Əli Mirəliyev: “...bir qeyrətli oğlan çıxıb, mənə maşın bağışlayar” - "Maşın" şoudan nələr danışdı

“Roza güclüdür, bunu görməmək üçün kor olmaq lazımdır”





"Maşın” realiti-şousu bütün diqqətləri özünə yönəldib. Maşın ətrafında günlər keçdikcə gərginliklər də çoxalır. Hər kəs maşına iddialı olsa da, hamı sona qədər mübarizə aparmaq gücünə sahib də olmur. Bu dəfə Əli Mirəliyev maşından getdi. Əslində Əli Mirəliyev bir müddət sanki hamının yadından çıxsa da, son günlər müzakirələrə qoşulmaqla iştirakçıların hədəfinə çevrildi. Əli Mirəliyevin hədəfi isə əslində yanlış seçim oldu. Nəzərə alsaq ki, Əli Mirəliyev səsverməyə çıxanda Pərvin Abiyevanı maşından uzaqlaşdıracağını söyləyərkən artıq taktiki gedişdə səhvə yol verdi, onda uduzmağını gözləmək olardı. Çünki Pərvin Abiyevanın SMS imkanları Əli müəllimdən qat-qat üstün idi. Bunu Əli Mirəliyev hesablamalı idi. Nəticədə Əli Mirəliyev uduzaraq şounu tərk etdi. Maşından əlini üzən Əli Mirəliyev "Şərq”ə maraqlı açıqlamalar verdi.

- Maşın ətrafında dayanmaq çoxmu çətindi?

- Qızım, mənim yaşımda olan insan üçün maşın ətrafında dayanmaq əlbəttə ki, çətin idi. "Maşın” realiti-şousuna qatılmaq inanın göründüyü qədər asan deyil. Həm fiziki gücün olmalıdır, həm də psixoloji baxımdan o intriqalara hazır olmalısan. Mən 10 gün dayanmışam. Bu, asan görünməsin. Hələ də yorğunluq canımdan çıxmayıb.

- Nə baş verir maşın ətrafında?

- Əslində hamı iddialıdır. Amma maşın bir nəfərə qismət olacaq. Orda hamının maşını var idi, bir mən maşınsız idim. Mənim o maşına ehtiyacım var idi. Bəzilərinin hətta bir neçə maşını var. Sağlıqlarına qismət.

- Maşını udmaq arzunuz böyük idi?

- Maşına görə getmişdim. Mikayıl Müşfiqin bir misrası var- Arzuya bax sevgilim, söylə ürəyincəmi? Mənim də arzum var idi ki, maşın sahibi olum. Amma halva-halva deməklə, ağız şirin olmur ki. Əslində arzu edirdim ki, bəlkə kimsə mənə maşın hədiyyə verər. Yaşım da ötür, 69 yaşım var. Nə qədər ömrüm qalıb ki. Hər gün Mərdəkandan maşınsız işə gəlmək çətindi mənə. Ona görə dedim ki, "Maşın” şouya qatılıram, bəlkə bəxtim gətirdi. Amma alınmadı.

- İmkan vermədilər?

- Vermədilər. Başımdan elə sakit, aldadaraq vurdular ki, bir də gördüm maşın əldən getdi.

- Kim imkan vermədi?

- Ad çəkməyəcəm. Amma vermədilər. İstəmədilər bundan artıq maşın ətrafında dayanım.

- Kim getməyinizdə daha çox maraqlı idi?

- Belə baxanda hamı getməyimdə maraqlı imiş. Sözdə hamı deyirdi ki, sizi çox istəyirik, hamı da şəklimi atıb "get”sinə səs istədi. Bir nəfər deyildi ki.

- Niyə getməyinizi istədilər?

- Çünki güclü rəqib idim. Bir də hər gün biri getməliydi. Bu dəfə növbə mənə çatdı. Amma səs toplaya bilmədim. Gördüm hamı biri-biri ilə pıçıldayır. Mənim onlar kimi elə imkanlı dost-tanışım da yoxdu ki, səs göndərəydi. Amma evdəkilər, qızım yetərincə səs göndərmişdi. Bilmirəm niyə az səs göründü.
- Adətən açıq sözlü olmusuz. Maşın ətrafında qruplaşma var idimi? Sizə təsir edirdilər?
- Qruplaşma deyil ki, əslində hamı özünü fikirləşir, hər kəs özü üçün çalışır. Sadəcə qılığına girib sənin seçiminə təsir edə bilirlər. Qılığıma necə girdilərsə, mənim özümü öz əlimlə çıxartdılar. Mən onların oyununun qurbanı oldum (gülür). Amma ad çəkməyəcəm. Mənim qılığıma girib elə uzaqlaşdırdı ki, mən ayılanda gec oldu.

- Kim idi? Xanım, ya kişi idi qılığınıza girən iştirakçı?

- Nə fərqi var artıq. Əsas odu oyunun qurbanı oldum. Güclü rəqib görən kimi uzaqlaşdırırlar.

- Hazırda orda güclü rəqib kimi görürsüz?

- Kimin imkanı, pulu var, o güclüdür. Kimin SMS göndərəni varsa, o da güclüdür.

- Roza Zərgərli güclü rəqibdimi maşında iştirak edənlər üçün?

- Əlbəttə güclüdür. Bunu görməmək üçün kor olmaq lazımdı. Pis qız deyil. Deyirdi ki, guya ayın 10-da Moskvada olmalıdı deyə, maşından getməlidir. Bilmirəm, bu gün nə olar.

- Roza sizə dəstək oldu axı. Səmimiyyətinə inanmadız ki?

- Deyim ki, səmimiyyətinə inandım yalan olar, deyim yox, bu da düz gəlməz. Əgər o səmimiyyət olsaydı, bu gün mən maşından kənarda qalmazdım. Səmimi olsaydı səs göndərərdi. Deməli, aldanmışam o pıçıltılara, o səmimiyyətlərə. Mən uşaq kimiyəm, sadəyəm deyə tez aldandım. Oyundu, başa düşürəm. Sadəcə bəzilərini SMS- lə çıxartdılar, bəzilərini də şirin dillə. Məni şirin dillə uzaqlaşdırdılar maşından. Balığı necə tora salırsan, mən də elə torlarına düşdüm. Elə qəşəng tora düşdüm ki. Ağıllı idilər məni aldada bildilər, səmimiyyətin qurbanı oldum.

- Aytəni güclü hesab etdiniz. Niyə elə düşünürsüz ki, Aytən güclüdür?

- Göz önündədir. İki dəfə səsvermədə qalib oldusa güclüdür.

- "Maşın” sizə bu yaşda nə öyrətdi?

- Öyrətdi ki, səmimiyyət yoxdu. İnsanların hamısı maska taxır. Heç doğmana da inanmamalısan. Sənə orda nə deyirlərsə, "hə” de, yenə öz dediyini, seçimini et.

- Siz də yola verib öz bildiyinizi etdiniz?

- Əvvəlcə heç kimə qoşulmurdum. Bir neçə gün sonra özləri mənə yaxınlaşdılar ki, filankəsin şəklini at, filan. Mənim artıq rəqabət üçün gücüm də yoxdu. O yaşda deyildim.

- Bəs iddialı deyildinizsə, "Maşın” a niyə qatıldınız?

- Düzünü deyəcəm. Bilirsiz ki, mən yalandan danışmağı bacarmıram. Bilirdim ki, sona qədər qalmağa səhhətim imkan verməz. Xəstə, insult keçirən insanam, şəkərim var. Finala gedib çıxmaram.

- Bunu bilib niyə maşın udmaq üçün mübarizəyə qoşuldunuz?

- Mən başqa arzu ilə maşına gəlmişdim. Nə gizlədim ki? Dedim bir müddət qalıb, səsimi çıxartmayım ki, efirdə görünüm. Hamının reklama ehtiyacı var. Ona görə də əvvəl maşının arxasında səssizcə susub gizlənirdim ki, heç kimin yadına düşməyim. Görsünlər bu yaşda bir adam sakitcə dayanıb. Tamaşaçılar arasında bizi izləyən qeyrətli, amma imkanlı oğullar da var. Bəlkə kimsə mənim bu xəstə canıma maşın üçün mübarizəmi görüb, ürəyi yanar. Mənə bir maşın bağışlayar. Biri zəng edib deyər ki, Əli müəllimə maşın hədiyyə edirəm. Həyatdı da. Özüm üçün xəyal qurub gəlmişdim. Həyatda bəlkə bu dəfə bəxtim gətirər, biri çıxıb deyər ki, bu açarı, bu maşını Əli müəllimə hədiyyə edirəm. Amma qismət olmadı. Düzdü, belə bir söz də eşitdim ki, guya final günü mənə maşın da hədiyyə etmək istəyən var. İndi bilmirəm, zarafat edirlər, ya ciddi deyirlər. Amma arzulamaq pis şey deyil ki. Final gecəsinə qədər hələ də ümidim var ki, bəlkə bu yaşımda mənə maşın hədiyyə edərlər, ayağımı yerdən götürsün. Nə bilim, insanam da, xəyal etmək günah deyil. Bir də xəyal etmək üçün də SMS, pul lazım deyil ki. İnşallah maşın hədiyyə edən olar. Mənim maşına çox ehtiyacım var. Maşından əlimi çəksəm də, ümidimdən əl çəkməmişəm.

Tahirə Məmmədqızı