“Eldar Əzizov o qədər qanunsuz tikililərə rəvac verib ki...”





"Yerli icra hakimiyyəti orqanları hər tikiliyə razılıq və sənəd veribsə, bu o demək deyil ki, həmin tikililər qanunidir”.

Bu barədə "Sherg.az”a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov danışıb.

Ekspert təəssüf hissi ilə qeyd edib ki, bəzi yerli icra hakimiyyəti orqanları dırnaqarası olaraq evləri qanuniləşdirirlər:

"Məsələn, mən bu yaxınlarda Atatürk xiyabanında dəmir-beton konstruksiyalı ağacların yerində binanın tikintisi barədə yazmışdım. Lakin Binəqədi icra hakimiyyəti prosesin tam qanuni əsaslarla və sənədlərə uyğun olduğunu qeyd etdi. Ümumiyyətlə, həmin binaların salınması tikinti qaydalarına ziddir. Eni 30 metr olan xiyabanda dəmir beton və əsaslı konstruksiya tikmək olmaz. 

Amma təəssüf ki, bəzi yerli icra hakimiyyəti orqanları qanunsuz tikilən evlərə sənədlər verir və rəsmiləşdirirlər. Ona görə də qanunsuz və qeydiyyatsız tikililər davam edir. Biz hər gün şəhərdə görürük ki, haradasa ağac kəsilib, tikinti işləri başlayıb. Gedib soruşanda isə hər kəs çıxardıb bir sənəd göstərir. Məsələn, bu yaxınlarda Nefçilər metrosunda iki binanın arasında başqa bir uca bina tikilib istifadəyə verildi. Vaxtilə Eldar Əzizov həmin metronun yaxınlığında o qədər qanunsuz tikililərə rəvac verib ki, adam baxanda dəhşətə gəlir”.

Liqa sədrinin sözlərinə görə, Cənab Prezident müşavirələrdə dəfələrlə yaşıllıqların məhv olunması prosesinin qarşını almağı qeyd edib:

"Bir də görürük ki, icra hakimiyyətləri binaların künclərində, həyətə girişlərdə qanunsuz tikintilərə şərait yaradırlar. Hesab edirəm ki, belə halların qarşısını almaq üçün mütləq bütün şəhərin, həyətlərin, ağacların sənədləşdirilməsi aparılmalıdır. Artıq bundan sonra daimi monitorinqlər keçirərək müəyyən etmək olar ki, yeni əmələ gələn binalar qanunsuzdur ya yox. Ölkə başçısının tapşırığını yerinə yetirmək üçün ilk olaraq bu monitorinqlər təşkil olunmalıdır. Bu zaman hansı binaların və tikililərin qeyri qanuni olduğunu aşkar etmək olar”.

Yeganə Bayramova