“Metsamor”un təmirə bağlanması təhlükəsizlik tədbirləri ilə bağlı deyil
Ermənistandakı "Metsamor” AES-in reaktoru təmirə bağlanacaq. AES-in baş direktoru Movses Vardanyanın sözlərinə görə, reaktor və 3 saylı turboaqreqat dayandırılacaq. Bu günə qədər AES-in bir neçə dəfə təmir olunmasına baxmayaraq, ortada heç bir nəticə yoxdur. Səbəb reaktorların köhnə avadanlıqlardan ibarət olmasıdır. Məsələ ilə bağlı Ermənistana dəfələrlə təzyiqlər, xəbərdarlıqlar edilsə də, mövcud təhlükə davam edir.
Maraqlıdır, növbəti təmirdən sonra hansı nəticələr əldə olunacaq? Əksər ekspertlərin fikrincə, AES-in təmirə bağlanmasına səbəb təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi yox, Ermənistanın gözdən pərdə "asması” deməkdir.
AES-in təmirindən sonra təhlükəli vəziyyətin aradan qalxacağına inanmadığını deyən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, reaktorların yenilənməsi, müasir avadanlıqlarla təmin olunması lazımdır. Əks halda təmirlərin edilməsi əsaslı nəticə verməyəcək:
"Metsamor” AES bir dəfə də təmirə bağlanmışdı. O zaman Rusiya təmirçiləri bu stansiyada səthi, profilaktik işlər aparıb, bəzi detalları, elektrik xətlərini dəyişdiriblər. Amma bütövlükdə "Metsamor” AES-də fəlakət mənbəyi orda qoyulmuş reaktorlardır. Həmin reaktorlar 1945-ci ilin modelləşdirilməsi əsasında yaradılıb. Yəni, reaktorların istehsalı 1945-ci ildən planlaşdırmaya daxil edilib, 1953-cü ildən isə istehsala verilib. AES-də istifadə edilən reaktorlar birinci nəsildir. Artıq 4 və 5-ci nəsil reaktorların istifadəyə verildiyi halda, 1-ci nəslin istifadəsi olduqca təhlükəlidir.
Bu kiçik təmirlər təhlükəni aradan qaldırmır. AES-in canını reaktorlar təşkil edir. Nüvə reaktorlar dəyişdirilmədən, tamamilə müasir model reaktorlarla əvəz edilmədən təhlükəsizliyi təmin etmək mümkün olmayacaq.
"Metsamor” AES yalnız Ermənistan üçün yox, yaxın bölgələr üçün də çox təhlükəlidir. Məsələn, AES Türkiyə sərhədinə 25 km, Azərbaycan sərhədinə isə 150 km məsafədə yerləşir. Əgər reaktorlardan biri partlasa və yaxud sıradan çıxarsa, nüvə sızması baş versə, küləyin tənzimlənməsindən asılı olaraq 150-200 km-ə qədər təhlükəli fəsadlar baş verə, xəstəliklər yayıla bilər. Bu nöqteyi-nəzərdən Gürcüstan, Azərbaycan, Türkiyə üçün təhlükəli bir distansiyadır. Profilaktik təmir yalnız ordakı sistemlərin yoxlanması, iş qabiliyyəti, bəzi köhnəlmiş avadanlıqların yenilənməsi, əlavə kompüter sisteminin yenilənməsi ilə müşayiət olunur. Amma işin canını reaktorların dəyişməsi təşkil edir. Müasir reaktorların əldə olunması üçün isə böyük maliyyə vəsaiti tələb olunur. Ermənistanın çoxlu maliyyə sərf edib müasir reaktorlar əldə edəcəyi hələ ki inanılmazdır”.
Yeganə Bayramova