“Ərdoğan heç vaxt gizlətməyib ki...”

“Strateji məqsəd Əsəd hakimiyyətini devirməkdir”


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsəd haqqında söylədikləri ictimai bəyanat
xarakteri daşımır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova səsləndirib.
O, Türkiyə Prezidentinin son açıqlamasının detallı şəkildə təhlil edildiyini deyərək, bu fikirlərin
mətbuatdan kənar, qeyri-rəsmi şəkildə söyləndiyini bildirib.

Bu arada Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov da
Ərdoğanın fikirlərini şərh edib. O, Türkiyə Prezidentinin Bəşər Əsədin devrilməli olduğu ilə əlaqəli
fikirlərinə skeptik yanaşaraq, bu hədəfin əlçatmaz olduğunu qeyd edib. Ərdoğanın Əsədi devirməklə
bağlı bəyanatının ardından Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Həmkarı
Mövlud Çavuşoğlu ilə görüşən nazir bir çox məsələləri müzakirə ediblər. Müzakirələrin əsas
mövzusu Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, beynəlxalq terrorçuluqla mübarizədə
əməkdaşlıq məsələləri olub. Xatırladaq ki, Türkiyədəki ikitərəfli müzakirələrdən əvvəl Rusiya və
Türkiyə liderləri telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan və
Putin Hələbə humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər. Rusiya
xarici işlər naziri Sergey Lavrov bildirib ki, noyabrın 24-ü Suriyada Türkiyə Silahlı Qüvvələrinəendirilən hava zərbəsi ilə Rusiyanın heç bir əlaqəsi yoxdur: "Bu hücum Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Rusiya Suriyada terrorizmlə mübarizə aparır. Bir daha belə olayların olmamasını istəyirik”.

 Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Qərb Universitetinin professoru Fikrət Sadıqov Rusiya-Türkiyə əməkdaşlığının davam edəcəyini deyib. Ekspertin sözlərinə görə,
Ərdoğanın açıqlaması iki dövlət arasında münasibətlərə ziyan vurmur: 

"Türkiyənin Suriyadakı əsas vəzifəsi terror qruplaşmalarına qarşı mübarizə aparmaq və eyni zamanda kürd dəstələrini neytrallaşdırmaqdır. Amma Ərdoğan heç vaxt gizlətməyib və dəfələrlə bəyan edib ki, strateji məqsəd Əsəd hakimiyyətini devirməkdir. Bu, rəsmi Ankaranın maraqlarına xidmət edən amildir. Ona görə də Türkiyə öz mövqeyini dəyişmir. Bununla yanaşı, Türkiyə Rusiya ilə bərabər Yaxın Şərqdəki terrorçulara qarşı mübarizə aparır. Hər iki ölkənin mövqeləri terror məsələsində üst-üstə düşür. Hətta Türkiyə rus ordusu ilə birlikdə mühüm əməliyyatlarda birgə hərəkət edir. Hazırda
Ankara ilə Moskva arasında diplomatik əməkdaşlıq güclənməkdədir. Xarici işlər naziri Sergey
Lavrovun Türkiyəyə səfər etməsi də bu yaxınlığın bariz nümunəsidir. Düşünmürəm ki, Ərdoğanın
bəyanatı təsadüfidir. Türkiyə bundan sonra da Suriyada terrorçulara qarşı mübarizə aparacaq”.

İsmayıl