Əhatə genişlənir

İcbari tibbi sığortadan əhali də razı qalacaq, həkim də



Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi ilə bağlı imzaladığı fərmana uyğun olaraq Mingəçevir şəhəri və Yevlax rayonu ilə yanaşı, Ağdaş rayonunun inzibati ərazisində də icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 18 milyon manat vəsait ayrılıb.

Məlumdur ki, Mingəçevir və Yevlax şəhərlərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihənin icrası artıq həyata keçirilir. İndi bu sıraya Ağdaş rayonu da əlavə olunur. Bu isə icbari tibbi sığortanın tətbiqinin sürətlə aparıldığını və yaxın zamanda bütün ölkə ərazisini əhatə edəcəyini deməyə əsas verir.
Qeyd edək ki, icbari tibbi sığortanın faydalarından əhali ilə yanaşı, tibbi personal da artıq yararlanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilir ki, pilot ərazilərdəki tibb müəssisələrində çalışan orta və kiçik tibb işçilərinin əmək haqları artırılıb.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov icbari tibbi sığortanın getdikcə daha çox bölgəni əhatə etməsinin müsbət hal olduğunu dedi:

- Bəzən belə sözlər eşidirdik ki, tibb bacıları əmək haqqından narazılıq edir, "səhərdən-axşamadək ayaq üstəyik, aldığımız da heç nədir” deyirlər, pasiyentlərdən əlavə haqq umurlar və s. İcbari tibbi sığortanın tətbiqinin əsas üstünlüklərindən biri də məhz budur ki, əmək haqları artırılır, bu da tibbi personalın əmək əmsalının yüksəldilməsinə xidmət edir. Əmək haqları yüksəlirsə, deməli, həkimin, tibb işçisinin sosial təminatı da artır. Gürcüstanda 15 ildir ki, icbari tibbi sığorta tətbiq edilir. Əhali də razıdır, həkimlər də.

 İcbari tibbi sığortanın üstünlükləri əlbəttə, çoxdur. Məsələn, bu gün dünyada da, Azərbaycanda da ən çox rast gəlinən məhz ürək xəstəlikləridir. 

Təcili Tibbi Yardıma gündəlik çağırışların bəlkə də 90 faizini ürək xəstəlikləri ilə bağlı çağırışlar təşkil edir. Ürək xəstəliklərinə qarşı dünyada "stendləmə proqramı” icra olunur. Bu proqram ürək xəstəliklərində qabaqlayıcı tədbir kimi çox əhəmiyyətlidir.

 Bu proqramın həyata keçirilməsi Azərbaycan üçün böyük irəliləyiş olardı. Məlumdur ki, icbari tibbi sığortanın icrasına artıq başlanılıb. İki regionda pilot layihə həyata keçirilir.

 Üçüncü inzibati rayon - Ağdaş da bu siyahıya əlavə olundu. Bəlkə də bu il ərzində icbari tibbi sığorta bütün ölkəni əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi stendləmə proqramının icrasını da asanlaşdıra bilər. Görün, bununla nə qədər insanın həyatı xilas edilər. Tibbi sığorta bütün xəstəlikləri, bütün ölkə əhalisini əhatə edir.

 Vətəndaş istədiyi zaman tibb müəssisəsinə müraciət edib yoxlamalardan keçə bilir. Stendləmə proqramı da icbari tibbi sığrtanın br hissəsi kimi icra oluna bilər. Bu proqram sırf ürək-damar xəstələrini nəzərdə tutduğu üçün icrasına böyük vəsait də tələb olunmur. Biz kiçik bir vəsaitlə əhəmiyyətli irəliləyişə nail ola bilərik.

Məlahət Rzayeva