"Müəllimlərdən işə qəbul üçün imtahan götürənlər içərisində 1-2 nəfəri çıxmaqla qalanları pedaqoji prosesi bilmir”.
Bunu Sherg.az-a müəllimlərin işə qəbulu ilə bağlı hazırlanan yeni qaydaları şərh edərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.
Təhsil eksperti qeyd edib ki, müəllimlərin işə qəbul imtahanına ciddi peşəkarlıqla yanaşılmalıdır:
"Bu imtahan prosesinin təkmilləşdirilməsi faydalıdır, lakin bir sıra halları da nəzərə almaq lazımdır. Təhsil prosesinin məhsuldar, müəllimlərinin seçiminin düzgün olması üçün müəyyən işlər görülür. Bütün sahələr belədir ki, ali məktəblərdə nəzəriyyə öyrədilir, işləməklə isə bu nəzəriyyə təcrübə ilə tamamlanır. Buna görə, peşəkar yanaşma lazımdır. Bu baxışları hazırlayan adamlar elmi pedaqoji prosesi, insana münasibətdə psixoloji amilləri mükəmməl bilməlidirlər. Həmin məqsədəuyğunluqda insana hörmət və ehtiram əsas yer tutmalıdır. Bir məqam da var ki, imtahan təşkil olunacaqsa, ali məktəbi bitirmiş, əlində müəllimlik diplomu olan şəxsin imtahan verməsi ziddiyyətlidir. Elə ali məktəb ola bilər ki, orada müəyyən forma tətbiq olunur. Həmin müəllim yalançı "kafi”lərlə bitirib, diplom alıb. O müəllim lazım olan imtahandan keçə bilmirsə, ali məktəb hansı məsuliyyəti daşıyır? Ali məktəblər məzunlarının imtahanlardan keçməməyinə görə məsuliyyət daşımalıdır. Təklif edirəm, qaydalara bu məsələ də daxil edilsin. Ali məktəb məzunun nəticələrində məsuliyyəti olacaqsa, böyük fəallıqla kadrların hazırlığında lazım olan işləri görəcək”.
Ə. Ağayevin sözlərinə görə ümumiyyətlə, müəllimlərin iş imtahanını çətinləşdirmək əvəzinə ali məktəblərin səviyyəsini qaldırmaq daha məqsədəuyğun ola bilər:
"Müəllimlik universiteti bitirən kimi özünü göstərmir ki. Mənim kimi 40-50 illərlə müəllim olanlar var. Əvvəllər məzunlar ali məktəbi bitirəndən sonra diplomsuz bir müddət müəllim işləyib, təcrübə cəhətdən təkmilləşməsini göstərən xasiyyətnamə gətirirdilər. Bundan sonra diplom almaq mümkün olurdu. Ona görə ali məktəbi bitirən kimi müəllimlərin imtahana çəkilməsinin tərəfdarı deyiləm. Onlara imkan verilməlidir ki, özlərini məktəbdə göstərə bilsinlər. Məktəbin pedaqoji şurası, müəllim heyəti, direktorları söyləməlidir ki, müəllim bu işi bacardı yoxsa yox. Ondan sonra artıq həmin müəllimin məsuliyyətini artırmaq üçün imtahan etmək olar. Ali məktəbi bitirən kimi istər müəllim istər başqa peşə sahibi imtahana cəlb etmək pedoqoji cəhətdən düzgün deyil”.
Aysel Aslan