Ərdoğanın təhdidində başqa nüanslar var

Belə olarsa, Ankara qarşısında Rusiya və İranı görəcək
Türkiyə Əsəd rejimini devirmək üçün savaşa girməyəcək

"Suriyaya daxil olan Türkiyə ordusunun əsas məqsədi cəllad Əsəd rejiminin hakimiyyətinə son
qoymaqdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, Suriyada indiyə qədər
1 milyon insan qətlə yetirilib: "BMT hardadır, nə iş görür? Biz dözməyib Suriyaya Azad Suriya
ordusu ilə bərabər girmək məcburiyyətində qaldıq. Niyə daxil olduq? Bizim Suriyanın torpaqlarında
gözümüz yoxdur. Əsas məqsədimiz torpağın həqiqi sahiblərini öz torpaqlarına qaytarmaqdır. Yəni
orada ədalətin bərpası üçün varıq. Başqa bir niyyətimiz yoxdur”. Məlumat üçün deyək ki, Türkiyə
Suriyadakı əməliyyatlara qoşularkən əsas məqsədinin İŞİD-lə mübarizə olduğunu elan etmişdi. Bu
baxımdan Ərdoğanın sonuncu açıqlaması bir sıra analitiklər tərəfindən birmənalı qarşılanmayıb.
Onlar Türkiyə prezidentinin sözlərini hədəflərin dəyişməsi kimi izah ediblər. Amma bunun əksini
düşünənlər də az deyil. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, hədəflərin qəflətən dəyişməsi dövlət başçısı adına müsbət məqam deyil. Çünki bu, artıq qeyri-stabil bir siyasətin yürüdülməsindən xəbər verir: "Türkiyə Suriyada "Fərat qalxanı” əməliyyatlarına başlayarkən əsas hədəfin ölkənin təhlükəsizliyi olduğunu demişdi. Amma indiki açıqlama bu hədəfə uyğun gəlmədi. Ona görə də çoxları hesab edir ki, Ankaranın ümumi hədəfləri dəyişib. Lakin mən belə düşünmürəm. Suriya-Türkiyə sərhəddində, 5 min kvadrat kilometr ərazidə təhlükəsizlik bölgəsi yaradılması və qaçqınların həmin əraziyə köçürülməsi nəzərdə tutulur. Ancaq hələlik bu, reallaşmayıb. Eyni zamanda strateji şəhər sayılan Əl-Bab tamamilə Azad Suriya Ordusunun əlinə keçməyib. Belə bir şəraitdə Türkiyə hədəflərindən vaz keçə bilməz”. Ekspertin sözlərinə görə,Ərdoğanın açıqlamasında başqa nüanslar var: "Əsəd rejimi PKK-nın Suriya qolu olan PYD terrorçuları ilə sövdələşmə aparır. Hətta deyilənə görə, İŞİD-çilər də həmin sövdələşmədə yer alırlar. Belə çıxır ki, Əsəd hökuməti ölkənin ərazilərini Azad Suriya Ordusuna deyil, terrorçu qruplaşmalara verməyi daha üstün tutur. Fikrimcə, Ərdoğanın sözləri Əsəd rejimini devirməkdən daha çox təhdid və xəbərdarlıq mahiyyəti daşıyır. Ərdoğan barmaq silkələməklə Əsədə "özünü yığışdır” mesajı verir. Türkiyə rəhbəri çox yaxşı bilir ki, Əsəd rejimini devirmək üçün açıq savaşa girməlidir. Bu isə qardaş ölkə üçün ciddi fəsadlara səbəb ola bilər. Türkiyə savaşa girərsə, qarşısında Rusiyanı, İranı görəcək. Məncə, Türkiyə Yaxın Şərq bataqlığına girmək həvəsində deyil”.

İsmayıl