“Ekstremal jurnalistika təlimlərinə etiyac var”
İlham Quliyev: “Azərbaycan reallığını nəzərə alsaq, belə təlimlərin keçirilməsinə önəm verilməlidir”
Ekstremal jurnalistika Azərbaycan üçün hədsiz əhəmiyyətlidir. Müharibə şəraitində olan ölkədə böyükdən kiçiyə hər kəsdən sayıqlıq tələb olunur. Jurnalistlərsə birbaşa cəmiyyətlə işlədiyindən ayıq-sayıqlığa xüsusən diqqətlə yanaşmalıdırlar. Bunun üçün də ekstremal şəraitdə davranış qaydalarını bilmək vacibdir.
Dünyanın bir çox ölkərində ekstremal jurnalistika ilə bağlı təlimlər keçirilir. Bunlardan bəziləri sırf yazı üslubu, çətin, gözlənilməz situasiyalarda informasiyanın əldə olunması, ötürülməsi, yayılması yollarının öyrədilməsinə, bəzisi isə konkret ekstremal şəraitdə çalışma metodlarının praktikada tətbiqinə həsr olunur. Məsələn, Avropa ölkələrində daha çox yazı jurnalistikasına önəm verilir. Təlim iştirakçılarına ekstremal jurnalistikanın "yazı sirləri” öyrədilir. Amma məsələn, Türkiyədə ekstremal jurnalistikanın praktik təlimləri keçirilir. Türkiyənin "Anadolu” agentliyi də ekstremal jurnalistika ilə bağlı bir müddət əvvəl beynəlxalq praktik təlimlər keçirib. Təlimlərə Azərbaycandan da qatılan jurnalistlər olub. Çox da razı qayıdıblar. Bilmədiklərini öyrəndiklərini, gözlənilməz şəraitdə jurnalistin necə reportyorluq edə biləcəyi praktikasına yiyələndiklərini söyləyirlər.
Ekstremal jurnalistika təkcə döyüş bölgəsi üçün deyil
Mövzunu "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevlə müzakirə etdik. İ.Quliyev ekstremal jurnalistika ilə bağlı fikirlərini bölüşdü:
- Əvvəla, yanlış fikirlərdən biri budur ki, ekstremal jurnalistika daha çox cəbhə, döyüş bölgələri ilə adekvat hesab edilir. Əslində isə ekstremal jurnalistikanın fəaliyyət sahələri daha genişdir. Bura təbii fəlakətlər, zəlzələ, dağıntılar, daşqınlar, kriminal hadisələr, qətl hadisələri, hətta mitinqlər, piketlər də daxildir. Jurnalistin cəbhə bölgəsində, dünyanın hansısa bir regionundakı münaqişə zonasında peşəsini necə icra etdiyini bilməsi qədər, təbii fəlakətlər və ya hansısa kriminal hadisə zamanı da necə işləməli olduğunu bilməlidir. Uzağa getməyək. Bir neçə gün əvvələ kimi, ölkə mediasını daha çox kriminal hadisələr zəbt etmişdi. Sosial şəbəkələrdə kriminal "avtoritetlər”lə bağlı xəbərlər yayılırdı, bəzi informasiya saytları da ağına-bozuna baxmadan bu xəbərləri tirajlayırdı. Hesab edirəm ki, çox düzgün olaraq bir sıra dövlət qurumları, Mətbuat Şurası da həmçinin, kriminal xəbərlərə bu dərəcədə önəm verilməsinin əleyhinə çıxdı, bu tərz informasiya paylaşımlarını mənfi dəyərləndirdi. Bəli, jurnalistika informasiyaya bağlıdır. Hadisə varsa, xəbər varsa, işıqlandırılmalıdır. Lakin əsas məsələ, xəbərin necə, hansı formada işıqlandırılması, cəmiyyətə necə ötürülməsi, necə təqdim olunmasındadır. Xəbərin yayılması hansısa kriminal ünsürün populyarlaşmasına xidmət etməməlidir. Əksinə, xəbər elə formada verilməlidir ki, cəmiyyət təhlükədən mühafizə edilmiş olsun. Yəni, kimsə bu xəbəri oxuyub, cinayətkarın düzgün addım atdığını düşünməsin, əksinə, zərərli həyat tərzinin ilk növbədə o insanın özünə necə ağır zərbə vurduğunu görə bilsin, anlasın. Bu, xüsusən də gənclərin gələcəyi üçün vacibdir. Həmçinin, burada qarşı tərəfin şəxsi maraqlarının toxunulmazlığı da önəmlidir. Gözlənilməz situasiyalarda informasiya heç vaxt birtərəfli qaydada verilməməlidir. Jurnalist ən əvvəl cəmiyyətin maraqlarını da önəmsəməli, lakin qarşı tərəfin də hüquqlarını yaddan çıxarmamalıdır. Bu mənada ekstremal şəraitdə jurnalistin peşəkarlığı artıq ön plana çıxır.
Təlimlərin keçirilməsi vacibdir
İ.Quliyev hesab edir ki, jurnalistlərin peşəkarlığı üçün təlimlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir:
- Ekstremal jurnalistika ilə bağlı təlimlərin keçirilməsi çox yaxşıdır. Biz nə qədər desək də ki, kifayət qədər peşəkar jurnalistlərimiz var, yenə də ekstremal vəziyyətlərdə davranış qaydalarının öyrənilməsinə ehtiyac olduğu üzə çıxır. Xüsusən də müasir dünyamızın mənzərəsini diqqətə aldıqda bunun necə vacib olduğu təsdiqlənir. Ekstremal situasiyaların təsnifatı da müxtəlifdir. Biz yalnız cəbhə bölgələrində iş aparmaqla kifayətlənə bilmərik. Təlimlər vacibdir, lazımlıdır. Jurnalistlər həm biliklərini artırmalı, həm də təcrübə keçməlidirlər. Gözlənilməz situasiyaları "əyani” şəkildə yaşamaqsa, təlimlər vasitəsilə mümkündür. Belə təlimlərin keçirilməsi jurnalistlərə ekstremal şəraitdə işləmək vərdişlərinə yiyələnmək üçün əlavə imkanlar yaradır. İndiyədək biz müxtəlif dövlət qurumlarının jurnalistlər üçün təlimlər keçirdiyinin şahidi olmuşuq. Adətən bu təlimlər jurnalistlərin ixtisaslaşmasına xidmət edir. Məsələn, din sahəsində yazan jurnalistlər üçün təlimlər keçirilib və hesab edirəm ki, bunun özü çox vacibdir. Çünki dini məzmunlu yazılarda kifayət qədər səhvlərə yol verilir. Bəzən başqa sahələrlə bağlı da təlimlər təşkil edilir. İstər sosial məzmunlu, hüquq və ya iqtisadiyyat mövzusunda. Amma bu təlimlər sırf ixtisaslaşma üçündür. Bu da gərəkli bir işdir. Azərbaycan mediasının buna da böyük ehtiyacı var. Ekstremal jurnalistika ilə bağlı təlimlərsə tamam fərqlidir. Xatırlayıram ki, bir neçə il əvvəl beynəlxalq təşkilatlardan biri məhz ekstremal jurnalistika ilə bağlı təlimlər keçirmişdi. O zaman "Kaspi” qəzetində əməkdaşlarımız arasında qızğın müzakirələr aparılırdı, hər kəs fikir bildirirdi. Görünürdü ki, həmkarlarımız bu sahəyə necə maraq göstərirlər. Mən indi də bu fikrimdə qalıram ki, ekstremal jurnalistika ilə bağlı təlimlərin keçirilməsinə ehtiyac var. Xüsusilə də ölkə daxilində. Bu təlimlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan reallığını nəzərə alsaq, belə təlimlərin keçirilməsinə önəm verilməlidir. Həm də bunlar elə təlimlərdir ki, məncə, burada yönündən, istiqamətindən asılı olmayaraq, hər bir jurnalist iştirak edə bilər. Yetər ki, maraq olsun. Və bir də vətəndaşlıq mövqeyi. Ekstremal vəziyyətlərdə peşəkarlıqdan əvvəl məhz vətəndaş mövqeyi önə çıxır. Gərgin hadisələr zamanı jurnalistin ilk növbədə bir insan kimi necə davranacağı da əhəmiyyətlidir. O, yalnız informasiya üçünmü təhlükə zonasındadır, onun üçün necəliyindən asılı olmayaraq informasiyanın ötürülməsi önəmlidirmi, yoxsa insanca davranmaq. Təlimlərdə təkcə praktik vərdişlər deyil, bu məqamlara da diqqət edilməlidir.
Dövlət qurumları təlimlərə diqqət ayırmalıdır
İ.Quliyev Müdafiə Nazirliyinin keçirdiyi təlimləri də yada saldı:
- Bir sıra dövlət qurumlarının jurnalistlər üçün təlimlər keçirməsindən danışdıq. Məncə, burada Müdafiə Nazirliyini xüsusi vurğulamalıyıq. Ötən il Müdafiə Nazirliyi belə təlim keçirmişdi. "Dinc Dünya” Araşdırma Mərkəzinin layihəsinə MN dəstək vermişdi. Bir qrup jurnalist cəbhə bölgəsində ekstremal şəraitdə praktika keçdilər. Bildiyim qədər jurnalistlər hərbi hissələrdə olmuşdular, poliqonlarda təlim keçmişdilər. Əməkdaşlarımız danışırdı ki, jurnalistlərə döyüş şəraitində davranış qaydaları, informasiya toplamaq, yaxud çəkiliş zamanı özünü qorumaq yolları, düşmənin diqqətini cəlb etmədən görüntü almaq, müşahidə aparmaq bacarığına yiyələnmək öyrədilirdi. Hətta ilkin tibbi yardım, səhra şəraitində qidalanma, düşməndən yayınmaq, yerini bildirməmək və sair vərdişlər öyrədilirmiş. Amma təkcə Müdafiə Nazirliyinin təlimləri ilə məhdudlaşmaq olmaz. Müdafiə Nazirliyi öz üzərinə düşən vəzifəni yerinə yetirir. Digər nazirliklər, dövlət qurumları, xüsusilə Fövqəladə Hallar Nazirliyi də bu məsələyə diqqət ayırmalıdır. Azərbaycan faktiki müharibə şəraitində yaşayan ölkədir. Qoşunların təmas xəttində demək olar hər gün atəşkəs pozulur. Yenə də əsas ağırlıq bölgə müxbirlərinin üzərinə düşür. Onlar daha çox ekstremal vəziyyətdə işləyirlər. Cəbhə xətti boyunca hər gün ekstremal şəraitdə yaşayan əhalimiz də var. Bunları nəzərə alanda hər birimizin - istər jurnalist olsun, istərsə də sıravi vətəndaş, ekstremal vəziyyətlərə hazır olmağımız gərəkir. Jurnalistlər üçünsə bu xüsusilə əhəmiyyətlidir. Çünki informasiya vermək missiyası məhz biz jurnalistlərin öhdəsindədir. İnformasiyanın dolğun, düzgün və cəmiyyətimiz üçün müsbət xarakterli olmasında jurnalistin ekstremal vəziyyətlərə uyğunlaşmaq bacarığı əsas şərtdir. Bunun üçün də hesab edirəm ki, jurnalistlərin təlimlərə cəlb edilməsi mütləqdir.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb