“Ermənistan xalqının müqəddəratı üç institutun mövqeyindən asılıdır”





Ötən gün Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri - Şeyxülislam Allahşükür Paşazadə, ermənilərin katolikosu II Qaregin və Rusiyanın Patriarxı Kirill arasında görüş baş tutub. Patriarx Kirillin təşəbbüsü ilə təşkil edilən və sülhməramlı xarakter daşıyan görüşdə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə edilib.

Lakin dini səviyyəli görüşdə işğalçı erməni tərəfini təmsil edən II Qaregin ruhani xadim yox, təxribatçı siyasətçi kimi davranıb. Ermənistanın dini lideri sözlərinə Azərbaycanı haqsız ittiham edərək başlayıb: "Azərbaycan tərəfi silahlanmaya üstünlük verir. Biz bundan narahatıq. Həmçinin, rəsmi Bakı sülh danışıqlarından yayınır”. 

Qaregin Azərbaycan tərəfini atəşkəs rejimini tez-tez pozmaqda da suçlayıb. Ötən ilin aprel müharibəsini xatırladan erməni katolikos Azərbaycanın həmin vaxt genişmiqyaslı müharibə apardığını söyləyib. O, snayperlərin qoşunların təmas xəttindən çəkilməsinin zəruriliyini də diqqətə çatdırıb. Daha sonra mətbuata açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə erməni katolikosuna tutarlı cavab verdiyini bildirib: "Görüş zamanı aprel hadisələrini xatırlatdı.

 Mən də döyüşlərin Azərbaycan torpaqlarında getdiyini onun diqqətinə çatdırdım. İşğal altında, eləcə də indiki Ermənistan ərazisində və ətraf rayonlardakı torpaqlarda yerləşən dini abidələrimizin, məscidlərimizin pis vəziyyətdə olması barədə erməni tərəfinə etirazımı bildirdim. Dedim ki, bu məscidlərin çoxunda mən moizələr oxumuşam. Lakin indi həmin məscidlər yoxdur”. A.Paşazadə bildirib ki, Qareginin iddialarının hamısına cavab verildi: "Yaxşı oldu ki, birinci o çıxış etdi. Daha sonra mən onun bütün iddialarına tutarlı cavab verdim. Qareginə dedim ki, əgər biz gələcəkdə bir yerdə yaşayacağıqsa, birlikdə müəyyən işlər görməliyik, addımlar atmalıyıq. Əks halda, bu münaqişənin sonu heç də yaxşı olmayacaq”.

Qareginin həyasızlığı ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, Ermənistan xalqının müqəddəratı üç institutun mövqeyindən asılıdır. Burada söhbət hakimiyyətdən, kilsədən və erməni lobbisindən gedir. Bütün proseslərə həmin "üçbucağın” yanaşması ilə qiymət verilir:

"Əlbəttə, əsl dini təsisatlar siyasi proseslərdən uzaq olmalıdır. Lakin tarixdən bəllidir ki, Vatikan da, erməni kilsəsi daim siyasətlə iç-içə olublar. Ötən əsrin əvvəllərində Rusiya imperiyasının çarı II Nikolay erməni kilsəsinin və məktəblərin fəaliyyətinə qadağa qoydu. Çar bildirdi ki, kilsə və məktəb öz təyinatları üzrə fəaliyyət göstərmirlər. Bölgəyə silah-sursat gətirir, türklərə qarşı təcavüzlər törədir və siyasətə qoşulurlar. Bunun müqabilində erməni kilsəsinin himayə etdiyi terrorçular çarın bölgədəki nümayəndələrini öldürməyə başladılar. 

Nəticədə II Nikolay zəiflik nümayiş etdirdi və qadağanı ləğv etdi. Bu qərardan sonra erməni kilsəsinin azğınlığı daha da artdı. Biz həmin ənənəni müasir kilsənin fəaliyyətində görürük. II Qaregin öz statusuna uyğun olmayaraq, həyasızcasına hərəkət edir, ümumi vəziyyəti yumşaltmaq əvəzinə, onu daha da gərginləşdirir. 

Halbuki dini liderlər humanitar məsələlərin həllinə yönələrək əsirlərin, girovların, itkin düşənlərin taleyi ilə bağlı müzakirələr apara, ortaq məxrəcə gələ bilərlər. Elə dini təmsilçilərin bir araya gəlməsində məqsəd odur ki, siyasətdən kənar məqamlar üzərində fikir ortaqlığına nail olsunlar. Təəssüflər olsun ki, II Qaregin köhnə mahnılarla suyu bulandırmaq yolunu tutdu”.

İsmayıl