"Çəkilən filmlərə, seriallara diqqət yetirin. Əlində siqaret çəkən qızları təbliğ edirik, atasının üzünə qayıdan oğulu sərgiləyirik, arvadının xəyanətini milyonlara danışan kişinin ağlamağını göstəririk?
"Efirlərdə, mediada səviyyəsiz adamların təbliğinə son qoyulmalıdır"
Lamiyə Ələkbərova: "Olmaz ki, reytinqi kitab üzərindən edək, reytinqi ədəbiyyatın təbliği ilə reallaşdıraq?"
"Çəkilən filmlərə, seriallara diqqət yetirin. Əlində siqaret çəkən qızları təbliğ edirik, atasının üzünə qayıdan oğulu sərgiləyirik, arvadının xəyanətini milyonlara danışan kişinin ağlamağını göstəririk?
"Çəkilən filmlərə, seriallara diqqət yetirin. Əlində siqaret çəkən qızları təbliğ edirik, atasının üzünə qayıdan oğulu sərgiləyirik, arvadının xəyanətini milyonlara danışan kişinin ağlamağını göstəririk?
Televiziya strateji silahdır. Ondan düşünülmüş şəkildə istifadə edilmədikdə cəmiyyətə zərəri toxuna bilər. Efir məkanında olan hər kəs bu məsuliyyəti dərk etməlidir. Bu gün Azərbaycan teleməkanının quruluşu, görünüşü müzakirələrə əsas yaradır. Ən acınacaqlısı isə odur ki, televiziyaya olan inam azalıb. Bunun obyektiv və subyektiv səbəblərinin olduğunu da qeyd etmək lazımdır. Yalançı, səhnələşdirilmiş sosial verilişlər, şou xatirinə qalmaqallar efirlərimizdə nə qədər desən var. Bəs, Azərbaycan teleməkanı kənardan peşəkar gözü ilə necə görünür. Efirlərimizdə baş verənlər, müzakirələrə səbəb olan qüsurlar barədə 20 ildən artıq Azərbaycan teleməkanında çalışan, aparıcı Lamiyə Ələkbərova danışdı.
- 23 ildir teleməkandasız. Bu təcrübə sizə televiziyanın problemləri barədə danışmaq haqqı verir. Bugünkü mənzərə peşəkar televiziyaçı olaraq sizi qane edirmi?
- O qədər ciddi bir mövzuya toxunuruq ki, bu barədə danışmağa həqiqətən ehtiyac var. Ürəyim doludu. Düzdü, bəzən susmağa məcbur qalırıq. Amma susmaq çıxış yolu deyil. Bugünkü aparıcıların əksəriyyətindən, efir məkanımızdan narazıyam. Bu təkcə mənim fikrim deyil. Elə tamaşaçılar da narazıdır. Peşəkarlıq yoxdu. Sadəcə, ürəyim efirdə görünmək istəyir deyə aparıcılıq etmək doğru düşüncə deyil. Bir az qısa ətək, simasına güvənən, görünüşü efir üçün yararlı olan, bir az estetik əməliyyatlar sahəsində gözəlləşən hər kəs televiziyada olmaq haqqının olduğunu düşünür. Nədənsə, bu gün efirə gələn gənclərdə o düşüncə var ki, əgər simam imkan verirsə, efirə çıxmalıyam. Mən hələ qadınlardan danışıram. Efirə gələn kişiləri demirəm. Onlar başqa bir problemdir. Əgər sadaladıqlarımın hamısı bir qadında varsa, o gedib podiuma çıxa bilər, model ola bilər, amma aparıcı ola bilməz. Çünki aparıcı olmaq üçün təkcə görünüş, gözəl sima yetərli deyil. Bu gün gənc xanımların efirə gəlməyə daha çox marağı yaranıb. Niyə? Çünki görünüşlərinə güvənərək efirə gəlməyin asan olduğunu zənn edirlər. Aparıcının ilk növbədə danışığı, diksiyası, savadı, səsinin tembri yerində olmalıdır. Aparıcının intellektual səviyyəsinin olması çox vacibdir. Kişi aparıcılara gəlincə, o barədə danışmağa utanırsan. Kişilik simasından çıxanlar efirə gəlib. Çox danışa bilərəm. Amma bəzi etik məqamları nəzərə alaraq susuram. Efir nümunədir. Aparıcının efirdə ağzından çıxan hər bir kəlməsi müzakirə mövzusuna çevrilə bilər. Aparıcı efirdə dediyi hər ifadəyə görə məsuliyyət daşımalıdır. Efirdə olan hər kəsə üzümü tutub tövsiyə kimi qeyd edirəm, bir az diqqətli olun. Sizi gənclər izləyir, sizə yeniyetmələr, uşaqlar baxır. Efirdə ağzına gələni danışmaq doğru deyil. Bu, gənclərin təfəkkürünə, psixologiyasına təsir etmiş olur. Efirdə olan hər bir aparıcı nümunə olmalıdır, geyimindən tutmuş, oturuşuna, danışıq tərzinə qədər hər bir detala diqqət yetirməlidir. Bu günün əksər aparıcılarında efir məsuliyyəti, efir etikası yoxdur. Efirdə kimisə çox qucaqlayıb əzizləmək, efirdə qonağı təhqir etmək, söz atmaq qətiyyən yolverilməzdi. Ən vacib efir etikalarından biri də qonağa müraciət formasıdır. Aparıcı efirdə qonağına, kimliyindən asılı olmayaraq «Sən» deyə müraciət edə bilməz. Bu efir etikasına uyğun deyil.
- İllərlə televiziyada çalışan aparıcılarımız var ki, efirdə təkəbbürlü, qonaqlarına qarşı hörmətsizlik nümayiş etdirən, sanki onların şəxsiyyətinə toxunmaqla daha cəsarətli aparıcı olduğunu sərgiləməyə çalışan, bundan reytinq əldə edən həmkarlarınız da var.
- Beləsinə cəsarətli aparıcı demirlər. Efirdə qonaqlarına qarşı hörmətsizlik nümayiş etdirən, qonağı ilə şit zarafatlar edən bəzi aparıcılar efir etikasından xəbərsizdilər. Belələri yalnız reytinq xatirinə efirdə görünməyə maraqlıdırlar. Tamaşaçının barələrində nə düşündükləri belələri üçün önəm daşımır. Onlar üçün vacib reytinq toplamaqdı. Əgər sənin qonağın hörmətə layiq deyilsə, təhqir olunası adamdısa, onun verilişində nə işi var. Sən səviyyəsiz hesab etdiyin insanı efirə niyə dəvət edirsən? Efirə kimisə təhqir etmək üçün dəvət edə bilməzsən. Aparıcı olaraq sənin buna haqqın yoxdu. Əgər biz nalayiq, səviyyəsiz insanları efirlərimizə qonaq ediriksə, deməli, onların təbliğini qururuq, reklam etmiş oluruq. Buna necə, haqqımız varmı? Eləcə də sosial şəbəkələrdə bu vəziyyət acınacaqlıdır. İstər efirlərdə, istər sosial şəbəkələrdə, mətbuatda səviyyəsiz insanların təbliğinə, onların reklamına son qoyaq. Olmaz ki, reytinqi kitab üzərindən edək, reytinqi ədəbiyyatın təbliği ilə reallaşdıraq. Verilişlərin mövzularına diqqət yetirək. İntellektual verilişlərin kəmiyyətini, keyfiyyətini çoxaldaq. Nə qədər reytinq olsun deyə efirdə yıxılmaq, ağlamaq, ağlatmaq olar? Aparıcı efirdə reytinq qazanmaq üçün az qala hər hala düşür, ürəyi gedən olur, yıxılanı var, təpik atanına rast gəlirik. Bu, həqiqətən efir məkanında çirkin görüntüdür. Televiziya sehrli, rəngarəng qutudur. Ordan tamaşaçıya pozitiv görüntü, savadlı məlumat, dolğun informasiya çatdırmaq lazımdır. Televiziyanın qayəsi budur. Məlumatlandırmaq, maarifləndirmək, bir də əyləndirmək. Ancaq səviyyəli şəkildə. Bizdə sosial yüklü verilişlər belə az qala sirki, teatrı xatırladır. Çatana ürək dərmanı yedizdirilir. Bu görüntülər tamaşaçıda qıcıq yaradır, tamaşaçının səbrini bu qədər tarıma çəkmək haqqımız yoxdu.
- Bu kimi yalançı səhnələr tamaşaçının televiziyaya inamını da azaltmış olurmu?
- Təbii ki, tamaşaçı televiziyada təqdim olunanlara qeyri-ciddi yanaşmağa səbəb verir. O qədər reytinq naminə belə səhnələr qurulur, aparıcılar şou adı altında qalmaqallar yaradırlar, sosial proqramlarda gərginliklər sərgilənir ki, tamaşaçının efirə inamı qalmır. «Yenə artistlik etməyə başladılar» deyə az qala televiziya və aparıcı məzxərəyə qoyulur. Axı televiziya birgə əməyin nəticəsidir. Orda bir nəfərin çirkinliyi çoxlarının da çirkin görünməsinə şərait yaradır. Niyə yalandan reytinq olsun deyə tamaşaçını aldadan tamaşaçıya görə mənə qarşı da aqressiya yaranmalıdır. Düzdür, tamaşaçılar ağı-qaradan ayıra bilir. Tamaşaçı hansı aparıcının efirdə nə qədər səmimi olub-olmadığını hiss edir.
- Həqiqətənmi yerli kanallar, teleməkanımız bu qədər reytinqin əsirinə, qurbanına çevrilib?
- Bəli, təəssüf ki, reytinqin qurbanına çevrilmişik. Peşəkar televiziyaçılar bu mənzərədən artıq narahatlıq yaşayırlar. 23 illik təcrübəm var. İlk addımlarımı 19 yaşından Azərbaycan Dövlət Televiziyasından atmışam. Aparıcılığı ordan öyrənmişəm, tanınmış diktorların yanında böyüyüb onlardan bəhrələnmişəm. Efir tərbiyəsini, etikasını, tərzi peşəkarlardan mənimsəmişəm. Yerindən duran təsadüfi insanlara televiziyaların qapılarını bu qədər rahat açmayaq. Onlar alaq otu kimi teleməkanları bürüyüblər. Azərbaycanda yetərincə maraqlı elm xadimləri, ziyalılarımız, yazarlarımız, şairlərimiz, musiqiçilərimiz var. Onları efirlərə dəvət edin. Onların düşüncələrini dinləyin, tamaşaçıya bir az da səviyyəli, savadlı qonaqlar təqdim edin. Nə qədər palatkadan çıxanları efirə gətirmək olar? Nə qədər efirlər bayağı söhbətlərlə doldurulacaq? Bununla nə əldə edirik. Efirdə söyüşlər səslənir, bu nə qədər doğrudur. Bəzi peşəkar aparıcılar efirdə qonaqlar arasında gərginlik yaşansa belə, fikir ayrılığı yaşansa da, bunu tamaşaçıya təqdim etmir ki, efirim tamaşaçıya səliqəli təqdim edilsin. Bəziləri isə tam əksinə, bilərəkdən, hazırlaşaraq efirdə qalmaqallar yaradırlar, o gərginlik üçün zəmin yaratmaqla ancaq reytinq şkalasını düşünürlər. İndi sual verirəm, efirdə olan bu insanlara? Nə qazanmısız? Bununla haraya qədər gedə bilərsiz?
- Bəs efirdə qazancımız nədir?
- Son vaxtlar ancaq itirə-itirə gedirik. Dahiləri itiririk, ciddi bəstəkarlar qalmayıb. Olanları dəvət etmirik. Niyə bu günün gənc yazarları arasında Ramiz Rövşənlər, Musa Yaqublar yoxdu. Niyə indiki gənclər arasında Tofiq Quliyev, Qara Qarayevlər, Cahangir Cahangirovlara rast gələ bilmirik. Çünki gənclərimiz sosial şəbəkələrdə mənasız paylaşmalara zaman xərcləyirlər, efirlərdə bayağı musiqilər baş alıb gedir, kitab oxuyan gənc görəndə ona xəstə kimi baxmağa başlayırlar, sosial media həyatımızı zəhərləyir. Uşaqlarımızı teatra aparmırıq, buna zaman tapa bilmirik. Efirlərdə ancaq toydan, müğənnilərin gəlirindən, dəbdəbəli həyatından danışırıq. Son illər çəkilən filmlərə, seriallara diqqət yetirin. Əlində siqaret çəkən qızları təbliğ edirik, atasının üzünə qayıdan oğulu sərgiləyirik, arvadının xəyanətini milyonlara danışan kişinin ağlamağını göstəririk? Budu efirdə, ekranlarda təbliğ olunanlar? Bu, faciə deyilmi? Biz cinsi azlıq deyilən insanları efirlərdə reklam edib onları verilişlərə dəvət etməklə tamaşaçıya nə çatdırmağa çalışırıq? Axı bunlar uşaqlarımızın psixologiyasını zədələyir. Ailə problemlərini teatrlaşdıraraq - arvad qonşusunun əri ilə qaçdı, qayınata gəlini güllələdi, deyə tamaşaçıya məlumat vermək, izləyicinin diqqətini çəkmək televiziyanın məqsədi ola bilməz. Budurmu bizim tamaşaçıya çatdırmaq istədiklərimiz. Hər bir aparıcı efirə çıxarkən tamaşaçı qarşısında məsuliyyətini dərk etməlidir. Bir Azərbaycan kişisi efirdə çıxıb arvadından şikayət edə bilməz, onun xəyanətini rahat dilə gətirə bilməz. Mən Azərbaycan kişisini belə görmək istəmirəm. Azərbaycan kişisinin zəhmi, sözünün ailədə kəsəri olub. Başında namus kimi daşıdığı papağı olub. Azərbaycan qadınını efirdə ləyaqətsiz, əxlaqsız kimi təqdim edə bilmərik. Bu, mental dəyərlərimizə ziddir.
- Hər bir veriliş tamaşaçıya təqdim olunmazdan öncə onun məqsədi, məramı, ünvanlanmış auditoriyası olmalıdır. Təqdim olunan televiziya proqramı özündə bir sosial mesaj yükü daşımalıdır. Bugünkü proqramlarda bunları görə bilmirik. Efirlərdə sosial mesajlar yoxdu.
- Həqiqətən verilişin ana xətti, məqsədi olmalıdır. Tamaşaçı verilişdən nəsə əldə etməlidir, izlədiyi hər proqram onun informasiya bazasını yükləmədən zənginləşdirməlidir. Bunun üçün isə sadəcə televiziyada peşəkar kadrlara ehtiyac var. Bu təkcə aparıcıların qüsuru deyil. Bir verilişin uğrunda nə qədər redaktorun, rejissorun, aparıcının rolu varsa, qüsurlarda da o qədər payları var. Son vaxtlar belə bir deyim dəbə düşüb. Tanınmış teleaparıcı filankəs. Sən nə vaxt tanınmış oldun? Tanınmış sima!!! Görəsən, bu sima nə vaxt tanındı? Efirdə layihələrinlə tanınmalısan.
- Aparıcıların dil-üslub problemləri müzakirələrə səbəb olur. Efirdə ləhcə ilə danışmaq, jarqon ifadələrdən, küçə üslubundan istifadə etmək də səmimilik adı altında təqdim edilir.
- Aparıcı efirdə loru dildə, ləhcə ilə danışa bilməz. Dil-üslub məsələsində böyük qüsurlar var. Hətta sənin danışığında ləhcə problemi varsa, bunu aradan qaldırmaq vacibdir. İncəsənət Universitetində bunu tədris edən mütəxəssislər, pedaqoqlar var. Peşəkar diktorlarımız var ki, onlar efir danışığı ilə bağlı treninqlər keçirirlər. Onlarla fərdi şəkildə məşğul olmaq olar. Səhnə danışığı deyilən bir dərs var. İncəsənəti bitirən uşaqlar bunu daha yaxşı bilir. Aparıcı mütləqdir ki, səhnə danışığına yiyələnməlidir. Kimin ləhcəsi olmayıb ki? Öyrənmək lazımdır. Demirik ki, gənclər arasında heç kim aparıcı olmağı arzulamasın. Ya da televiziyaya gəlməsin. Sadəcə televiziyaya gəlmək istəyən hər bir insan bunun üçün zəhmət çəkməli, dilinə, üslubuna diqqət yetirməli, qüsur varsa, onun aradan qaldırılmasına maraqlı olmalıdır. Efirdə ədəbi dildə danışmaq vacibdir. Aparıcı efirdə çox rahatlıqla «türkün məsəli» ifadəsini işlədir. Bu nə deməkdir? Nə ifadədir? Türkün məsəli nə deməkdir? Bu, efir danışığında işlədilən söz deyil axı. Aparıcılar mütləq televiziya məktəbindən keçməlidirlər. Verilişlərdə tamaşaçıları qıcıqlandıran ifadələr, mövzular təqdim oluna bilməz.
- Efirdə görünmək, əl çalıb oynamaq… Bəziləri bunu aparıcılıq hesab edir.
- Təəssüf ki, belə aparıcılar çoxdu. Aparıcı hər verilişə hazırlaşaraq daxil olmalıdır. Geyimindən tutmuş qoyduğun mövzuya qədər önəmlidir. Sən efirə hazırlaşmalısan. Gənc aparıcıdır. Verilişinə onun yaşı qədər təcrübəsi olan sənətkar gəlib. Müraciət yanlışdır, dəvət edəndə «sən» deyə müraciət edir. Sən neylədin? Sən filan mahnını oxudun? Bu, qeyri-etikdir. Ümumiyyətlə, efirdə «sən» sözü yoxdur, «siz» sözü var. Bunu birmənalı qəbul etmək lazımdır. Qonaq səndən yaşda kiçik də olsa, böyük də, «sən» deyə müraciət edə bilməzsən. Efirdə qonağa «siz» deyə müraciət olunmalıdır. Efir «sən» sözünü sevmir. Efirdə «mən» sözü yoxdu, «siz» sözü var. «Mən dedim, mən düşündüm» deyə ifadə işlədə bilməzsən. Sən kimsən? Efirdə biz belə düşünürük, biz sizi dəvət etmişik deyə müraciət forması daha doğrudur. Çünki veriliş komandanın birgə əməyi ilə ərsəyə gəlir. Sən görünən tərəf ola bilərsən. Amma sənin təqdimatında gedən efirdə arxa planda onlarla insanın əməyi durur. Ona görə də dəvət etdiyin qonaq təkcə sənin qonağın deyil, komandanın qonağıdır. Efirdə sən tək qərar verə bilməzsən. Deməli, bizim fikrimizcə, deyib münasibət bildirə bilərsən. Bilirsiz, bu incəliklər vacib elementlərdir. Sən deyə bilməzsən ki, mən istəyirəm sən bir mahnı oxuyasan. Biz istəyirik ki, siz bir ifa təqdim edəsiniz.
- Bəzi aparıcılar sanki prokuror kimi ittiham kürsüsündə oturduqlarını sanırlar. Efirdən şəxsi tribuna kimi istifadə edirlər. «Mən deyirəm, mən edərəm» deyib təkəbbürlü görünürlər…
- Bəli, bu gün efirdə təkəbbürlə dolu, iddiası imkan və potensialından qat-qat çox olan, ancaq «mən» deyib efir boyu bağıran aparıcılarımız var. Mən deməklə sən kim olduğunu sübut edirsən? Sən deyilən bir anlayış yoxdur efir məkanında. Sənin verilişin reytinq əldə edibsə, bu təkcə sənin əməyin, zəhmətin hesabına qazanılmayıb. Sən komandanın hesabına efirdə reytinq əldə etmisən. Necə «mən» deyə bilərsən? Aparıcı işin görünən tərəfidir. Bəs efirin görünməyən tərəfində duran insanların əməyini niyə dəyərləndirə bilmirsən? Operator bir kadrla səni o qədər çirkin, biədəb göstərə bilər ki, bu sənin üçün zərbə olar. Ya redaktor sənin qeyri-ixtiyari işlədə bildiyin səhv kəlməni kəsmədən efirə verərsə, sənin səhv məlumatını düzəliş etmədən təqdim edərsə, karyeran dağıla bilər. Sən bunları dərk etmirsənsə, demək, televiziya məkanından xəbərsizsən. Şou yaradanda da komandaya arxayın olmalısan.
- Efir estetikasına aparıcının geyim tərzi, saç düzümü təsir edə bilərmi?
- Təbii. Ən vacib incə məqamlardan birinə toxunmusuz. Aparıcının dili nə qədər səlis olmalıdırsa, onun görünüşü, üslubu da bir o qədər tamaşaçını yormamalıdır. Aparıcı bilməlidir ki, səhər verilişinə hansı qiyafədə gələ bilər, hansı saç düzümündə olmalıdır. Ya da axşam efirində o, hansı tərzi seçməlidir? Verilişin formatına, mövzusuna uyğun tərzin seçilməsi ən vacib elementlərdən sayılır. Hər bir kanalın baxılan verilişi, pərəstiş etdiyi aparıcısı var. Peşəkardı, ya yox, bu başqa məsələdir. Hər verilişin, hər kanalın öz tamaşaçısı var. Bizim bəyənmədiyimiz, savadsız kimi qəbul etdiyimiz aparıcının belə öz publikası var. Ona görə də hər bir aparıcı tamaşaçı qarşısında məsuliyyətini dərk etməlidir. Kütləyə nümunə olmalıyıq. Biz doğruları təqdim etməli, səliqəli danışmalı, mədəni olmalıyıq. Aparıcının ən böyük silahı sözdür. Ondan düzgün istifadə etməlidir. Sözün kəsərini bilməlidir. Belə bir deyim var, bıçaq yarası sağalır, söz yarası sağalmır. Sözlə düzgün davranmaq lazımdır. Efir səhvi bağışlamır. İnsanları yükləmək olmaz. Efir insanlarda inam yaratmalıdır, güvən hissi aşılamalıdır. Efir neqativliyi sevmir. Bu gün mən sosial şəbəkədə bir ananın çarəsizliyini gördüm. Uşağının xəstəliyi qarşısında aciz qalan ananı görmüşəm, özümə gələ bilmirəm. Bilirsiz, bunlara diqqət yetirək. Efirdə olan insanam, bu mənim ruhuma təsir etdi. Mən efirə tamaşaçı qarşısına çıxarkən həyəcanımı, narahatlığımı hiss etdirə bilmərəm. Problemlərim varsa, onu tamaşaçıya yansıtmaq haqqım yoxdur. Səhər tezdən bunu tamaşaçıya təqdim edib ruhunu dağıtmaq olmaz. Bir də bu gün bəzi aparıcılar efirdən şəxsi tribuna kimi istifadə edirlər. Şəxsi ədavətlərini efir vasitəsilə aparırlar. Ordan münasibətlərinə aydınlıq gətirməyə çalışırlar. Heç kimin efir saatını şəxsi maraqları üçün istifadə etməyə haqqı yoxdu.
Tahirə Məmmədqızı