Əhali diqqətli olmalıdır

İstirahət mərkəzlərində, xüsusən də hovuzlarda təhlükəsizlik problemi qalır
“Valideynlər var ki, sahildə uzanıb özünü günə verir, uşaq təkbaşına dənizdə çimir. Bir də ayılır ki, uşaq az qalır boğulsun”

Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsindəki akvaparkda yaşanmış faciə yay mövsümü istirahəti zamanı ayıq-sayıq olmağın nə dərəcədə vacib olduğunu göstərir. Xatırladaq ki, sözügedən akvaparkda elektrik sızıntısı böyük faciəyə səbəb olub. Akvaparkdakı hovuza yaxınlıqdakı evdən elektrik naqili çəkilibmiş. Lakin naqildə elektrik sızıntısı yaranıb.

Hovuzda çimən 3 uşaq çırpınmağa başladıqda yaxınları hovuza atılaraq onları xilas etməyə çalışıb. Lakin bu, heç bir fayda verməyib. Elektrik cərəyanı 3 uşağı da, onları xilas etməyə çalışan 2 nəfəri də öldürüb. Hadisə sonrası araşdırma aparılarkən məlum olub ki, akvapark ərazisində təhlükəsizlik qaydalarına riayət edilməyib. Yaxınlıqdakı yaşayış evindən hovuzun içi ilə elektrik naqili çəkmək böyük yanlışlıqdır və 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfər bu məsuliyyətsizliyin qurbanı olub.
Xatırlayırsınızsa, illər öncə Nabran istirahət zonasında 5 yaşlı İmran oxşar səhlənkarlığın qurbanı oldu. Körpə hovuzda açıq halda saxlanan su nasosuna ilişdiyindən ayağı amputasiya edildi. Təəssüf ki, istirahət zonalarında bu cür hadisələrdən heç kim sığortalanmayıb.

Səbəb də istirahət zonalarının təhlükəsizlik qaydalarına riayət etməmələridir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında əhalini istirahət məkanları seçərkən də diqqətli olmağa məsləhət gördü:

- Əksər istirahət zonalarında təhlükəsizliyə zəmanət sıfır səviyyəsindədir. Hər kəsə bəllidir ki, istirahət mərkəzlərində yoxlamalar "mən ölüm-sən ölüm”lə həll olunur. Saxta yoxlamalar aparılır. İnsanların ailəvi istirahət etdiyi mərkəzlərdə təhlükəsizlik qaydalarına əməl edilmir. İstirahət mərkəzlərində adətən taxta evlər - koteclər tikilir. Orada elektrik cihazlarından tutmuş, yanğından mühafizəyədək hər şeyə ciddi diqqət edilməlidir. Bütün otaqlarda yanğınsöndürən balonlar qoyulmalıdır. Elektrik naqilləri, elektrik cihazları daim yoxlamadan keçirilməlidir. Bunu edən varmı? Elektrik naqilləri ancaq işıqlar sönəndə, elektrik enerjisi kəsiləndə yada düşür ki, baxaq, görək niyə işıqlar söndü? 

Xarici ölkələrdə bir müəssisə, yaxud şirkət mətbuat konfransı keçirəndə də toplantıya başlamazdan öncə iştirakçıları evakuasiya xəritəsi ilə tanış edir ki, Allah eləməmiş, birdən nəsə hadisə baş versə, insanlar binanı hansı yolla tərk etməlidir bilsinlər. Bizdə isə çox təəssüf ki, belə vacib məsələlər ən sonuncu hesab olunur. Əlbəttə, istirahət və əyləncə mərkəzlərində baş verən xoşagəlməz hadisələr insanlara mənfi təsir edir və əhali belə məkanlara getməkdən artıq ehtiyatlanır. İstirahətə gedənlər ehtiyatlı olmalıdır, ehtiyatı əldən verməməlidirlər. İstirahət mərkəzlərinə gedəndə oranın vəziyyəti ilə maraqlansınlar. Vətəndaş istirahətə görə pul ödəyir, həm də mərkəz rəhbərliyi təyin etdiyi məbləği. Belədirsə, vətəndaşın da tam hüququ çatır ki, dincələcəyi, ailəsinin istirahətini təmin edəcəyi məkan barəsində ətraflı məlumat alsın. İstirahət məkanlarına gedənlər bilməlidir ki, orada istər yanğından mühafizə, istərsə də ümumi mühafizə xidməti işləyirmi, dalğıclar, xilasedicilər varmı, yeməklər harada, necə bişirilir, xidmət hansı səviyyədədir. Elektrik cərəyanı daimidirmi?

 Ətrafa bir göz gəzdirsinlər, bu istirahət məkanının yerləşdiyi ərazini tanısınlar. İnsan hər bir ekstrimal vəziyyətə özünü öncədən hazırlamalıdır. Yoxsa, bizim camaat gedir bir istirahət məkanına, bir həftə orda qalır, sonda qiymət bildiriləndə, etiraz edir ki, burda nə istirahət etdim ki, filan qədər də ödəyim?! Ümumiyyətlə, insan istər istirahət mərkəzlərinə, istərsə də lap adicə çimərliyə gedəndə, gəzintiyə çıxanda da bilməlidir ki, gərək birinci özünü qoruyasan, çünki sənin mühafizəni çox da düşünən yoxdu. Valideynlər var ki, sahildə uzanıb özünü günə verir, uşaq təkbaşına dənizdə çimir. Bir də ayılır ki, uşaq az qalır boğulsun. Xüsusən, uşaqları heç vaxt nəzarətsiz qoymaq olmaz. Attraksionlarla bağlı da ehtiyatlı olmaq lazımdır. Uzun illər fəaliyyət göstərən yelləncəklər, digər atraksionlar nasaz vəziyyətdə ola bilər. Valideynlər diqqətli olmalıdır. Yay mövsümünü sağ-salamat başa vurmaq istəyirsinizsə, ehtiyatı əldən verməyin.

Məlahət Rzayeva