"Ermənistan ordusunda əsgərlərin sabaha inamı yoxdur" - Düşmən ölkədə xaos





"Ermənistanda gənclər ordudan yayınırlar”.

Bunu "Sherg.az”a İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiya keçirməsindən danışarkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

Onun sözlərinə görə, erməni gənclər bilir ki, Dağlıq Qarabağ onların ərazisi deyil, niyə xidmət etsinlər:

"Bundan əlavə onlar bu gün başqa dövlətdə, kimlərinsə maraqlarının təmin edilməsi üçün ölmək istəmirlər.

Həmçinin düşmən ölkənin iqtisadi vəziyyəti günü-gündən ağırlaşır. SSRİ dağılan ərəfədə də öz sərhədlərini qorumaq iqtidarında olmayıb. İran, Türkiyə kimi dövlətlərlə sərhədlərini rus qoşunları vasitəsilə saxlayıblar. 

Amma iddialarına bax ki, özlərini bütün dünyaya yazıq, imkansız ölkə kimi təqdim edirlər. Heç bir xarici dövlət sual vermir ki, belə ağır vəziyyətdə olan Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edir?

Ermənistan keçmiş SSRİ-nin qüvvələrindən istifadə edib, belə vəziyyət yaradıb. Amma bəzi qara qüvvələr onlara kömək etməklə, erməniləri əldə saxlayıb, nəyəsə nail olmaq istəyirlər. Artıq bu qüvvələr də Ermənistana kömək etməkdən yorulublar.

Bütün bunlar erməni gənclərin nəzərindədir. Ona görə də, Ermənistan ordusunda əsgərlərin sabaha inamı yoxdur. Xidmət etmək istəmirlər, xidmət zamanı da haqsızlıqlarla üzləşirlər. Hərbidə həddən artıq konfliktlər var. Gənclər bu səbəblərdən hərbi xidmətdən imtina edirlər”.

Qeyd edək ki, İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan etirazçılar dərslərdə iştirak etməkdən imtina edirlər.

Hazırda tələbələr sözügedən ali təhsil ocağının bütün korpuslarından keçməklə yürüş edirlər. Aksiya artıq dörd gündür davam edir.

Aysel Aslan