Erməni nazir atəşkəsin qorunmasını dəfələrlə dilə gətirdi

Əslində Brüssel görüşünün əsas mahiyyəti bu idi



Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurum sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Münaqişənin həlli ilə bağlı aparılan müzakirələrdən sonra tərəflərin birgə bəyanatı yayılıb.

Bəyanatda bildirilib ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Vurğulanıb ki, tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Həmçinin, həmsədrlər cəbhədə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb və tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər. Lakin hər zaman olduğu kimi politoloqlar xarici işlər nazirlərinin budəfəki görüşünü də əhəmiyyətsiz sayıblar. Analitiklərin fikrincə, görüşü təşkil etməyin məqsədi münaqişənin həllini sürətləndirmək yox, cəbhədəki gərginliyi azaltmaqdır.

Siyasi ekspert Məhəmməd Əsədullazadə "Şərq”ə deyib ki, Ermənistan rəhbərliyi atəşkəsin qorunmasında maraqlıdır və onların danışıqlarda iştirakı bu məqsədə xidmət edir: 

"Nikol Paşinyanın danışıqlar üçün irəli sürdüyü şərtlər masada olan həll formullarına zərbə vururdu. Erməni tərəfi Azərbaycanın müəyyən təzyiqlərindən yayınmaq və daxildəki uğursuzluğun qarşısını almaq üçün heç bir şərt irəli sürmədən Brüsseldə danışıqlara qatıldı. Əslində erməni hakmiyyətinin bir istəyi var: - Atəşkəs maksimum qorunsun! Ermənistan xarici işlər naziri Mnatsakanyan atəşkəsin qorunmasını dəfələrlə dilə gətirib. Brüssel görüşündə də bunun üzərində dayanıb. Çünki Azərbaycanın təzyiqləri ermənilərin itkilərini artırır və bu da Paşinyana daxili siyasətdə zərbə vurur. Ermənistan rəhbərliyi növbədənkənar parlament seçkilərinə qədər atəşkəsin qorunmasında maraqlı olacaq. Bundan əlavə, Paşinyan hakimiyyəti Moskvadan kənar danışıqların aparılmasını istəyir. Danışıqlar Moskvanın iradəsi ilə həyata keçərsə, İrəvan Moskvadan qurtula bilməyəcək. Fikrimcə, növbəti aylarda biz İrəvan-Moskva siyasi qarşıdurmasının şahidi olacağıq”. Ekspertin sözlərinə görə, Azərbaycan Moskva ilə bu istiqamətdə təmasları artırmalı, İrəvana hərbi təzyiqlər fonunda Kremlin mümkün neytrallığına nail olmalıdır: "Hazırkı proses Ermənistan üçün faydalıdır. İşğalçı ölkə təmas xəttində müdafiəni gücləndirməklə yanaşı, video-müşahidə sistemləri də qurur. Bu, o deməkdir ki, rəsmi İrəvan kompromisə hazırlaşmır və danışıqları formal davam etdirir. Yəni nazirlərin Brüssel görüşü ilkin tanışlıq və mövqelərin öyrənilməsi kimi xarakterizə olunmamalıdır. Bu, aparılan danışıqların davamı kimi qəbul edilməlidir.

Politoloq Tofiq Abbasov da söyləyib ki, Ermənistanın hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşü təsnifat xarakteri daşıyır və prezidentlərin görüşünə hazırlıq mərhələsidir: 

"İlkin görüşlər zamanı nazirlər prezidentlərin təması üçün gündəlik hazırlayırlar və buraya təsbit olunmuş məqamlarla bağlı konkret yanaşmaların xülasəsini daxil edirlər. Ona görə də ilk görüşlə bağlı gözləntilər yox idi. XİN rəhbərlərinin görüşü həmçinin Brüsseldə keçirilən sammitin kölgəsində qaldı. Düzdür, Dağlıq Qarabağ probleminin müxtəlif formatlarda müzakirəsi nəzərdə tutulurdu. Ancaq nazirlərin görüşündən hansısa ortaq fikrə gəlinməsini gözləmək əsassızdır. Ermənistan sülh prosesinə hazır deyil. Düşmən həll prosesini uzatmaqla Azərbaycan tərəfini usandırmaq, vəziyyətdən çıxmaq istəyir. Ancaq Azərbaycan mövqeyindən dönən deyil”.

İsmayıl