"Ermənistan ordusundakı ağır vəziyyət onların həyatını puç edəcək"

Aydın Mirzəzadə: "Separatçı ölkə Azərbaycanla müharibə vəziyyətini saxlamaq üçün canlı qüvvə toplaya bilmir. Əhali azalır, gənclərin çoxu ölkədən qaçıb"




"Ermənistanda tələbələrin polislə toqquşması, hərbi xidmətdən möhlət hüququnun ləğvi erməni dövlətçiliyinin yeni böhranının əlamətidir”.

Bu sözləri "Sherg.az”a işğalçı ölkədə bir neçə gündür davam edən tələbə etirazlarının səbəblərini izah edərkən millət vəkili Aydın Mirzəzadə söyləyib. 

Parlamentari qeyd edib ki, müstəqil erməni dövləti sivil düşüncə ilə qurulmadığına görə, böhran böhranın arxasınca gəlir:

"Qonşu dövlətlərlə münasibətlərin pisləşməsi, işğal etdikləri torpaqların probleminin Ermənistan üçün ağır fəsadlara çevrilməsi, iqtisadiyyatın zəifləməsi, əhalinin köçüb getməsi Ermənistan rəhbərliyinin avantürist siyasətinin nəticəsidir.

Bu gün separatçı ölkə Azərbaycanla müharibə vəziyyətini saxlamaq üçün canlı qüvvə toplaya bilmir. Əhali azalır, gənclərin çoxu ölkədən qaçıb, cəbhə xəttində posta əsgər qoymaq üçün Ermənistan sonuncu varianta əl atıb. Tələbələri hərbi xidmətə çağırır. Lakin tələbələr yaxşı bilirlər ki, cəbhə xəttindəki vəziyyətdə onların yaşamaq şansları çox azdır. 

İstənilən vaxt hərbi əməliyyatlar başlaya bilər, gənclər xidmətdə olduğu müddətdə təhsildən yayınır, müasir inkişafdan geri qalırlar. Orduda olan ağır vəziyyət onları alçaldacaq, həyatlarını puç edəcək. Ona görə də, tələbələr Sarkisyanın avantürist siyasətinin iştirakçısına və icraçısına çevrilmək istəmirlər.

Bu hadisələr bir daha göstərir ki, Ermənistanda çox ağır vəziyyət hökm sürür. İstənilən an bunların hamısı partlayaraq, xaos yarada bilər. Əslində düşmən ölkədə xaosun yaranmasının səbəbləri erməni millətçiliyinin ideoloqları, Sarkisyan kimi qatil siyasətçilər və xaricdə fəaliyyət göstərən erməni diaspor dairələridir”.

Qeyd edək ki, hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən erməni tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb. Belə ki, İrəvanda parlament binasına tərəfinə irəliləyən etirazçılar yolu bağlayıblar.

Aysel Aslan