Elməddin Muradlı: " Bu məsələ hüquq-mühafizə orqanlarının diqqətində olmalı, ciddi nəzarət edilməlidir "
Bu günlərdə Sherg.az saytında "Maşın bazarında biabırçılıq:"Xaricdən iç-içə salınmış köhnə təkərlər gətirilir" başlıqlı məqalə dərc olunub. Yazıda bəzi dələduzların Almaniya və digər Avropa ölkələrindən istifadə müddəti başa çatmış təkərləri iç-içə yerləşdirərək Bakıda Babək prospektində yerləşən "Maşın bazarına daşıması, onlara "şporlar" açıb təzə təkər adı altında satışa çıxarmasından bəhs olunur. Bundan başqa məqalədə o da qeyd olunur ki, bu cür təkərlər əksər hallarda çox ağır qəzalara yol aça bilir. Yəni avtomobil hərəkətə olarkən təkər çırılıb avtomaşının altından çıxır ki, nəticədə amansız hadisələr baş verir".
Faktı təsdiqləyən nəqliyyat üzrə ekspert, "Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Shergaz-a açıqlamasında bildirib ki, satıcılar gömrükdə az rüsum ödəmək üçün, köhnə təkərləri bir-birinin içərisinə yerləşdirib gətirirlər.
Bununla belə ekspert əminliklə vurğulayıb ki, adıçəkilən "Maşın bazarı"nda həqiqətən alıcıların təhlükəsizliyini düşünən satıcılar da az deyil:
"Tanıdığım satıcılar var ki, dəfələrlə bazar rəhbərliyinə şikayət edir, qanunsuzluq edən dəllalları ifşa edirlər. Doğrudan da bu əməllər böyük təhlükələrə yol açır.
Hər kəsin o qədər imkanı yoxdur ki, yeni təkər alsın. Lakin maksimum çalışıb, təzə təkərlər almaq lazımdır. İşlənmiş təkərlərdə belə hallar aşkarlanırsa, dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
Bir müddət əvvəl də köhnə təkərləri yeni adı ilə satan dələduzlar aşkar olundu. Onların barəsində cinayət işi açıldı. Həmin cinayətkarlar insanları ölümə göndərirlər.
Belə hallarda təkərlərin şinləri sıradan çıxır, şişlər əmələ gəlir. Xüsusilə, bu dərəcədə temperaturda həmin şinlər partlaya bilir. Maşının müxtəlif detalları sıradan çıxır, qəza vəziyyəti yaranır. Ona görə, bu məsələ hüquq-mühafizə orqanlarının diqqətində olmalı, ciddi nəzarət edilməlidir.
5-10 manat artıq qazanc əldə etmək üçün insanların həyatını təhlükəyə atmaq da vicdan məsələsidir. Belə pul qazanmağın da axırı yaxşı olmur”.
E. Muradlı onu da əlavə edib ki, insanlar tanıdıqları, etibar etdikləri mağazalardan təkərlər alsalar daha yaxşı olar:
"İnsanın ayaqqabısı, avtomobilin isə təkəri mühümdür. Bəziləri ucuz olsun deyə 10 manata təkər alır. Düşünür ki, 3 aya yoxlayacaq. Bu təkərlər bəlkə də 3-4 maşının altından çıxıb. Almaniyada biri sürüb, atıb, Bakıda da başqası. Bu da həmin təkərləri 3-cü, 4-cü dəfə istifadə edən şəxslər üçün həyatı təhlükə deməkdir”.
Aysel Aslan