“Əhalinin sayına görə Gürcüstan parlamentində 20 deputatımız olmalıdır”

Kərəm Məmmədov: “Bəri başdan seçkinin şəffaf olub- olmayacağına dair proqnoz verə bilmərəm”



Bu il oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri baş tutacaq. Artıq bir müddətdir ki, marafona ciddi hazırlıq işləri gedir və seçkilərin təbliğat, təşviqat kampaniyasına start verilib. Məlumat üçün bildirək ki, bu ölkənin qanunverici orqanında 150 yer üçün 29 partiya mübarizə aparacaq.

"Gürcü arzusu”, "Vahid Milli Hərəkat”, "Paata Burkuladze-Xalq üçün”, "Respublikaçılar” və "Azad demokratlar” partiyaları isə marafona qatılacaq aparıcı siyasi təşkilatlar hesab edilir. Şübhəsiz ki, bu ölkədə yaşayan soydaşlarımızdan bir neçəsi məlum seçkilərdə iştirak edəcək. Onlar müxtəlif partiyalardan, təşəbbüs qrupu tərəfindən öz namizədliyini irəli sürüb. Amma təəssüf doğuran məsələ odur ki, azərbaycanlı namizədlərin sayı qənəatbəxş deyil. Hətta Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov da bundan gileylənib. O qeyd edib ki, hazırda Gürcüstan parlamentində 3 azərbaycanlı deputat təmsil olunur: "Əslində, 15 deputat olmalıdır. Təəssüflər olsun ki, ancaq 3 nəfər azərbaycanlı deputata icazə verilir”. Əlbəttə, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatların azlıq təşkil etməsi müxtəlif səbəblərlə izah olunur. Kimi bunu Gürcüstan hökumətinin müdaxiləsi ilə əlaqələndirir, kimi isə oradakı soydaşlarımızın siyasi proseslərdə passivlik nümayiş etdirmələri ilə bağlayır. Əslən Borçalıdan olan tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədov isə "Şərq”ə açıqlamasında bu iddialarla razılaşmayıb. O, bildirib ki, oradakı soydaşlarımıza hökumət tərəfindən heç bir maneə törədilmir və soydaşlarımız siyasi proseslərdə kifayət qədər aktivdirlər: "Əvvəla deyim ki, seçki məsələsinə müdaxilə etməyə haqqım yoxdur. Xarici ölkə vətəndaşlarının işlərinə qarışmaq doğru deyil. Sadəcə olaraq onu demək istərdim ki, bizim Gürcüstanda namizədliyini irəli sürən yetərli sayda layiqli namizədlərimiz var. "Soydaşlarımız siyasi proseslərdən uzaqdır, siyasi proseslərdə aktivlik nümayiş etdirmirlər” iddiaları ilə razılaşmıram. Ona görə ki, ən uzaq dağ kəndlərində belə iki qardaşın arasında iki fərqli siyasi partiyaya səs vermələri barədə mübahisə yaranır. Bunu müsbət hal kimi dəyərləndirirəm”.

"Soydaşlarımız siyasi proseslərdə aktivdirlərsə, Gürcüstan hökuməti də onlara qırmızı xətt göstərməyibsə, bu ölkə parlamentindəki təmsilçilərimizin sayı niyə azdır” sualına gəlincə, müsahibimiz bunları deyib: "Mən istərdim ki, Gürcüstan parlamentində 20 nəfər soydaşımız təmsil olunsun. Əhalinin sayına uyğunlaşdırıb götürsək, ən azı 20 təmsilçimiz olmalıdır. Niyə də olmasın? Gürcüstan əhalisini proporsional qaydada götürsək, 5 milyon əhalisi var. O 5 milyonun 2 yüz 33 minini biz təşkil ediriksə, deməli, orda daha çox soydaşımız təmsil olunmalıdır. Buna ixtiyarımız da var, imkanımız da. Seçicilərimizin sayı da buna imkan verir. Sadəcə bir milli formada, bir də siyasi formada təmsil olunma var. Fikir verirsinizsə, oradakı deputatlarımız müxtəlif siyasi partiyaların təmsilçiləridirlər. Bunu müsbət hesab edirəm. Çünki Gürcüstanda siyasi plüralizm var. Düzdü, seçkidə şəffaflığın qorunub-qorunmayacağı seçki günü məlum olacaq. Bəri başdan seçkinin şəffaf olub-olmayacağına dair proqnoz verə bilmərəm. Ancaq seçkilərə hazırlıq çox yüksək səviyyədədir. Siyasi mübarizə var. Bu, tam şəkildə hiss olunur”.

"Hazırda Gürcüstan parlamentindəki deputatlar Borçalının problemlərini bu qanunverici orqana daşıya bilirlərmi” sualına K.Məmmədov maraqlı və eyni zamanda təəccüblü cavab verib: "Mən Gürcüstan Respublikasının spikeri və ya vitse-spikeri deyiləm ki, onların fəaliyyətlərinə qiymət verim. Həmin şəxslərə seçiciləri qiymət verəcək. Fəaliyyətləri müddətində seçicilərinin etimadlarını doğruldublarsa, onlara yenə də səs verəcəklər. Amma deyim ki, zaman-zaman soydaşlarımızın problemlərini parlamentdə qaldırırlar. Erməni məsələsi ortaya atılan kimi deputatlarımız onları susdururdu. Azərbaycanın haqq səsinin Gürcüstan parlament üzvlərinə çatdırılmasına yaxından köməklik göstərirdilər. Bunları da alqışlayıram”.

Ayyət Əhməd