Erməni separatçılarının özbaşınalığı davam edir

Onlarda belə bir əminlik yaranıb ki, Dağlıq Qarabağdakı status-kvo olduğu kimi saxlanılacaq və heç kim erməniləri bu ərazilərdən çıxartmayacaq
Düşmən indi də Kəlbəcərdə SES inşa etdirir

Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında infrastruktur layihələri gerçəkləşdirməkdə davam edir. Növbəti layihə Kəlbəcərin İstisu qəsəbəsində gerçəkləşdirilib. Daha çox mineral suları ilə məşhur olan qəsəbədə ermənilər "Cermacur-1” su elektrik stansiyasının tikintisini həyata keçirirlər.

Yüksək dağlıq şəraitdə yerləşən stansiya 12,6 MVt elektrik enerjisi istehsal edəcək. Ermənistan KİV-nin Kəlbəcər rayonunda Tərtər çayı üzərində SES tikintisi ilə bağlı reportaj da verib. Qarabağ separatçıları gələcəkdə Laçının Hoçaz çayı üzərində də kiçik su elektrik stansiyası inşa etməyi planlaşdırırlar. Ermənilərin bu özbaşınalığı fonunda Azərbaycanın atmalı olduğu addıma gəldikdə isə 

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Elman Məmmədovun sözlərinə görə, Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər separatçıların bu cür özbaşınalığının qarşısını almaq mümkün olmayacaq: 

"Azərbaycan öz ərazilərinə nəzarəti bərpa etməlidir. Bunun ikinci və ya üçüncü bir cavabı yoxdur. 25 ildən artıqdır ki, həmin ərazilər ermənilərin işğalı altındadır. Təbii ki, ermənilər orada su elektrik stansiyası da tikəcək, digər infrastruktur layihələri də həyata keçirəcəklər. Hətta ağıllarına gələn ən axmaq addımları da atacaqlar. Təhlükəsizliklərinin zəmanətini isə beynəlxalq qurumlardan, ATƏT-in Minsk Qrupu həmsədrlərindən alıblar. Onlarda belə bir əminlik yaranıb ki, Dağlıq Qarabağdakı status-kvo olduğu kimi saxlanılacaq və heç kim erməniləri bu ərazilərdən çıxartmayacaq. Onlar da himayədarlarına arxayın olub, bizim torpaqlarımızdan öz dədə malları kimi faydalanıb, yeraltı-yerüstü sərvətlərimizi, tarixi abidələrimizi dağıdıb-talayırlar. Odur ki, Minsk Qrupu həmsədrləri baş verənlərin hansı nəticələrə gətiriləcəyindən xəbərdar edilməlidirlər. Azərbaycan öz mövqeyini bəlli etməlidir ki, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmənin qarşısı alınmazsa, bu müharibəyə səbəb olacaq. Ermənilərə havadarlıq edən beynəlxalq təşkilatlar bilməldiir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının taleyi ilə bağlı son sözü Azərbaycan əsgəri deyəcək”.

Sözügedən Komitənin digər üzvü, millət vəkili Zahid Oruc isə deyib ki, ermənilər Dağlıq Qarabağda məskunlaşdırma siyasətini gerçəkləşdirəndən sonra ətraf rayonlarla bağlı da eyni addımları atırlar: 

"Düzdür, əvvəllər də Kəlbəcərdə, Zəngilanda, Qubadlıda azsaylı əhali qrupları yaşayırdı, ancaq artıq bu işlər dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu məqsədlə də biri-birinin ardınca Azərbaycanın informasiya məkanına həmin ərazilərlə bağlı məlumatlar daxil olur. Bununla da həyata keçirdikləri layihələrlə bizim cəmiyyətdə bir qədər silkələnmə yaratmaq, bizi təxribata çəkmək istəyirlər. Yəni ermənilər Azərbaycan ərazilərində əbədiyyən məskunlaşdıqlarını göstərən faktlarla bizi mənən əzməyə cəhd edirlər. Düzdür, biz bu kimi faktlarla bağlı beynəlxalq təşkilatlara müraciət edə, dəvət aldığımız beynəlxalq tədbirlərdə bu kimi məsələləri qaldıra, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələyə diqqətini cəlb edə bilərik, ancaq bunlar sadəcə təsir yoludur. 

Ancaq bilirik ki, nə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjel Kasprşik, nə də Minsk Qrupu həmsədrləri bizim əvəzimizdən gedib, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tikdikləri zavodları, SES-ləri və digər infrastruktur layihələrini dağıdacaq. Biz öz işimizi özümüz görməliyik. Ancaq onu da deyim ki, ermənilərin əhali resursları və məlum proqramları imkan vermir ki, dünyanın diqqətini Kəlbəcərə, Zəngilana cəlb eləsinlər. Kimdir ora gələn!? Niyə də gəlsinlər ki!? Kəlbəcəri abadlaşdırmaq, oranı hər hansı ölkənin maraqlarına cavab verəcək bir yaşayış məkanı halına çevirmək üçün minimum 70-80 min insan yaşamalı, orada sənaye sahələri yaradılmalı, əhalinin məşğulluğu üçün müvafiq addımlar atılmalıdır. Bu mənim yox, dünyadakı real hesablama sisteminin tələbidir. İndiki halda isə ermənilər müharibənin aralıq mərhələsində işğal etdikləri torpaqların bütün sərvətlərini sümürməyə çalışırlar”.

Şəymən