiyac var. Nisbətən ATV-ni istisna etmək olar. Çünki onlarda nisbətən diqqəti cəlb edən məqamlar var”.
Media eksperti onu da vurğuladı ki, açılacaq kanalı yüksək səviyyəyə qaldırmaq üçün peşəkar xəbər adamları lazımdır. Müsahibimizin fikrincə, ilk bir-iki ay yaxşı işləmək kifayət deyil: "Bu, sistemli bir xətt olmalıdır. Xəbər kanalı yaratmaq böyük potensial, maliyyə və yaradıcılıq tələb edir. Bunun məsuliyyətini dərk edib işə başlamaq və onu davam etdirmək lazımdır”.
Media eksperti Zeynal Məmmədli isə məsələyə fərqli yanaşıb:
"Yeni kanalın yaradılması ilə bağlı müxtəlif təşkilatlardan, sahibkarlardan hər hansı müraciət yoxdursa, MTRŞ nə əcəb belə təşəbbüslə çıxış edib? Axı bu qurum dəfələrlə bəyanat verirdi ki, Azərbaycan kiçik ölkədir və burada çox kanalın olmasına ehtiyac yoxdur. İndi necə olur ki, çox qısa müddətdə yeni xəbər kanalı ilə bağlı müsabiqə elan edirlər? Əgər bu, dövlət sifarişi əsasında olsaydı, demək ki, ölkədə insanların televiziyalar vasitəsilə xəbərlənməsi pis durumdadır və ixtisaslaşmış kanala ehtiyac var. Lakin yeni kanalla bağlı nə Milli Məclisdə hər hansı müzakirələr aparılıb, nə də müxtəlif sahibkarlar, qurumlar fikirlər səsləndirib. İndi necə ola bilər ki, qısa bir zamanda hörmətli bir qurum öz fikrini təkzib edir?”.
Media ekspertinin fikrincə, yeni yaranacaq kanal indikilərdən peşəkar olmalıdır: "Digər tərəfdən xəbərə olan ümumdünya tələbi aydındır. Balanslı, doğru, obyektiv, qərəzsiz olmalıdır. Hansı sığortamız var ki, bu kanal doğru, dürüst xəbər verəcək?
Yeni xəbər kanalının açılması əslində məni bir jurnalist kimi sevindirir. Qoy rəqabət olsun, cəmiyyət bilgilənsin, eyni zamanda həmkarlarım üçün iş yeri olsun. Amma bu proses nə dərəcədə şəffaf olacaq? Arzulayıram ki, bu kanal yaransın. Amma onun doğru, dürüst, dəqiq, peşəkar kanal olmayacağının indidən deyə bilərəm”.
Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli isə qeyd edib ki, yeni xəbər kanalından daha çox, mövcud kanalların obyektiv xəbər verməsi daha önəmlidir: "Televiziya kanalının adının xəbər kanalı olması onun hələ gerçək, düzgün informasiya çatdırması demək deyil. Ölkədə hazırda ümumilikdə digərləri də regional olmaqla 17-dən çox kanal var. Amma MTRŞ də etiraf edir ki, xəbər yoxdur və kanala ehtiyac var. Əslində bütün kanallar birmənalı olaraq qanunvericiliyin tələbləri çərçivəsində informasiyada balanslı, qərəzsiz, obyektiv olmalı, hər kəsin hüquqlarına hörmətlə yanaşmalıdır. Debatlar təşkil edilməli, ölkənin ictimai-siyasi həyatını doğru əhatə etməlidir. Bu, eynilə də İctimai TV, AzTV-yə və digər özəl yayımlara aiddir. Bu gün mövcud olan kanalların heç biri qanunun tələblərinə əməl etmir. MTRŞ da qanunların bu maddələrinə göz yumursa, yeni yaranan kanal da bunlardan biri olacaq”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb