Ekspertdən müəllimlərə İRAD: "Şagird heç bir halda döyülməməlidir"




"Şagirdləri döyərək cəzalandırmaq Sovet dövründən qalma cəzalardır, bu uşaqları aqressivləşdirir, tərbiyəsinə mənfi təsir edir”.

Bu sözləri Sherg.az-a Astara rayonunun Şiyəkəran kəndində məktəbdə kameraya düşən müəllimin şagirdi döyməsi ilə bağlı danışarkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, hələ də orta məktəblərdə müəllim-şagird əməkdaşlıqlarının, ünsiyyət formalarının problemləri yaşanır:

"Müəllimlər uşaqlara obyekt kimi baxırlar, özləri ilə bərabər bir fərd kimi baxa bilmirlər. Müəllimlər düşünür ki, onlar nə dedi olmalıdır, şagirdlərin söz, fikir söyləmək haqqı yoxdur. Bunlar dədə-babadan qalma adətlərdir. Sovet dönəmindən qalma ənənələrin davam etdirilməsi ilə bağlı şagirdlərin döyülmə halları təkcə Astarada deyil, bir çox yerlərdə baş verir. Məktəblərdə hələ də uşaqlara humanist yanaşma tətbiq edilmir. Müəllimlər bu stereotiplərdən azad olmaq, özlərini inkişaf etdirmək, yeniliyi öyrənmək kimi metodlardan istifadə etmirlər. Sözsüz ki, uşağın hərəkətinə haqq qazandırmıram, bu yolverilməzdir. Lakin problemin başqa cəza vermə formaları var. 

Uşaqla söhbət etmək, məsələnin mahiyyətini anlamaq, ictimai qınaqdan istifadə etmək kimi metodlar var. Şagird müəllimə qarşı elə addım atıbsa, sinif yoldaşlarının qarşısında müəllimdən üzr istəyə bilərdi. Döyüldükdə isə uşaq daha da höcətləşir, müəllimin dediklərini etmir. Bunun üçün psixoloqun xidməti, müəllimin özünün məsələni həll etmə cəhdi olmalı idi. Dediyim kimi, uşağa etdiyi hərəkətin doğru olmadığını anlatmaq, başa salmaq lazım idi. Cəzalandırmaq heç də hər zaman işə yaramır. Müəllim humanist yanaşma prinsiplərinə riayət etməli, heç bir halda şagirdi döyməməlidir”.

Qeyd edək ki, Astara rayonu Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə müəllimin şagirdi döyməsi ilə bağlı video görüntülər yayılıb. Məktəbin direktoru Teymur Heydərov müəllimin şagirdi döyməsindən xəbərdar olduqlarını deyib.

Aysel Aslan