"Ermənilərin uydurmaları ifşa olunmaqdadır" - Deputat





"Sovet dövründə Azərbaycan tarixi məsələlərdə tamamilə təcrid olunmuş vəziyyətdə idi. 70 il ərzində Azərbaycanda qondarma erməni "soyqırımı” ilə bağlı heç kim danışa, yaza bilmirdi. Çünki imperiya başımızın üstünü kəsmişdi”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, o dövrlərdə Türkiyə də proseslərə biganə yanaşırdı, qondarma erməni "soyqırımı” məsələsində çox da dərinə getmirdi:

"Ancaq son dönəmlərdə, xüsusən də ermənilərin artan canfəşanlığı sayəsində Türkiyə hökuməti bütün tarixçiləri və alimləri bu işə cəlb etdi. Azərbaycan rəhbərliyi də məsələyə böyük dəstək nümayiş etdirdi. Alimlərimiz bu istiqamətdə çoxsaylı tədqiqatlar apardılar və dünyaya yaydılar. Aparılan iş öz nəticəsini verməkdə, həqiqəti bilənlərin sayları artmaqdadır. Bununla da ermənilərin uydurmaları, saxta iddialarla ortaya atdıqları yalanları ifşa olunmaqdadır. Tarixdən bir balaca məlumatı olan və beynəlxalq hüquqa hörmət edən istənilən şəxs ermənilərə Kaliforniyanın qubernatoru kimi cavab verəcək. Hətta biraz da sərt münasibət göstərirlər. Deyirlər ki, "qələti siz özünüz etmisini, indi də başqasının üzərinə atırsınız”.

Deputat bəyan edib ki, getdikcə ermənilərin iç üzü açılmaqda, reallıqlar meydana çıxmaqdadır:

"Hamıya məlum olur ki, əslində soyqırım törədən ermənilərin özüdür. Xocalı soyqırımı buna misaldır. Düşmənin ifşa olunmasında Azərbaycan dövlət başçısının, Heydər Əliyev Fondunun rəhbərliyinin əvəzolunmaz xidmətləri var. Zamanla bu iş daha geniş vüsət alacaq”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun bu ştatın Dövlət Məclisinin "AB 1597” qanun layihəsinə veto qoyub. Sözügedən sənəddə guya 1915-ci ildə türklər tərəfindən Osmanlı imperiyasının ermənilərə qarşı "soyqırımı” törədilməsi haqqında ittihamlar və iddialarla razılaşmadığına görə, Kaliforniya hökumətinin Türkiyə əleyhinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulurdu. Ancaq Amerika rəhbərliyinin rəsmi mövqeyinə görə, 1915-ci il hadisələri soyqırım hesab edilmir və müvafiq olaraq, ABŞ-ın bütün ştatları federal hökumətin siyasətinə uyğun olaraq bu xarici siyasət xəttinə əməl etməlidirlər.

İsmayıl