“Ən yaxşı uşaq arabası necə seçilməlidir?” - Analardan sorğu +Araşdırma

Xüsusilə analar "Ən yaxşı uşaq arabası necə seçilir?” sualının cavabını tapmaq üçün çox araşdırırlar.
Sherg.az analarımızın hansı uşaq arabalarına üstünlük verməsi, nələrə diqqət etmələri barədə məlumatlılığını öyrənmək üçün sosial şəbəkələrdə qısa sorğu keçirib.
Sorğumuza cavab verən sosial şəbəkə istifadəçisi Turanə Məmmədova deyib ki, "Sədərək” ticarət mərkəzindən 220 manat qiyməti olan praktik uşaq arabasına üstünlük verib. Gənc ana bildirib ki, uşaq arabası seçərkən həmin arabanın rahatlığına, asanlıqla sökülüb, yığılmasına, uşaq üçün daha təhlükəsiz olmasına xüsusilə diqqət edir:
"Uşaq arabasının sürülməsi də rahat olmalıdır. Həm də rahat açılıb, yığılsın uzun müddətli istifadəyə yararlı olsun. Diqqət etməliyik ki, uşaqlarımız seçdiyimiz arabada rahat yata bilsin”.
Digər ana Kəmalə Məmmədova isə övladı üçün iki uşaq arabası aldığını söyləyib:
"Birini Binə Ticarət Mərkəzindən, digərini "Sədərək”dən almışam. Birinci aldığım iri idi, rayona gədəndə çox yer tuturdu. Həmin araba ilə şəhərə gəzintiyə də çıxmaq olmur. Amma içi tam açılırdı. Uşağı yatızdıranda beli dümdüz qalırdı deyə həmin arabanı üstün tutmuşdum. Bilirdim ki, rayona aparacağam, uşaq bir müddət arabada yatmalıdır. İndi isə yay üçün fərqli araba almışıq, yüngül olsun deyə. Araba alanda əsas diqqət etmək lazımdır ki, kompakt, yüngül və keyfiyyətli olsun. Uşağın çiyinlərini də bağlamaq üçün xüsusi kəməri olsun. Mənim oğlum 10 aylıqdır, artıq sakit dayanmır, özünü arabasından atmaq istəyir. Yalnız qarın hissəsindən bağlamaq kifayət etmir”.
Sorğumuzun nəticələrini də nəzərə alaraq, uşaq arabalarının seçilməsində valideynlərə faydalı olacaq araşdırmamızı təqdim edirik.
Valideynlər uşaq arabası seçərkən körpələrinin təhlükəsizliyini, rahatlığını təmin etmək, özləri üçün ən rahat portativ quruluşu tapmaq üçün uşaq arabası seçkilərini yaxşıca düşünərək etməlidirlər.
Hazırda onlarla fərqli marka və minlərlə fərqli modeldə məhsul olduğu üçün uşağınız üçün ən yaxşı uşaq arabasını seçmək sizin üçün bir qədər çətin gələ bilər. Hansı modeli almalıyam? Uşaq arabasında hansı xüsusiyyətlər olmalıdır? Hansı aya hansı uşaq arabası seçilir? Neçə yaşına qədər istifadə edilə bilər? Bu və bunun kimi bir çox sual ən yaxşı uşaq arabasını seçmək üçün beyninizdə gəzəcəkdir.
İlk növbədə uşaq arabası ilə övladınızı gəzintiyə çıxararkən diqqətli olun. Əyri-üyrü, təpəli, eniş-yoxuşlu yollar üçün rahat istifadə edilə bilən, möhkəm təkərləri olan uşaq arabaları seçim etməlisiniz.
İnsanların sıx hərəkət etdiyi səkilər böyük təkərlər tələb edir, amma araba çox böyük olmamalıdır. Əks halda səkilərdə sağa sola getmək, qayıtmaq və ya idarə etmək çətin ola bilər.
Bütün uşaq arabaları məhəllədə, səkilərdə uşağınızı rahat gəzdirməyiniz üçündür, burada diqqət edəcəyiniz şey sizin ehtiyacınız olacaq olan əlavə xüsusiyyətlərdir.
Avtomobilinizin baqajına tez-tez qatlayıb qoymaq və çıxarmaq vəziyyətindəsinizsə ağır uşaq arabalarına üstünlük verməyin. Həmçinin uşaq arabasını açıb bağlamağınız da asan olmalıdır. Satın alarkən mütləq rahat açılıb-bağlanmasını yoxlayın.
Yeni doğulmuş uşağın açıq havada qısa bir gəzintisi sizə də çox xoş gəlir. Bunun üçün ilk vaxtlarda yeni doğulmuş körpəniz üçün də uyğun olacaq bir uşaq arabası seçə bilərsiniz.
Aldığınız arabanı rahatlıqla təmizləməniz üçün diqqətlə seçin. Bütün arabalarda çıxarılıb, yuyulan döşəmə olmaya da bilər. Zamanla çirklənməsindən dolayı, içindəki parçaları sökülüb yuyulan arabalara üstünlük verməyiniz məsləhətdir.
Tamamilə mükəmməl bir uşaq arabası tapmaq çox çətindir. Amma çox arabalar aksessuar baxımından zəngindir. Arabanın altında əşya, çanta, və s. qoymaq üçün bir bölmə olmağı xüsusilə işinizə yarayacaq. Bəlkə stəkan qoymaq üçün bir hissə olmasını da seçim edə bilərsiniz. Bəzi arabalarda yağışdan qoruyan örtük, ayaq qoyma yeri, uşağa yemək yedirtmək üçün ön hissəsi və s. ola bilər. Bunlar həmişə sizin seçiminizə bağlıdır. Bəzi şeyləri əlbəttə, əlavə alıb, arabaya yerləşdirə bilərsiniz.
Əgər uşaq arabasını yalnız ana qucağı üçün alırsınızsa, bunu da araşdırın. Bəziləri çox ağır ola bilər. İçinə uşağınızı qoyanda qucaqda daşımaq çox çətinləşər. Bunun üçün seçərkən diqqət edin.
Müxtəlif yaşlarda müxtəlif məqsədlərə uyğun uşaq arabaları lazımdır. Uzun səyahətlər üçün səyahət tipi, qısa gəzintilər üçün avtomobillər üçün uyğun uşaq arabaları seçməyiniz məsləhətdir.
Hazırladı: Aysel Aslan