Elmin mətbuatda təbliği vacibdir

Jurnalistlərlə alimlər arasında iş birliyi olmalıdır, konsepsiya hazırlanmalıdır
"Tək yazılarla kifayətlənmək olmaz. Televiziya verilişlərinə üstünlük verilməli, radiolarda bu haqda danışılmalıdır"


(Əvvəli ötən sayımızda)

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və akademiyanın Azad Həmkarlar İttifaqının dəstəyi ilə "Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda "dəyirmi masa" keçirilib. AMEA Rəyasət Heyəti Aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. İdarə rəisi jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmini bildirib. Həmçinin, bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını vurğulayıb. 

Akademiyanın Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva isə ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqlərin nəticələrini açıqlayıb. O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubdan kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da bildirib ki, bir çox ölkələrdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzərində də qurulur. Amma çox təəssüf ki, Azərbaycanda jurnalistika fakültəsində tədris yalnız humanitar yönümlü istiqamət üzərində qurulur. Ə.Amaşov Azərbaycanda elmin populyarlaşdırılmasını da vacib sayıb: "Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq”. 

Şura sədri qeyd edib ki, artıq xarici ölkələrdə elm adamları ölkəyə valyuta gətirirlər. Onun fikrincə, Azərbaycanda bu istiqamətə, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticələr əldə edilər. Ə.Amaşov əlavə edib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: "Ona görə də biz elmi daha da populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq”.

Jurnalistika dedikdə öncə yazılı və internet media, televiziya və radiolar ağlımıza gəlir. Ancaq jurnalistikanın mühüm sahələrindən biri də elmi jurnalistikadır. Ətraf aləmdə, o cümlədən sosial həyatda baş verənlər, onların səbəbləri və nə ilə nəticələnəcəyi daim insanın marağındadır. Elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz "laboratoriyasında” sadələşdirir və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. 

Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır. Amerika və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Alim, müəllim, həkim, tələbə və digər ziyalılardan bu cür təəssüratlar məni jurnalistikanın bu sahəsinə daha da həvəsləndirib. Amerika və Avropa ölkələrində alimlər arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz alimin özü daha dəqiq və dolğun məlumatla yaza bilir. Lakin əksər alimləri bu işdən çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin olmamasıdır.

Uzun zamandır müzakirə mövzusu olan problemlə bağlı danışan ekspertlər də alimlərin mətbuatda çıxış etməsini vacib sayıblar. Onların fikrincə, elm xadimindən jurnalist, jurnalistdən elm xadimi düzəltmək olmaz. Hesab edilir ki, elmin mətbuatda populyarlaşdırılması üçün kadrlar ixtisaslaşmalıdır, lakin bunun üçün zaman tələb olunur. İlk növbədə, elm xadimləri Avropa üçün deyil, Azərbaycan üçün yetişdirilməlidir. Alimlərin elmi məqalələri yalnız elmi jurnallarda deyil, qəzet və saytlarda dərc edilməlidir. AMEA-nın cəmiyyətdəki rolu alimlərin dilindən göstərilməlidir. Ekspert qismində də onlar müəyyən fikirlərin formalaşmasında iştirak etməlidirlər. Ancaq təəssüflər olsun ki, alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri alimlərdən daha fəaldırlar. Oan görə də Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsi KİV-lə münasibət qurmaqda maraqlı olmalı, alimlər öz məqalələrini dərc etdirməkdə aktivlik nümayiş etdirməlidirlər.

Mövzu ilə bağlı "Şərq”ə danışan "Milli.az” saytının baş redaktoru Anar İmanov deyib ki, elmi tək jurnalistlər populyarlaşdırmalı deyil. Burada işi həm də elm adamları görməlidir

"İş birliyi olmalı, müəyyən konsepsiya hazırlanmalıdır. Tək yazılarla kifayətlənmək olmaz. Televiziya verilişlərinə üstünlük verilməli, radiolarda bu haqda danışılmalıdır. Qəzet və saytlarda işləyən jurnalistlərə gəlincə, elmi məqalələr bəzi hallarda populyar olmadığına görə, yazarlar başqa sahələri daha çox işıqlandırırlar. Jurnalistikamızda hələ ixtisaslaşma tam inkişaf etməyib. Bu gün jurnalist sosialdan yazır, sabah həmin adam siyasi mövzulara toxunur, birisi gün isə mədəniyyət, şou-biznes və digər sahələri işıqlandırır. Əlbəttə, qloballaşan dünyada çoxfunksionallı jurnalist hər redaksiyada lazımdır. Amma sırf bir sahə ilə məşğul olmaq peşəkar araşdırmalar, yazılar üçün daha yaxşıdır”.

Baş redaktorun sözlərinə görə, xaricdə elmi yazılar, araşdırmalar yazan jurnalist hərtərəfli qazanır. Həm qonorarı yüksək olur, həm də özünü tanıdır:

 "İnanmıram ki, bizdə hansısa elmi yazıya görə yüksək qonorar ödənilsin. Bu məsələyə maraq az olduğundan bazar şəraitində elmə yer tapılmır. Əlbəttə, çıxış yolu axtarılmalı, elm adamları ilə jurnalistlərin iştirakı ilə "dəyirmi masa”lar keçirilməlidir. Çıxılmaz vəziyyət yoxdur. İnsanlarda elmə yenidən maraq oyatmaq mümkündür. Yetər ki, istək olsun”.
Tanınmış jurnalist Eldəniz Vəliyev də "Şərq”ə bəyan edib ki, ölkəmizdə elmi jurnalistikanın vəziyyətini reanimasiyaya yerləşdirilən xəstənin vəziyyəti ilə müqayisə etmək olar: "Burada problemi konkret olaraq elm adamlarında və ya media qurumlarında axtarmaq doğru olmazdı. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Ümumilikdə cəmiyyətdə elmə yanaşmanı mütləq nəzərə almalıyıq. Elmə diqqət cəmiyyətin səviyyəsinə adekvatdır. Böyük əksəriyyət övladını fizik, riyaziyyatçı kimi görmək istəmir. Çünki adi bazar adamı elm adamlarından çox yaxşı yaşayır. Televiziyalarda elmə əsaslanan verilişlərin sayına və ya sanbalına baxın. Telerəhbərlər pul gətirəcək şouya daha çox üstünlük verirlər. Bəzən kommersiya baxımından onları qınamaq olmur. Ancaq belə də olmur, tematik kanallar açılmalıdır. Və bunlardan biri də elmi kanal olmalıdır. İnandırıram ki, onun da öz auditoriyası, izləyicisi olacaq. O ki qaldı Əflatun Amaşovun "elm adamları ölkələrinə pul gətirir” fikrinə, Şura sədrimiz elm adamlarımıza yaxşı baxsın. Hansı ixtirası ilə elm adamlarımız ölkəyə valyuta gətirəcək? Hər dəfə deyirlər ki, zamanı gələndə elmimiz dünyaya səs salacaq. O zaman, hansı zamandır?”.

"Faktor.az” saytının baş redaktoru Əziz Əliyev də bildirib ki, Azərbaycanda elm problemi var. Yəni bu o deməkdir ki, problem təkcə jurnalistika sahəsinə aid deyil: 

"Təsəvvür edin, Avropada bir ölkədə ildə 10 mindən çox elmi məqalə çap edilir. Bizdə bu rəqəmin heç açıqlanan statistikası yoxdur. İndi qayıdaq səbəblərə. Populyar elm birinci növbədə gəlir gətirməlidir. Bazar da sifarişə maraq yaratmalıdır. Ən elementar səviyyədə fəaliyyətimiz ortada yoxdur. O cümlədən elmi jurnalistikada. Bu sahədə ixtisaslaşmış jurnalist də yoxdur. Çünki o yazıların obyekti olmayacaq, sərbəst bazarda yazını məhsul kimi sata bilməyəcək. Ona görə bu sahə ilə kimsə məşğul olmur. Bu səbəbdən jurnalist gedib şoudan, kriminaldan yazır ki, gəliri də olsun, oxucusu da. Redaksiyalara demək olmaz ki, mütləq elmi təbliğ edin. Bunun yolu jurnalistləri ixtisaslaşdırmaq və maddi yönünü təmin etmək lazımdır ki, o da rahat sırf bu sahə ilə məşğul olsun. Bizdə elm xadimləri heç bir elmi fayda vermir. Çünki metod köhnədir, texnologiya ilə çox az adam işləyə bilir. Elmi metodologiya müasirləşib. Öz səviyyəmizdə elmi fəaliyyət nəticəsiz qalır. Dünyaya çıxmaq lazımdır, bax elə adamlar olacaqsa, elm da populyarlıq qazanacaq”.

"Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov da vurğulayıb ki, bizdə spesifik jurnalistika haqqında danışmaq hələ tezdir:

 "Təkcə elmi jurnalistika deyil, eyni zamanda ekstremal və iqtisadi jurnalistika ilə məşğul olan media nümayəndələri demək olar ki, yoxdur. Bizdə jurnalistika daha çox ümumi mənada fəaliyyət göstərir. Mətbuatda müxbirlərin böyük əksəriyyəti ictimai-siyasi jurnalistika ilə məşğul olur. Bu gün AMEA-da müxtəlif elmi institutlar fəaliyyət göstərir. Bu qurumların başlıca məqsədi məhz elmin inkişafı və təbliği olmalıdır.

İsmayıl