Ehtiyatlı olmasan, bir gün başına döyəcəksən

Evinin divarından ov tüfəngi asılan minlərlə ailə var 15 yaşlı qızın özünü güllələməsi valideynləri daha məsuliyyətli olmağa səsləyir


Astara rayonunda 15 yaşlı qız özünü güllələyib. Hadisə rayonun Şümrüd kəndində baş verib. 2001- ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb. Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq cərrahi əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub.


Kənd sakinlərinin dediyinə görə, Qızılgül Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi
səbəbindən intihara cəhd edib. Amma cəmiyyətdə narahatlıq doğuran yeniyetmə qızın nakam sevgi
üzündən özünü öldürmək istəməsi deyil. Bu barədə çox yazılıb, deyilib. Psixoloqlar, sosioloqlar
media vasitəsilə valideynlərə çağırış edərək gənclərin seçiminə qarışmamağı tövsiyə ediblər. Bir
sevgi uğruna insanın öz həyatına son verməsinin ağlabatan olmadığı isə gənclərə aşılanıb.
Deyilənlərdən nəticə çıxarıb-çıxarmamaq isə onların öz öhdəsinə buraxılıb. 

Necə deyərlər, təklif var, israr yoxdur! Baş verən hadisədə müzakirə predmeti olan əsas məsələ qızın özünə odlu silahla atəş açmasıdır. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl də 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tir tüfəngi ilə ehtiyatsız davranaraq qardaşı, 3 yaşlı Güloğlana xəsarət yetirmişdi. Problem bununla da bitmir. Zaman-zaman atasının-babasının adına qeydiyyatda olan ov tüfəngi ilə cinayət törədən gənclərə, intihar edənlərə, ehtiyatsız davranan azyaşlılara çox rast gəlmişik. Bir sözlə, ölkəmizdə "Divarda tüfəng varsa, bir gün mütləq açılmalıdı” - deyimi özünü daha qabarıq şəkildə göstərməkdədir. Qabaqlayıcı tədbirlər görülmədikcə də, insanların ov tüfəngi ilə ehtiyatsız
davranaraq, bəzən də bilərəkdən özlərinə və doğmalarına zərər verməsi hallarının sonu olmayacaq.
Ekspertlər isə əvvəlcə evdə saxlanılan silahların içinin boş və silah ilə güllələrinin ayrı yerlərdə
olması lazım olduğuna diqqət çəkiblər. Azərbaycan cəmiyyəti bu hadisədən nəticə çıxarmalı və
evlərdə olan silahların xüsusilə uşaqlar üçün bir təhlükə meydana gətirməsi faktını unutmamalı,
silah saxlama mövzusunda məlumatlı olmağın əhəmiyyətini dərk etməlidirlər.

Xüsusən də uşaqlar silahlardan istifadə zamanı baş verə biləcək pis nəticələr haqqında
məlumatlandırılmalı və silahların bir oyuncaq olmadığına inandırılmalıdırlar.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə ümumiyyətlə mülki şəxslərin
evdə silah saxlamasının doğru olmadığını deyib. Onun sözlərinə görə, lap sənədi-pasportu olan ov tüfəngi olsa belə, sadə vətəndaşın evində odlu silah saxlaması yolverilməzdir:

"Əvvəla ona görə ki, bu cür hadisələr baş verə bilər, bundan heç kim sığortalanmayıb. Axı azyaşlı
uşaq nə bilir onun təhlükəli olduğunu? Hər gün efirdə, filmlərdə gördüyü bir şeyin evlərində olması
onun marağına səbəb olacaqdı, bu, aksiomadır. O silahı əlinə götürən uşağın bir xəta törədəcəyi də
məlum idi.Bu dəfə yaralanma olub, amma ölüm hallarını azmı görmüşük? İstənilən halda silah təhlükəlidir, bunu anlamaq çox çətin deyil. Böyüklərin soyuqqanlılığı, etinasızlığı bu kimi hadisələrə səbəb olursa, onda silahların sənədli-qanuni olması məsələsi bir daha düşünülməli, mülki vətəndaşın silah saxlamasına icazə verilməməlidir. Başa düşürəm, ailə yadigarı ola bilər, babadan, atadan qalmış
qiymətli xatirə ola bilər, amma bu yadigarın bir insan ölümünə səbəb ola biləcəyi ehtimalı da
düşünülməlidir. Buna görə etibarlı yerdə mühafizə edilməlidir. Lap elə lazımi orqana təhvil verilib
mühafizə edilməsini qanuni yolla sənədləşdirmək olar”.

Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, odlu silah kimə təhkim olunursa, həmin adam rəsmi
qeydiyyatdan keçməlidir. Əgər şəxs silahın saxlanılması ilə bağlı təhlükəsizlik qaydalarına əməl
etməyib, diqqətsizlik edirsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə
uyğun olaraq, cinayət məsuliyyəti nəzərdə tutulub: "Bizim qanunvericiliyin tələblərinə görə, yivsiz
ov silahı və həmin silah üçün döyüş sursatı əldə edən şəxslər bunu əldə etməmişdən əvvəl polis
orqanlarına müraciət etməli, həmçinin arayış təqdim etməlidirlər ki, psixi vəziyyətləri sağlamdır. Bu
arayış, habelə onların məhkum olunmaması, cinayət törətməməsi barədə sənədlər polis orqanlarına
təqdim olunmalı və şəxsin almaq istədiyi silah polis orqanlarında qeydiyyatdan keçməlidir. Silah
qeydiyyatdan keçdikdən sonra onun həmin şəxsə məxsus olması barədə polis orqanları tərəfindən
onlara xüsusi vəsiqə verilir. Şəxs bu vəsiqəyə əsasən odlu silahı saxlaya bilər. Hətta vəsiqəsi olan
şəxs əgər odlu silahı diqqətsiz saxlasa, buna görə Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə cinayət
məsuliyyəti nəzərdə tutulub. Yəni odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində
həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda 2 ilədək islah işləri və ya 2
ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Yəni Azərbaycan reallığına uyğun
silahlarla bağlı normativ hüquqi aktlar kifayət qədərdir”.

Ov tüfənglərinin evdə saxlanılması qaydalarının qanunla tənzimləndiyini vurğulayan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib ki, silah almaq istəyən şəxslərdən müxtəlif mərhələlərdən keçməsi tələb olunur. Silah konkret şəxsə təhkim olunduqdan sonra isə onun silahdan istifadəsi ilə bağlı başqa təsir mexanizmləri qalmır. Normativ ondan ibarətdir ki, Ovçular Cəmiyyətinin üzvü olandan sonra vətəndaşların silahı əldə etməsi qanuniləşir:

"Evlərdə olan ov tüfənglərinin məsuliyyəti birbaşa şəxslərə aiddir və aidiyyəti qurumların onlara
nəzarət etmələri mümkünsüzdür. Ən azından ona görə ki, ölkədə ov tüfənginə sahib olan insanların
sayı minlərlədir. Hər bir silah sahibinin yanında xüsusi polis əməkdaşlarının müşahidə mexanizmini
təşkil etmək də olmaz. Belə olan halda təhlükəsizlik baxımından vacib olan ov tüfənglərinin
alınması normativlərinin sərtləşdirilməsidir. Nə qədər çox adam silah əldə edirsə, baş verən bədbəxt
hadisələrin sayı da bir o qədər çox olur. Boşuna deməyiblər ki, "divardan asılan tüfəng mütləq bir
gün açılacaq”. Elə də olur. Əgər silahların rəsmiləşdirilməsi ilə bağlı prosedurlar sərtləşdirilərsə,
ovçu olmadığı halda silah əldə edib evində suvenir kimi saxlayan insanların sayı azalar. Başqa
vasitələrlə prosesin üzərinə getmək qeyri-mümkündür”.

Şəymən