Yalançı izdivaca qoşulanlar hamının əsəbi ilə oynayırlar
Ər, arvad axtaranlar...
O azərbaycanlıların adına utanırıq
Yalançı izdivaca qoşulanlar hamının əsəbi ilə oynayırlar
Yalançı izdivaca qoşulanlar hamının əsəbi ilə oynayırlar
Qadınlarımız Türkiyə efirlərini zəbt edib. Ölkəmizin nüfuzunun artmasına, xalqımızın adının yüksəlməsinə xidmət etmiş olsaydı, sevinərdik. "Görün, necə xanımlarımız var, başımızı uca edirlər”, deyib, fərəhlənərdik. Nə yazıq ki, əksinədir. Türkiyə televiziyalarında hər türlü proqramlara qatılan xanımlarımız Azərbaycanın adını yerdən-yerə vururlar.
Kimdir bu qadınlar? Onlar haqqında xəbər saytlarında, informasiya portallarında, həmçinin sosial şəbəkələrdə də məlumatlar yer alır.
Bu günlərdə jurnalist İntiqam Valehoğlu Ölkə.az saytında Türkiyə televiziyalarındakı evlilik proqramlarına qatılan azərbaycanlılarla bağlı xəbər verib.
Xəbər "FOX” TV-də yayımlanan "Zühal Topal”la verilişi və azərbaycanlı iştirakçılar Əli Əkbər, Naz Mila və Elmir İsmayılov barəsindədir: "Bildirilir ki, bu üç nəfərə aylıq əməkhaqqı ödəyərək layihədə saxlayırlar. Səbəb kimi isə azərbaycanlılardan ibarət "məhəbbət üçbucağı”nın verilişə böyük reytinq qazandırmasıdır.
Əli Əkbərlə bağlı əldə etdiyimiz məlumata görə, o, özünün iddia etdiyi kimi heç də ailənin yeganə övladı deyil. Belə ki, onun Rəna adlı bir bacısı da var. Rəna xanım hazırda Bakıdakı gözəllik salonlarından birini işlədir.
"Onların yerinə mən utanıram...”
Müğənni Elvin Abdullayev sözügedən üçlük barədə sosial şəbəkədə sərt ifadələr işlədib:
"Bu üç azərbaycanlının yerinə mən utanıram. Orada bazar açıblar. Heç biri də o qızı özünə qadın eləyən deyil. Biri mənə başa salsın, bunlar neyləmək istəyirlər? Biri deyir, Əli mənim sevgilimi əlimdən alıb, o biri deyir, onu tanımıram... Utanmadan Azərbaycanın adını da çəkirlər. Azərbaycanın mərd, igid oğulları, əxlaqlı qızları var. Ölkəni belə təbliğ etmək olmaz”.
Qondarma proqramlar...
Türkiyədəki evlilik proqramları hər zaman müzakirə predmeti olub. Bu cür proqramlar reytinqdə ön sırada olmaqla yanaşı, böyük qalmaqallarla da tez-tez gündəmə gəlir. Proqramların saxta sevgilər, yalançı məhəbbət hekayələri üzərində qurulduğu, biri-birini illərdir tanıyan şəxslərin proqramlara guya tanışlıq məqsədilə gəldiyi, əslində isə bunun bir qurama və efirdə görünmək, tanınmaq, cəlbedici təkliflər almaq məqsədi daşıdığı deyilir. İddialar əsassız da deyil. Çünki evlilik proqramlarına qatılan iştirakçıların sonradan müğənniliyə başlaması, klip çəkdirməsi, geyim firmalarından, reklam agentliklərindən sifariş alması halları mövcuddur. Hətta bəzən iştirakçılar da öz sirlərinin üstünü açır və bir-birini publikaya "oynamaqda” ittiham edir, kamera qarşısında daha artıq qalmaqda biri-birinə yardım edəcəklərinə dair "söz kəsdiklərini” deyirlər. Yalan da bir yerə qədər davam edə bilər. Gec-tez sandıqlar açılıb, pambıqlar tökülür.
Xatırlayırsınızsa, Türkiyənin ATV telekanalında Esra Erolun təqdim etdiyi evlilik proqramına qatılan Ayça adlı bir qadın, hər şeyin qurğu olduğunu və verilişdən gündəlik pul aldıqlarını açıqlamışdı. Ayça, bu barədə özünün instaqram səhifəsində yazmışdı: "Bizə müqavilə imzaladırlar. Gündəlik pul alırıq. Ahmet adlı iştirakçı ilə eşq-falan yaşamadım. Bərabər yeməyə belə çıxmadıq. Hər şey öncədən qurulmuşdu. Proqramda mənə taxılan üzük belə anamın ziyarətdən gətirdiyi üzük idi. Caner və Berke eşqi də yalandır. Proqramda ən çox pulu Caner qazanır. Oradakı hər kəs oyun oynayır, Esra Erol da rejissorluq edir”.
Qondarma adlar...
Mövzumuz qardaş ölkədə kimin nə işlə məşğul olması deyil. Məsələ, bizimkilərin şou proqramlara qatılıb təkcə özlərini deyil, ümumən Azərbaycanı biabır etmələridir. Tək özləri rüsvay olsaydı, nə işimizə. Amma məsələ tək adamdan çıxıb ölkəni əhatə etməyə, ümumilikdə ölkənin nüfuzuna zərər verdikdə susmaq qəbahətdir.
Yadınızdadırsa, "İştə benim stilim” yarışmasında bir azərbaycanlı gənc xanım iştirak edirdi - Simuzər. Xanım özünü "Sima” adı ilə təqdim etmişdi. Sonra məlum olanda ki, adı Sima yox, Simuzərdir, münsiflər ondan "adının mənası nədir?” soruşmuşdu, lakin qız cavab verə bilməmişdi. Proqramın digər iştirakçıları da yeri gəldi-gəlmədi Sima xanımı divara dirəyirdilər. "Sən türk dilində konuşa bilmirsən” deyib, aşağılayırdılar. Bu qız da etiraf edirdi ki, fikrini izah etməkdə çətinlik çəkir. İndi deyən gərək ki, "ay bala, sənin nə işin var o proqramda ki, qarğa-quzğun kimi hər tərəfdən üstünə tökülsünlər?!” Bir başqası da çıxmışdı həmin proqramın seçim turuna. "Merlin Terrane!” Təsəvvür edirsiniz?! Terranenin Təranə olduğu anlaşılırdı da, bəs Merlin nədir? Yaxşı ki, bu xanım iştirakçı kimi qəbul edilməmişdi. "Zühal Topal”la evlilik proqramında da Naz Milana adlı bir azərbaycanlı var. Bəlkə də "göbək adı” adı Nazpəri, ya Nəzakətdir. Allah bilir... Demək ki, bu xanımlar ata-analarının qoyduğu adlardan da reklam, şou, məşhurlaşmaq xatirinə imtina edirlər.
Naz Milana bahalı gəlin namizəd sayılır və digər evlilik verilişlərinin də diqqətində olub. Naz bir neçə verilişə transfer olsa da, son dayanacağı hələlik Zühalın proqramıdır.
... ər axtaranlar
Xanımlarımızın ən çox üz tutduğu məhz evlilik - izdivac proqramlarıdır.
Hazırda Türkiyə telekanallarında yayımlanan bütün izdivac proqramlarının azərbaycanlı iştirakçıları var. Sanki burda - Azərbaycanda qadınlara kişi, kişiyə qadın, qıza oğlan, oğlana da qız qəhətə çıxıb.
Türkiyə mətbuatının apardığı araşdırmaya əsasən, Zühal Topal və ya Esra Erolun proqramlarına iştirakçılar təkcə məşhurluğa görə yox, məhz həftəlik maaş müqabilində qatılırlar.
Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilir.
Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.
Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.
Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir. Onlar gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.
Bundan əvvəl dəfələrlə verilişdə azərbaycanlı modellər də iştirak ediblər. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsilə qatılması və qonorar alması istisna edilmir.
Milləti abırsızlaşdıranlar
Türkiyə televiziyalarındakı izdivac proqramlarına qatılan azərbaycanlılar dəfələrlə rüsvayçı duruma düşüb, hətta proqramdan qovulanları da olub. Aynur İmranova yazır ki, "Esra Erolla evlen benimle” proqramına qatılan həmyerlimiz Gülər xanım verilişə müraciət edib, 50 yaşı olduğunu və Türkiyədə xəstə baxıcısı kimi çalışdığını deyir. 1-2 günün içində bu qadınla evlənmək istəyənlər proqrama gəlməyə başladılar. Gülər xanım bəyəndiyi namizədlərin biri ilə söhbət üçün bir gün vaxt istədi. Səhərisi gün studiyaya gələn Gülər xanımı istəyən şəxs çox əsəbi idi. Məgər Gülər xanım kredit borclarının ödənilməsini, Türkiyə vətəndaşlığına qəbul edilməsini tələb kimi onun qarşısında qaldırıbmış. Belə məsələləri, xüsusilə də pul məsələsini iştirakçılar arasında qadağan edən Esra Erol Gülər xanımı verilişdən 70 milyonun gözü qarşısında qovdu. Sonradan Azərbaycan xalqından üzr istəyən Esra Erol "bir dananın bir sürünün adını necə batırmasının” məhz bu cür olmasını da dilə gətirdi. Amma yenə də bir daha heç bir azərbaycanlı iştirakçının verilişə buraxılmamasını israrla öz rejissoruna tapşırdı.
Əslində bu məsələ qanunlarla deyil, mənəvi keyfiyyətlərlə tənzimlənməlidir. Hər bir insan və xüsusən də hər bir qadın bir ölkənin üzü - siması olduğunu unutmamalıdır. Qarnın bir gün tox olması, bir ömür boyu başı aşağı yaşamağa əvəzdirmi?! Yəni biz millət kimi özümüzü bu qədər itirmişik?!”
Rüsvayçı duruma düşən təkcə Gülər xanım deyil. İlhamə adlı iştirakçı da, evdən qaçdığı sonradan aydınlaşan Esmira da bu qəbildən idi. Seda Sayanın evlilik proqramının "ulduz”una çevrilmiş Solmaz da həmçinin. Bu qızın "işi-peşəsi” proqramda göbək atıb rəqs etməkdir. Öz dəyərinizi ucuz tutursunuzsa, ölkənin adını ucuzlaşdırmayın, barı.
Kimsəyə qadağalar tətbiq etmək mümkün deyil. Hər bir kəs hərəkətlərində və qərarlarında sərbəstdir. İstər ölkə xaricinə çıxmaqda, istərsə də hansısa proqrama qatılmaqda kimsənin önünə baryer qoyula bilməz.
Sadəcə, hər bir kəs düşünməlidir ki, xarici ölkədə təkcə özünü deyil, həm də ölkəsini, xalqını təmsil edir. Bu, təbii ki, mənəviyyatla bağlıdır. Və mənəvi dəyərlərə önəm verməyənlər narahatlığın nədən qaynaqlandığını da anlamaqda acizdirlər.
Məlahət Rzayeva