Ermənistan rus silahlarını hərbi parada hazırlayır

“İndiki məqamda “İsgəndər-M” raket kompleksi ilə bağlı söhbətləri qulaqardına vurmaq bizim üçün heç də sərfəli sayıla bilməz”
Xəbər verdiyimiz kimi, ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqləri olub. Bu məşqlərdə Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən "İsgəndər-M” operativ-taktiki raketləri nümayiş etdirilib. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksinin keçdiyi görünüb.
Lakin Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib. Rusiyanın "Vedemosti” həftəliyi də Ermənistan Müdafiə Nazirliyindən şərh ala bilməyib. Rusiyanın silah ixracı ilə məşğul olan "Rosoboroneksport” dövlət korporasiyasının da telefonları cavab verməyib. Lakin korporasiyanın iki meneceri anonimlik şərti ilə təsdiq edib ki, Ermənistana bir diviziyon "İsgəndər-M” raket kompleksləri verilib. Mənbələr deyib ki, "Rosoboroneksport”un bu sövdələşməyə aidiyyatı yoxdur. Çünki raketlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində silah təchizatı razılaşması əsasında verilib. Bir divizyonda dörd "İsgəndər-M” raket kompleksi var. Hər kompleks iki raket daşıyır. Maraq doğuran məsələ isə odur ki, separatçı ölkə yerli mediada və sosial şəbəkələrdə Rusiyadan aldığı məlum raketlərlə bağlı məlumatlar yayaraq geniş təbliğatını aparıb. Sentyabrın 21-də keçiriləcək hərbi paradda nümayiş olunacaq bu raketlərin fotolarını paylaşıblar. Əlbəttə, separatçı ölkənin bu addımı Azərbaycan ictimaiyyətində də müzakirələrə səbəb olub. Bunun təxribat xarakterli kampaniya olduğunu söyləyən hərbi ekspertlər və siyasilərimizin fikrincə, separatçı ölkə Azərbaycana təzyiq göstərməyə çalışır.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli də "Şərq”ə açıqlamasında qeyd edib ki, Ermənistan bundan Azərbaycana qarşı sadəcə psixoloji təzyiq vasitəsi kimi istifadə edir. Ancaq separatçı ölkənin bu addımı əsasən daxili auditoriya üçün hesablanıb: "Artıq çoxdandır ki, Ermənistan iqtidarı ilə erməni xalqı arasında uçurum yaranıb və ciddi fikir ayrılığı ilə müşayiət olunan bu uçurum günbəgün böyüyür. O üzdən Sarkisyan iqtidarı hər vəchlə onu və komandasını məhvə aparan bu uçurumu aradan qaldırmağa çalışır. Ola bilsin, bu, nəzəri cəhətdən mümkündür, amma praktiki olaraq belə bir real təhlükəni leqallaşdırmaq elə də asan məsələ deyil. Ona görə ki, Ermənistan iqtidarının işğalçı siyasəti Azərbaycan dövlətinin daha əsaslı özüllər üzərində qurulan siyasi və hərbi təzyiqləri önündə uzun müddət tab gətirə bilməyəcək və əvvəl-axır fiaskoya uğrayacaq. Çünki heç bir hüquqi və siyasi bazaya malik deyil. Biz artıq bunun bir neçə ciddi nişanələrinin şahidi olmuşuq. Aprel döyüşləri ermənilərin uzun müddət bərkimiş və ictimai rəydə özünə mövqe seçmiş böyük yalanlarını ifşa etdi. O üzdən Ermənistan iqtidarı mümkün olan bütün vasitələrdən istifadə edərək xüsusilə daxili auditoriyada belə bir rəy formalaşdırmağa çalışır ki, guya, Qarabağ məsələsində təşəbbüs yenə də məhz onların öz əllərindədir. "İsgəndər-M” raket komplekslərinin Ermənistanda xüsusilə iqtidar mediası tərəfindən geniş şəkildə süni reklamı da məhz bu məqsədə xidmət edir. Bununla yanaşı, məlum "reklam çarxı”nda Azərbaycana yönəlik müəyyən mesajlar da özünə yer alıb. Yuxarıda biz onu ilk növbədə ölkəmizə qarşı psixoloji təzyiq kimi xarakterizə etdik”.
Müharibədə psixoloji təzyiq faktorlarının böyük önəm daşıdığını vurğulayan hərbi ekspert onu da diqqətə çatdırıb ki, vaxtilə işğalçı ölkə bu işin öhdəsindən böyük ustalıqla gəlib və beynəlxalq ictimaiyyətdə özünə qarşı müəyyən rəğbət yarada bilib: "Ancaq bu gün Azərbaycanın artan nüfuzu, yürütdüyü uğurlu dövlət siyasəti, həyata keçirdiyi möhtəşəm ordu quruculuğu işi təcavüzkarın daha çoxdan köhnəlmiş təbliğat və təxribat vasitələrini sıradan çıxarıb. Yəni artıq
Ermənistan iqtidarı bu cür kartlardan istifadə etməklə nə əvvəlki siyasi repertuarını, nə də hərbi "üstünlüyünü” nümayiş etdirə bilmir. Aprel döyüşləri zamanı ordumuz ermənilərin böyük ustalıqla uydurduqları "keçilməz Ohanyan” səddi mifini kibrit çöpü kimi sındırdı”.
Rusiyanın addımına gəlincə, İ.Rüstəmli qeyd edib ki, ilk baxışdan Moskva üçün silah satmaq sırf iqtisadi xarakter daşıyır: "Rusiya birmənalı şəkildə bəyan edib ki, mən silahlarımı satıram, kimin imkanı varsa, o da alır. Yəni mən istehsal etdiyim hərbi texnikanı, silah-sursatı ixracata yönəldirəm. Bu da, büdcəmə gəlir gətirir. Ancaq daha dərinə getsək, bu faktın arxasında çox ciddi məqamların dayandığını görərik. Vaxtilə şimal qonşumuzun təcavüzkar ölkəyə təmənnasız olaraq bir milyard dollardan artıq silah verdiyini hamımız yaxşı xatırlayırıq. Onu da nəzərə almaq lazımdır ki, bu hal bir neçə dəfə təkrar olunub. Ancaq Rusiya lideri Vladimir Putinin Ermənistanda və Rusiyada verdiyi bəyanatlardan guya belə çıxır ki, biz öz silahımızı kim ala bilirsə, ona da satırıq. O üzdən silah-sursat sövdələşmələrinin yalnız maliyyə məqsədi daşıdığını düşünmək sadəlövhlük olardı. Yəni bütün bunların arxasında həm də siyasi ambisiyalar dayanır. Ona görə də indiki məqamda "İsgəndər-M” raket kompleksi ilə bağlı söhbətləri qulaqardına vurmaq bizim üçün heç də sərfəli sayıla bilməz. Çünki Ermənistan iqtidarı itirilmiş mövqeyini bərpa etmək məqsədilə ən kiçik detallardan belə bəhrələnməyə çalışır. Ona ayağa qalxmağa imkan vermək olmaz”.
Ayyət Əhməd